SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ticarət Mərkəzində maşınlara dəyən zərəri kim ödəməlidir?

Ticarət Mərkəzində maşınlara dəyən zərəri kim ödəməlidir?

Tarix:

28-11-2019, 12:20

/ 692 dəfə oxundu.
Ticarət Mərkəzində maşınlara dəyən zərəri kim ödəməlidir?

Bu günlərdə yağan aramsız yağışlar Sədərək Ticarət Mərkəzinin giriş hissəsində olan ərazini bərbad vəziyyətə salıb. Bir avtomobil suda batıb, bir neçəsinə isə ciddi zərər dəyib.

Həmin ərazinin bir hissəsi yağışlardan öncə kələ-kötür və bataqlıq olub. İsti havalarda yağış suları yığılmadığı üçün ərazinin real vəziyyəti o qədər də nəzərə çarpmayıb və bu günə qədər heç bir problem qeydə alınmayıb.

"Bura Sədərək ticarət mərkəzinin giriş hissəsidir. Yay aylarında ərazi quru olur. Sürücülər yolu aydın görə bilir. Kələ-kötür, çala-çuxur olan yollara girmirlər. Qışda ərazi bataqlığa çevrilir. Həm palçıq, həm su sürücüləri çaşdırır", - deyə hadisənin şahidləri bildirib.

Səlim Mahmudov adlı vətəndaş qeyd edib ki, batmış avtomobili çıxarmaq üçün evakuator çağırılıb. Avtomobilə böyük ziyan dəyib. Ərazidəki vəziyyətdən xəbərsiz olan xeyli sayda avtomobil sudan keçməyə cəhd edərkən, mühərrikləri sıradan çıxıb. Avtomobili sudan zərər görmüş sürücülərdən biri hətta taxta parçası ilə maşının suya düşmüş nömrəsini axtarmalı olub.

Ərazidə böyük bir gölməçə yaranıb və suyun çəkilməsi üçün xüsusi nasoslar qoyulub. Sədərək Ticarət Mərkəzinin əməkdaşları hazırda əraziyə nəzarət edirlər.

Bəs burada avtomobillərə dəymiş zərəri kim ödəyəcək?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əgər həmin avtomobillərin kasko sığortası varsa, dəymiş zərər kasko şirkəti tərəfindən ödənilir: "İcbari sığorta olan zaman heç bir vəsait ödənmir. Buna görə də vətəndaş avtomobilinə dəymiş zərərə görə, zərər dəymiş yer hansı quruma aiddirsə, məhkəməyə müraciət edərək, dəymiş zərəri tələb edə bilər".

Ekspert Elməddin Muradlı isə bildirib ki, "Yol hərəkəti haqqında" qanuna görə, yol təsərrüfatında olan qüsur səbəbindən sürücülərə hər hansı zərər dəyərsə, həmin şəxs məhkəməyə müraciət edib, dəymiş zərəri tələb edə bilər. "Sədərək Ticarət Mərkəzinin giriş hissəsindəki ərazidə yol təsərrüfatında olan qüsur səbəbindən avtomobillərə zərər dəyib. Odur ki, avtomobil sahibləri dövlət qurumlarlı qarşısında iddia qaldıra və ya məhkəməyə müraciət edə bilərlər. Həmin orqanlar vətəndaşlara dəymiş zərəri ödəməlidir".

Ekspert də qeyd edib ki, uzun illərdir Binə-Sədərək Ticarət Mərkəzləri yaxınlığındakı yol acınacaqlı vəziyyətdədir.

"Təəssüfləndirici haldır ki, Ticarət Mərkəzinin rəhbərliyi avtomobillərin girişi hesabına minlərlə manat pul qazanır. Sözgedən obyektə giriş 50 qəpikdir. Ayda 100 min manatlara yaxın pul əldə edilir. Amma Ticarət Mərkəzinin rəhbərliyi, yaxınlıqdakı yolların təmiri ilə bağlı heç bir təşəbbüs irəli sürmür. Müvafiq icra qurumları da məsələyə biganə yanaşır.", - deyə Muradlı əlavə edib.

Şərhlər

XƏBƏR LENTİ