SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Cavabdeh qismində göstərilən Novruzov heç Pirallahı rayonunda qeydiyyatda deyilmiş..." - Konstitusiya Məhkəməsinin sədrinə MÜRACİƏT

"Cavabdeh qismində göstərilən Novruzov heç Pirallahı rayonunda qeydiyyatda deyilmiş..." - Konstitusiya Məhkəməsinin sədrinə MÜRACİƏT

Tarix:

29-07-2019, 16:03

/ 928 dəfə oxundu.
"Cavabdeh qismində göstərilən Novruzov heç Pirallahı rayonunda qeydiyyatda deyilmiş..." - Konstitusiya Məhkəməsinin sədrinə MÜRACİƏT

Bir müddət əvvəl Azərbaycanın 35 tanınmış ziyalısı adından ölkə rəhbərliyinə müraciət ünvanlanmışdı.

Həmin müraciətdə ziyalılar məhkəmədə haqsızlıq olduğunu bildirib, bu haqsızlıqla üzləşən Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdilər.

Ziyalıların müdafiə etdiyi Ağayev Sakin Abdulhüseyin oğlu bu dəfə özü Prezident İlham Əliyevə saytımız vasitəsilə müraciət etmişdi.

Ona qarşı haqsızlıq olduğunu iddia edən vətəndaş daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə açıq məktub ünvanlamışdı.

Ağayev Sakin Abdulhüseyin oğlu bu dəfə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə müraciət edib.

Modern.az həmin məktubu olduğu kimi təqdim edir.

Hörmətli Fərhad müəllim,

Bundan əvvəlki müraciətlərimizə əlavə olaraq bir də nəzərinizə çatdırmaq istəyirik ki, mənim və ailə üzvlərimin başına gətirilən zülmlər hələ də davam edir və bizim konstitusiya haqlarımız kobudcasına tapdalanır.

Mənim və həyat yoldaşım tərəfindən Sizə bundan qabaq ünvanladığımız müraciətlərdən bizim ailənin başına gətirilən müsibətlərdən və haqsızlıqlardan xəbəriniz olduğunu bilsəm də hər ehtimala qarşı bu işə dair bəzi məqamları bir də, qısa da olsa xatırlatdıqdan sonra əsas mətləbə keçmək istəyirəm.

Fikrət İbrahimov adlı biri etibarımızdan sui-istifadə edərək bizi aldatmaqla həyat yoldaşım Rəhimli Vüsalə Mahmud qızının hal-hazırda yaşadığı Qazaxıstan Respublikasındakı əmlakını mənimsəyərək qaçıb Azərbaycanda gizləndiyinə görə həyat yoldaşım ona dəymiş ziyanın ödənilməsi üçün qanunauyğun şəkildə məhkəməyə müraciət etmişdir.

Qazaxıstan Respublikasındakı məhkəmə çəkişməsində F.İbrahimov hər bir yolla, yəni yalan ifadələr verərərək məhkəməni aldatmaqla, məhkəmə hakimlərini ələ almaqla və öz ləyaqətinə uyğun digər çirkin yollarla cavabdehlikdən qaçmağa çalışsa da, buna nail ola bilməmişdir. Qazaxıstan Respublikasında açıq məhkəmə çəkişməsində Fikrət Vəli oğlu İbrahimovun fırıldaqçılığı sübuta yetirilmiş və onun Rəhimli Vüsalə Mahmud qızına borclu olduğuna dair müvafiq Qətnamə qəbul edilmişdir.

Həyat yoldaşım qanunauyğun şəkildə Ali Məhkəməyə müraciət edərək Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsini xahiş etmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən Sənan Hacıyev), 10(102)-142/2018 saylı, 27 dekabr 2018-ci il tarixli Qərardadı ilə Rəhimli Vüsalə Mahmud qızının vəsatəti təmin edilməmiş, Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsindən imtina edilmişdir.

Digər tərəfdən, F.İbrahimov Qazaxıstan Respublikası Məhkəməsinin qərarı ilə sözügedən borcun tutulub Rəhimli Vüsalə Mahmud qızına ödənməsi barədə məhkəmə çəkişməsində uduzacağını hiss edən kimi, qanuni məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün növbəti fırıldaqlara və saxtakarlıqlara əl atmaq qərarına gəlir.

O, nəyin bahasına olursa olsun ilk növbədə bu qanunsuzluqları həyata keçirməyi üzərinə götürən bir məhkəmə hakimi tapmaq qərarına gəlir.

