SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Limitlərin tətbiqi, ümumiyyətlə Azərbaycan şəraitində anlaşılan deyil” - PROBLEM

"Limitlərin tətbiqi, ümumiyyətlə Azərbaycan şəraitində anlaşılan deyil” - PROBLEM

Tarix:

1-10-2019, 10:28

/ 785 dəfə oxundu.
"Limitlərin tətbiqi, ümumiyyətlə Azərbaycan şəraitində anlaşılan deyil” - PROBLEM

"Son dövrlərdə ölkənin elektroenergetika sahəsində çox böyük işlər görülür, investisiyalar yatırılır. Mövcud stansiyalar yenidən qurulur, yaxud yeniləri açılır. Prezident İlham Əliyev yaxınlarda Bakıda ”Şimal-2" Elektrik Stansiyasının istismara verilməsi ilə bağlı mərasimdə iştirak etdi. Hesab edirəm ki, əhalinin orta təbəqəsi üçün elektrik enerjisi sahəsində mövcud limitin müəyyən dərəcədə artırılmasına ehtiyac var".

Bu sözlərin müəllifi iqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, əgər limit artırılarsa, bu qərar ölkənin enerji balansı, istehlakı üçün ciddi fəsadlara, itkilərə səbəb ola bilməz. Qeyd edək ki, hazırda əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olanlar üçün 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Enerjidaşıyıcıları ilə bağlı limitin artırılması təcrübəsi bu il aprelin 30-da yaşandı. Tarif Şurasının 2019-cu il aprelin 30-dakı qərarı ilə əhali üçün təbii qazın güzəştli tariflə illik istehlak limiti 1 700 kubmetrdən 2 200 kubmetrədək artırılıb.

Bununla da bu il mayın 1-dən etibarən qüvvəyə minən qərara əsasən, ildə 2 200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kubmetrə görə 10 qəpikdən hesablanır. İstehlak olunan qazın 2 200 kubmetrdən çox olan hissəsi üçün isə hər kubmetrə görə 20 qəpik ödənilir.

Bəs görəsən, elektrik limiti də artırılacaqmı?

Milli Məclisin İqtisadi siyasət və sənaye komitəsinin üzvü Vahid Əhmədov da mətbuata açıqlamasında bildirib ki, bu məsələ mütəmadi müzakirə olunur: “Hələ qazın limitində müəyyən dəyişikliklər edəndə Dövlət Neft Şirkəti və ”Azərenerji" ASC-nin rəhbərləri ilə görüşmüşdüm. Onların bu məsələdə müəyyən arqumentləri olub. Nəhayət ki, qazın limitində müəyyən dəyişikliklər edə bildik. Ümumiyyətlə, təbii qaz və elektrik enerjisində limitin ləğv olunması hesablamalar tələb edir. Nə zaman ki, biz dövlət büdcəsini müzakirə edirik, bu məsələlər ortaya atılır. Dövlət büdcəsinin hazırlanmasında vaxtilə iştirak etmişəm və bilirəm ki, məsələlər necə müzakirə olunur. Bunlar hamısı dövlət büdcəsi ilə əlaqədardır. Qazın ixracı və istehsalı ilə əlaqədar əlavə dotasiya verir və limiti götürürüksə, burada problem yarana bilər. Bu yaxınlarda təbii qazla bağlı limitin bir hissəsini götürdük. Amma gələcəkdə də baxarıq. Elektrik enerjisində tətbiq olunan limitin götürülməsi ilə bağlı bir önəmli məqam var. Son vaxtlar elektrik enerjisinin istehsalında ciddi problem yoxdur. Dövlət başçısı tərəfindən aparılan islahatlar elə bir səviyyəyə çatıb ki, Azərbaycanda elektrik kifayət qədərdir. Hətta xaricə də ixrac edilir. Amma bura külli miqdarda vəsait qoyulur. Vəsait həm dövlət büdcəsi, həm də şirkətin əldə etdiyi gəlirlər hesabına yönəldilir. Bu məsələnin həlli gündəmdə yoxdur, amma gündəmdə ola bilər".

Mövzu ilə “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, Azərbaycanın indiki vəziyyəti nəinki elektrik limitinin artırılmasına imkan verir, hətta limitin olması ümumilikdə anlaşılan deyil: “Son 1 ili götürsək, həm elektrik enerjisinin istehsalında, həm də ixracında ciddi artım var. Elektrik enerjisinin ixracı ümumi ixracatın bir qolunu təşkil edir və son vaxtlar həcmi sürətlə artır. Deməli, ölkədə artıq elektrik enerjisi var. Həmin elektrik enerjisinin əhaliyə limitlə və hazırkı qiymətlə verilməsi anlaşılan deyil. Çünki biz hamımız Azərbaycan vətəndaşları, vergi ödəyicisi olaraq bu infrastrukturun yaradılmasında iştirak etmişik. Sadə dillə desək, bu yaradılan infrastrukturun pulunu biz vermişik”.

Ekspert hesab edir ki, əgər bu özəl şirkət olsaydı, dövlətlə özəl şirkət arasında, həmçinin şirkətlə vətəndaş arasında elektrik enerjisinin alınması ilə bağlı bir müqavilə olsaydı, o zaman bu durumu anlamaq olardı: “Ancaq indi hamısı dövlətin əlindədir. Həm istehsal, həm də elektrik enerjisinin paylanması dövlətin əlindədir və biz də vətəndaş olaraq öz payımızla bu infrastrukturun qurulmasında iştirak etmişik. Azərbaycan vətəndaşının haqqı var ki, infrastrukturunun qurulmasında iştirak etdiyi elektrik enerjisini və ya başqa kommunal xidmətləri daha ucuz, daha keyfiyyətli əldə etsin. Limitlərin tətbiqi, ümumiyyətlə, Azərbaycan şəraitində anlaşılan deyil. Əgər elektrik enerjisinin istehsalı ilə bağlı problem olsaydı, enerji istehsal edən müəssisələrin sayı az olsaydı, onu anlamaq olardı. İndi elektrik istehsalı ilə bağlı stansiyaların da sayı artıb, yeni modul tipli stansiyalar tikilib, elektrik enerjisinin xaricə ixracı da artıb. Xaricə ixrac da varsa, bu zaman Azərbaycan vətəndaşları da öz yaratdığı infrastrukturdan payını almalıdır”.

Şərhlər

XƏBƏR LENTİ