SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirildi

“Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirildi

Tarix:

17-12-2019, 14:27

/ 944 dəfə oxundu.
“Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq: nailiyyətlər və perspektivlər”  mövzusunda konfrans keçirildi

Uğurlu sosial siyasət sosial xidmətlərin əhatəliliyinin və ümumən cəmiyyətdə sosial məsələlərin həllində rolunun artırılmasını təmin edib. Bu sahədə qeyri-hökumət təşkilatları (QHT) ilə əməkdaşlıq ildən-ilə genişlənir, nazirliyin sosial sifarişi ilə icra edilən və həssas qrupları, habelə sağlamlıq imkanları məhdud uşaqları əhatə edən sosial xidmət layihələrinin sayı dəfələrlə artaraq 195-ə çatıb.
Bunu “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər. Tədbirin əvvəlində sosial xidmətlər sahəsində aparılan işlərə dair video təqdimat olub.
S.Babayev diqqətə çatdırıb ki, dövlət başçısının tapşırıqları əsasında son illərdə yeni istiqamətlər üzrə fəaliyyət göstərən bir sıra sosial xidmət müəssisələri, habelə Heydər Əliyev Fondunun sosial layihələrindən biri olaraq, dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi yaradılıb. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi (Qobustan rayonu) də yaxın vaxtlarda istifadəyə veriləcək. Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamı isə xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin dəfələrlə genişləndirilməsini təmin edib. Nazirliyin sosial sifarişləri əsasında uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb. Hazırda 200-ə yaxın mərkəz tərəfindən əsasən uşaqlardan ibarət şəxslərə reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.
Nazir bildirib ki, sosial xidmətlər çətin həyat şəraitinə məruz qalan şəxslərə və ya ailələrə təkbaşına bacara bilmədikləri çətinliklərin aradan qaldırılmasında dövlətin sosial dəstəyini göstərən tədbirlər sistemidir. Nazirlik tərəfindən və nazirliyin sifarişləri əsasında üç istiqamət - evlərində, sosial xidmət müəssisələrində və sosial sifarişlər üzrə layihələr çərçivəsində sosial xidmətlər xüsusi qayğıya ehtiyacı olan 20 mindən çox insanı əhatə edir. Onlardan 50 faizə və ya 10 minə yaxını məhz ixtisaslamış QHT-lər tərəfindən icra olunan layihələr çərçivəsində xidmətlərlə təmin olunur.
S.Babayev hazırda nazirliyin sosial sifarişləri və nazirlik tərəfindən müəyyən olunmuş prioritetlər əsasında 66 QHT, həmçinin bir sıra hüquqi şəxs tərəfindən sosial xidmət layihələrinin icra olunduğunu deyib. Qeyd edib ki, bu layihələr əsasən xüsusi qayğıya ehtiyacı olan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqları əhatə edir. Onları günərzi və ya icma əsaslı reabilitasiya xidmətləri ilə təmin edərək, həmin uşaqların dövlət uşaq müəssisələrinə düşmələrinin qarşısını alır. Eyni zamanda, əlilliyi olan şəxslər, insan alveri qurbanları, ahıllar, məişət zorakılığından zərər çəkmiş şəxslər və b. bu layihələr çərçivəsində ehtiyac duyqquları sosial dəstəklə təmin edilirlər.
S.Babayev QHT-lər tərəfindən icra olunan sosial xidmət layihələrinin icrası sahəsində əsas hədəfləri də diqqətə çatdırıb. Bu xidmətlərin keyfiyyətinin və xüsusi qayğıya ehtiyacı olan şəxslərin həyatında müsbət dönüşə nail olunması prinsipi baxımından rolunun artırılmasının, sosial xidmətlər sahəsində bilik və peşəkarlıq səviyyəsinin artırılmasının və s. əsas hədəflər sırasında olduğunu vurğulayıb.
Konfransda Azay Quliyev, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc çıxış ediblər. Onlar sosial xidmətlərin həssas qrupların həyatında önəmini və sosial xidmət layihələrinin genişlənməsinin əhəmiyyətini qeyd ediblər. Bu sahədə QHT-lərlə əməkdaşlıq məslələrinə dair fikirlərini bölüşüblər.
Qeyri-hökumət təşkilatlarının rəhbərləri sosial xidmət layihələrinə dair təqdimatlar ediblər. Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıqda əldə olunan nailiyyətlər və perspektivlərlə bağlı müzakirələr aparılıb.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
“Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq: nailiyyətlər və perspektivlər”  mövzusunda konfrans keçirildi


Şərhlər

XƏBƏR LENTİ