Bu məqsədlə o həmin vaxt Pirallahı rayon məhkəməsində hakimlik edən tanışı Əkrəm Qəhrəmanov ilə cinayət əlaqəsinə girərək mənə və ailə üzvlərimə qarşı tərəflərin heç birinə (yəni nə mənə, nə mənim ailə üzvlərimə, nə də bu fırıldaqçı Fikrət İbrahimovun özünə) aidiyyatı olmayan Pirallahı rayon məhkəməsində saxta məhkəmə prosesi açmaq barəsində sövdələşirlər.

İşə məhz Ə.Qəhrəmanovun olduğu Pirallahı rayon məhkəməsində baxılmasını əsaslandırmaq üçün Ə.Qəhrəmanov F.İbrahimova cavabdeh qismində Pirallahı rayonunda qeydiyyatda olduğunu güman etdiyi daha bir nəfəri - tanımadığımız Novruzov Abuzər Novruz oğlu adında birini də qoşmağı tövsiyə edir. A.Novruzov iddia ərizəsinə guya “İddiaçıya cavabdehin telefon nömrəsini verdiyinə görə” adı ilə əlavə edilsə də iddiaçı tərəfindən ona qarşı hər hansı bir tələb yönəldilməmiş və məhkəmə tərəfindən onun məhkəmə prosesində iştirakı təmin edilməmişdir. Yəni, iddianın inzibati-iqtisad məhkəməsinə deyil, məhz Pirallahı rayon məhkəməsinə baxılması üçün iddia ərizəsində formal olaraq cavabdeh qismində göstərilən A.Novruzov da heç Pirallahı rayonunda qeydiyyatda deyilmiş. Sonrakı araşdırmalarda isə A.Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığını Pirallahı rayon Polis idarəsinə təqdim etdiyi izahatda da göstərir.

A.Novruzovun heç bu fırıldaqçı F.İbrahimovla da tanışlığının olmaması isə iddia ərizəsinə onun adının məhz hakim Ə.Qəhrəmanovun tövsiyəsi ilə salınması faktını bir daha sübut edir ki, bu da məhkəmə hakimi adını daşıyan birisinin fırıldaqçı ilə cinayət əlaqəsinə girməyi və ona ortaqlıq etməsini təsdiqləyir.

Beləliklə, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu fırıldaqçılığı açıq məhkəmə çəkişməsində sübuta yetirilən İbrahimov Fikrət Vəli oğlunun sifarişi ilə, aidiyyat prinsipini pozaraq iddiaçı və cavabdehlərin heç birinə aidiyyatı olmayan məhkəmədə, heç bir əsası olmayan iddia əsasında gizli şəkildə qurama məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən, iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanan saxta «müqaviləyə» hüquqi sənəd kimi istinad etməklə 26.07.2017-ci il tarixdə mənə və ailə üzvlərimə qarşı qanunsuz 2(094)-396/2017 saylı absurd və heç bir məntiqə sığmayan Qətnamə qəbul edir və bununla da o bizim ailənin başına gətiriləcək faciələrin başlanğıcını qoyur!

Bu qətnamədən mən ancaq altı ay sonra təsadüf nəticəsində xəbər tuturam. İş materialları ilə tanış olanda isə bu qanunsuzluqların, haqsızlıqların və saxtakarlıqların ədalət məhkəməsi hakimi adlandırılan birisi tərəfindən verilməsinə inana bilmirəm!

Ancaq əfsuslar olsun ki, bu həqiqət imiş. Hüquqşünaslar daxil olmaqla iş materialları ilə tanış olan hər bir kəs, ölkəmizdə hakimlər tərəfindən edilən bir çox ədalətsizliklərlə rastlaşdıqlarını, lakin bu işdə hakim saxtakarlıqları və özbaşınalıqlarının bütün hədləri aşdığını qeyd edirlər.

Yəni, bir fırıldaqçının əlində alətə çevrilmiş və öz şəxsi maraqları naminə hər bir əskikliyə razı olan, bu cür saxtakarlıqlara imza atmaqla qanunları aşkarcasına ayaq altına atan birisi hansı haqla hakim adını daşıya bilir?!

Görəsən, bu Ə.Qəhrəmanov nəyə arxalanaraq qanunları bu cür həyasızcasına tapdalayır? Bəs bu saxtakarlıqların açıq-aydın ortalıqda olduğu halda nə üçün ölkəmiz adına ləkə gətirən bu qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılır? Birtərəfli qaydada imzalanan kağız parçasına necə «müqavilə» adı ilə hüquqi sənəd kimi istinad edilə bilər? İddiaçı və cavabdehlərin heç birinin Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı halda Pirallahı rayon məhkəməsi bu işi necə icraata qəbul edir? Əgər mübahisə iki hüquqi şəxs arasındadırsa bu işə qanunla inzibati-iqtisad məhkəməsində baxılması tələb olunduğu halda, hansı əsasla bu işə Pirallahı rayon məhkəməsində baxılır? Məhkəmə tərəfindən aidiyyat prinsipi bu cür açıq-aşkar necə pozula bilər? “İddiaçıya guya cavabdehin telefon nömrəsini verdiyi üçün” iddia ərizəsində cavabdeh qismində göstərilmiş A.Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığı barədə Pirallahı RPİ verdiyi izahatının ortalıqda olduğu halda niyə bu saxtakarlıqlara son qoyularaq ədalət bərqərar olunmur? Niyə məhkəmə prosesi cavabdehlərin heç birini məhkəmədə iştirakı təmin edilmədən gizlin şəkildə keçirilir?

