SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ramiz Mehdiyev innovativ şəraitlə tanış oldu

Ramiz Mehdiyev innovativ şəraitlə tanış oldu

Tarix:

30-11-2019, 00:17

/ 977 dəfə oxundu.
Ramiz Mehdiyev innovativ şəraitlə tanış oldu

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” V respublika konfransı çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunun maddi-texniki bazası və burada yaradılan innovativ şəraitlə yaxından tanış olub.

Akademiyadan bildirilib ki, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurum haqqında məlumat verib. O qeyd edib ki, institut elmi tədqiqatlar, tədris-innovasiya, e-kitabxana, multimedia, “AzScienceNet” elm kompüter şəbəkəsinin Data Mərkəzi, eləcə də internet xidmətləri mərkəzi, şəbəkə təhlükəsizliyi və “AzScienceCERT” kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarətdir.

Alim institutda Big Data analitika, kibertəhlükəsizlik, proqram mühəndisliyi, elektron elm, informasiya iqtisadiyyatı, sosial şəbəkələrin analizi və digər istiqamətlərdə elmi tədqiqatların innovativ tələblərə uyğun aparıldığını bildirib. Qeyd edib ki, institut müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak edir və elektron elmin formalaşdırılmasına mütəmadi olaraq dəstək göstərir.

“AzScienceNet” şəbəkəsinin fəaliyyəti haqqında məlumat verən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov şəbəkənin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyib. Bildirib ki, AMEA-nın elmi-tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun “AzScienceNet” şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanır.

İnstitutun tədris-innovasiya mərkəzi barədə məlumat verən mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova burada AMEA-nın magistrlərinə ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları və digər şəxslər üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların, o cümlədən distant kursların, seminar və konfransların təşkili işlərinin həyata keçirildiyini deyib. O, rəhbərlik etdiyi mərkəzin nəzdində fəaliyyət göstərən distant tədris mərkəzi və vikimərkəzin fəaliyyəti barədə də danışıb.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, həmçinin institutun ən müasir texnologiyalarla təchiz edilmiş multimedia mərkəzi və “İnternet kafe”nin fəaliyyəti ilə də tanış olub.

Şərhlər

XƏBƏR LENTİ