SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kiminə para, kiminə bəla gətirən küçə ticarəti - SOS

Kiminə para, kiminə bəla gətirən küçə ticarəti - SOS

Tarix:

24-08-2019, 10:05

/ 885 dəfə oxundu.
Kiminə para, kiminə bəla gətirən küçə ticarəti - SOS

Antisanitar şəraitdə satılan və mənşəyi bilinməyən qida məhsulları ən çox uşaqlara təhlükə vəd edir...
Yəqin ki, hər birimiz paytaxtın daha çox orta gəlirli və aztəminatlı əhalisinin yaşadığı bölgələrində küçə ticarətinin şahidi olmuşuq. İstər avtobus dayanacaqlarında, istər metro çıxışlarından, insanların ən çox üz tutduğu bazarların giriş və çıxışlarında, gediş-gəlişin çox olduğu yolların üzərində fast-food qidalardan, un məmulatları və şirniyyatlardan tutmuş ət-balıq satışına qədər rast gələ bilərik.

Əksəriyyəti isə piştaxtalarda deyil, üst-üstə qoyulmuş yeşiklərin üzərinə düzülür, uşaq kolyaskalarında gəzdirilərək satılır və ya köhnə arabaların üstündə düzülür. Təəccüblüsü odur ki, bu məhsullara tələbat da var.

“Yeni Müsavat”ın müxbiri bu durumu müşahidə etmək üçün, 8-ci kilometr bazarı ətrafındakı küçələrə baş çəkib və dəhşətli mənzərənin şahidi olub. İlk növbədə yay fəsli olduğundan tələbatın artdığı açıq şəkildə satılan rəngli sular diqqətimizi çəkdi. Suların necə, hansı maddələrlə hazırlandığı, Günəşin altında saatlarla saxlanması bir yana, eyni şüşə stəkanlara süzülərək alıcılara təqdim edilməsi, daha sonra normal qaydada yuyulmadan başqa bir müştəriyə verilməsi xəstəkliklərin yayılması üçün nə qədər münbit zəmin yarandığını ortaya qoyur.

Əksər rəngli su satıcıları 3-4 stəkandan istifadə edir. Həmin stəkanlar məlum qurğunun üzərindəki fəvvarə tipli kiçik kranda yuyulur. Stəkan ağzı üstə həmin kranın üstünə qoyulur və aşağıdan təzyiqlə vuran su həm stəkanın içini həm də ağzını yumalıdır. Lakin müşahidələrimiz onu göstərdi ki, satıcılar suya qənaət etmək üçün suyu təzyiqlə deyil, nazik sızıntı şəklində vururlar. Stəkanların şəffaf rənginin bozarması da nə qədər çirkli olduğunu göstərir. Bir nəfərin ağzından keçən mikrob və bakteriyanı sızıntı şəklində gələn sərin su təmizləyə bilməz və bunu uşaqlı analar belə diqqətə almırlar. Həmin su piştaxtalarının üzərinə sellofana yığılıb satış üçün qoyulmuş “peraşki”lər də diqqətimizi çəkdi. Qızmar Günəşin altında sellofanın bütün zəhərli maddələrini canına çəkən bu un məmulatını da ən çox bazarın işçiləri və analar alır və uşaqlarına yedirirdi.

Digər bir dəhşətli mənzərə isə uşaq arabasından düzəldilən “yeriyən qutu” idi ki, içinə qoğal, “xaçapuri” və sair düzülmüşdü. Açıq havada satılan məhsullara yolun toz-torpağı da qonurdu. Paltar satılan piştaxtanın yanında açıq şəkildə heç bir örtüyü olmadan düzülən çörəklər də bu ürək bulandıran mənzərənin bir parçası idi.

Bazarın içinə doğru uzanan yol boyu gördüklərimiz bizi təəccübləndirsə də, ən dəhşətli mənzərə alçaq piştaxtanın üzərinə düzülən hisə verilmiş balıqlar və ətrafında dövrə vuran pişiklər oldu. Zir-zibil dolu, üfunət iyi verən, asfalta yaxın qoyulmuş taxtaların üzərində 100-dən çox hisə verilmiş balıq var idi. Açıq havada satılan balıqlar saatlarla günün altında qaldığından onu yeyənin qida zəhərlənməsi keçirməməsi bir möcüzə olar deyə düşündük.

İnsanların öz sağlamlığına biganəliyi isə məhz buradan görünür, problemin digər tərəfi odur ki, həmin məhsullara tələbat var. Bazarda 3 tərəfi bağlı, lakin gönü açıq olan ət satışı məntəqələri də var. Ətlər açıq havada düzülüb, yolun toz-torpağı, günəşin şüaları ilə birgə, havada uçuşan milçəklərdən də nəsibini alan bu ətlər bəh-bəhlə insanlara satılır. Saatlarla açıq havada qalan ət parçalarının üzəri də qaxaca dönüb. Yaxınlıqdakı zibilxanadan gələn milçəklər isə hər cür zərərli mikrob və bakteriyaları ətə yoluxdurur. Standartlara uyğun şəkildə qablaşdırılmayan və norma şəraitdə saxlanılmayan ət məhsulları, hava temperaturunun da təsiri ilə nəinki qida dəyərini itirir , hətta istifadəyə yararsız zərərli məhsula çevrilir.

Ət məhsulları ilə bağlı başqa bir mənzərə isə bazarın içində idi. Toyuq və malın iç orqanlarından kabab çəkilən kiçik piştaxta natəmiz vəziyyətdə idi. Üstəlik, şişə düzülməmiş bir ləyən ət isə piştaxtanın altında asfaltın üzərinə qoyulmuşdu. İsti havada soyuducusu olmayan bu obyektdə saxlanılan və bişirilərək bazarın işçilərinə, alıcılara satılan ətlər onu yeyən insana faydadan çox zərər gətirəcəyi şübhə doğurmurdu.

Qeyd edək ki, bu sahəyə AQTA nəzarət edir. Agentliyin vəzifəsi ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları risk əsaslı ekspertizalara cəlb olunnasıdır. Məhsullardan götürülmüş nümunələr laboratoriyada təhlükəsizlik göstəricilərinə görə müayinə olunmalı, həmçinin bazarlarda satışa çıxan heyvan mənşəli məhsullar bazar ərazisində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyası tərəfindən müayinə olunduqdan sonra satışına icazə verilməli idi. Lakin gördüyümüz mənzərə onu deməyə əsas verir ki, hələlik agentlik bu ərazidəki vəziyyətdən xəbərsizdir.

AQTA-dan dəfələrlə bu barədə bəyanat verilib ki, ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışı qanunvericiliyə əsasən yolverilməzdir. İstehlakçılar məhsul alarkən saxlanma şəraitinə diqqət etməli və etiket məlumatları ilə tanış olmalıdırlar. Qurumdan o da bildirib ki, ticarət obyektlərinin sahibləri baytarlıq-sanitariya ekspertizasından keçməyən məhsulların satışına görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət daşıyırlar.

Şərhlər

XƏBƏR LENTİ