SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Binəqədidə müstəntiq ölüm faktını necə “yola verir?

Binəqədidə müstəntiq ölüm faktını necə “yola verir?

Tarix:

9-09-2019, 17:42

/ 1 266 dəfə oxundu.
Binəqədidə müstəntiq ölüm faktını necə “yola verir?

Son illər hüquq-mühafizə orqanları sahəsində çalışan bəzi vəzifə sahiblərinin atdıqları addımlarla bağlı ictimai fikirdə çoxsaylı şübhələr, müəyyən söz-söhbətlər baş qaldırmaqdadır.

Sözsüz ki, buna müxtəlif amillərin varlığı səbəb olur ki, həmin amillər içərisində ən əsası, qanunun keşiyində duran hüquq-mühafizə orqanı əməkdaşlarından bəzilərinin, məhz qanunun tələblərini tapdaqlar altına atmaları olur. Məsələn, bugünlərdə Gundemxeber.Az saytının redaksiyasına ərizə ilə müraciət edən və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən-3, korpus-108, ev-50 ünvanda yaşayan Həsənov Vasif Vaqif oğlu yazır ki, “Bu ilin iyun ayında, saat təqribən 18:00 radələrində atam Həsənov Vaqif İsgəndər oğlu Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində piyadalar üçün nəzərdə tutulan piyada zolağını keçərkən, onu “SOCAR”ın əməkdaşı, 1985-ci il təvəllüdlü Kazımov Rüfət Urfan oğlu idarə etdiyi “Nissan” markalı, “Teana” modelli, 90-SF-717 dövlət qeydiyyat nişanlı avtomobili ilə vurur. Həmin an atam aldığı xəsarətlərdən pis vəziyyətə düşür və o, təcili tibbi yardımla xəstaxanaya aparılarkən yolda dünyasını dəyişir.

Düzdür, həmin anlarda hadisəni törədən Rüfət Kazımov polis əməkdaşları tərəfindən saxlanılır və onun idarə etdiyi avtomobil isə cərimə meydançasına aparılır. Çox keçmir ki, baş verən ölüm faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 190040369 nömrəli cinayət işi başlanır və toplanmış iş materialları Binəqədi RPİ-i, İŞ-nin müstəntiqi, polis kapitanı Aslanov Tural Akif oğlunun icraatına verilir. Məsələnin düşündürücü tərəfi o oldu ki, müstəntiq istintaq araşdırmalarını apararkən, guya ki, atam qəflətən Binəqədi rayonunun Azadlıq prospektində nəqliyyat vasitələrinin hərəkətdə olduğu yola çıxır və Rüfət Kazımov adlı şəxs də onu vurur. Düzdür, ilk əvvəllər mən müstəntiq Tural Aslanova çox inanırdım və hesab edirdim ki, o, hadisənin baş vermə səbəblərini düzgün sənədləşdirir.

Onu da qeyd edim ki, həmin vaxtlarda müstəntiq Tural Aslanova hadisənin baş verdiyi görüntüləri özündə əks etdirən kamera çəkilişlərinə baxmaq istədiyimi bildirdikdə o, “Sən heç də darıxma, biz kamera çəkilişlərinin əldə olunması ilə bağlı DİN-ə müraciət etmişik. İnşallah cavab veriləcək, o halda hadisənin necə baş verdiyini özündə əks etdirən kamera çəkilişini sənə də göstərə biləcəyik” dedikdə, mən ona həddən-ziyadə inandım. Elə ki, hadisənin baş verdiyi gündən bir aya yaxın vaxt keçdi və ölüm faktı ilə bağlı çəkilişə “AFTOSFER.az” saytına yerləşdirilmiş çəkilişə baxdım, o halda dəhşətə gəldim. Yəni, həmin çəkilişə baxdıqda o da bəlli oldu ki, atam Həsənov Vaqif İsgəndər oğlu müstəntiq Tural Aslanovun bildirdiyi kimi, heç də nəqliyyat vasitələrinin hərəkət etdiyi yola çıxmayıb. Atam Azadlıq prospektində piyadalar üçün nəzərdə tutulan piyada zolağını keçərkən, onu Kazımov Rüfət Urfan oğlu idarə etdiyi avtomobili ilə vurur. Yəni, yaxınlıqda olan TŞ80009 və TŞ8-009 nömrəli kameralardan əldə olunan çəkilişlər, məhz əsl həqiqəti ortaya çıxarmağa imkan verib. Müstəntiq Tural Aslanovun baş verən ölüm faktına öz prizmasından yanaşması isə, bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. O halda sual oluna bilər ki, müstəntiqin belə bir addımlar atmasına, yəni baş verən ölüm faktını olduğu kimi deyil, öz marağı çərçivəsində sənədləşdirməsinə səbəb nədir? Düşünürəm ki, belə bir əməl və düşüncə sahibi olan müstəntiq Tural Aslanovun bu yöndə atdığı addımları, Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Vilayət Eyvazov da diqqətdə saxlayacaq. Yəqin ki, o halda adı çəkilən vəzifə sahibinə çoxsaylı suallar ünvanlanacaq və atdığı addımların mahiyyəti ondan hüquqi qaydada soruşulacaq”.

P.S. Hörmətli oxucular! Biz hadisənin başvermə səbəbləri haqda müəyyən məlumatları əldə etdikdən sonra, yaşanan olayın ictimailəşdirilməsinə qərar verdik. Odur ki, mövzunu bundan sonra da diqqətdə saxlayacağıq. Məqalədə adı çəkilən şəxslərin də, yaşanan olayla bağlı münasibətlərini dinləyə bilərik.

Gundemxeber.Az

Şərhlər

XƏBƏR LENTİ