Niyə Ali Məhkəmə tərəfindən buna göz yumulur? Niyə Ali Məhkəmə rəhbərliyi bu qanunsuz qətnaməni müdafiə edir və ən əsası niyə bu işin Ali Məhkəmənin Plenumuna çıxarılması məsələsini aylarla uzadır? Niyə Ali Məhkəmə beynəlxalq konvensiya qanunlarını pozaraq ölkə adına ləkə gətirməlidir?

Çünki bu həmin fırıldaqçı F.İbrahimovun sifarişidir? Qazaxıstan Respublikası Manqistau Vilayət Məhkəməsinin İbrahimov Fikrət Vəli oğlunun Rəhimli Vüsalə Mahmud qızına borcunu təsdiqləyən qanuni Qətnaməsini tanımalı olduğu halda, nəyə görə Ali Məhkəmə rəhbərliyi Qazaxıstan və Azərbaycan respublikaları arasında bağlanmış hüquqi yardım haqqında müqavilənin tələblərinə zidd olaraq bu Qətnaməni əsassız və qanunsuz olaraq təftiş edir və tanınmasından heç bir əsas göstərilmədən imtina edir?

Niyə ayrı-ayrı şəxslərin və fırıldaqçılığı açıq məhkəmə çəkişməsində sübuta yetirilən, lakin mötəbər bir şəxsin yaxın qohumu olduğu üçün F.İbrahimovun çirkin maraqları, ölkə qanunlarından və həmçinin beynəlxalq hüquq normaları və qanunlarından üstün tutulur? Niyə hətta möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların daha da dərinləşdirilməsinə dair verdiyi fərmandan sonra da bu ədalətsizliklərə və qanunsuzluqlara son qoyulmur?

Artıq bir ilə yaxındır ki, bu fırıldaqçı F.İbrahimovun sifarişi ilə Azərbaycan məhkəmələri mənim və ailə üzvlərimin başına olmazın faciələr gətirirlər. Bu saxta məhkəmə qətnamələri icraya yönəldilərək bizə zülm edilir, borclu kimi ölkə hüdudlarından qırağa çıxmağa qadağalar tədbiq olunur. Niyə öz vətəndaşlarımıza, indiyə qədər heç kimin haqqına girməyən, illər boyu öz xalqına və ölkəsinə vicdanla qulluq edən, millətini, dövlətini sevərək onları ölkə hüdudlarından qıraqda da layiqincə tərənnüm edən bir ziyalıya, elmlər doktoru və iş adamına, və həmçinin onun ailəsinə qarşı bu qədər haqsızlıqlar törədilməlidir? Bir fırıldaqçının sifarişi ilə heç bir günahı olmayan insanlara qarşı bu qədər haqsızlıqların törədilməsini necə qəbul etmək olar?

Biz başqa bir şey istəmirik, ancaq öz konstitusiya haqlarımızı tələb edərək, bu işin qanuna uyğun şəkildə Ali Məhkəmə Plenumuna çıxarılıb baxılmasını və ədalətli qərar qəbul edilməsini və həmçinin beynəlxalq konvensiya, Qazaxıstan və Azərbaycan respublikaları arasında bağlanmış hüquqi yardım haqqında müqavilənin tələblərinə uyğun olaraq Qazaxıstan Respublikasının Manqistau Vilayət Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2018-ci il tarixli, 4799-18-00-2a/547 saylı qətnaməsinin Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsini istəyirik!

Yuxarıda göstərilənləri nəzərə alaraq təkrar olaraq yazıb Sizdən məni şəxsən qəbul etməyinizi və həyat yoldaşım Rəhimli Vüsalə Mahmud qızı tərəfindən hələ bu ilin əvvəlində verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10(102)-142/2018 saylı, 27 dekabr 2018-ci il tarixli qərardadının ləğv olunmasına dair konstitusiya şikayətinə tez bir zamanda baxılmasını nəzarətə götürərək bizim konstitusiya hüquqlarımızın bərpa edilməsini xahiş edirik.

Şərhlər

XƏBƏR LENTİ