SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sosial təminat sisteminin bütün sahələrində proaktiv xidmətlər tətbiq olunacaq

Sosial təminat sisteminin bütün sahələrində proaktiv xidmətlər tətbiq olunacaq

Tarix:

14-03-2019, 11:15

/ 1 153 dəfə oxundu.
Sosial təminat sisteminin bütün sahələrində  proaktiv xidmətlər tətbiq olunacaq

Avtomatlaşdırılmış pensiya təyinatı sisteminin qurulması vətəndaşların sosial təminat hüquqlarının onların əyani müraciətləri olmadan elektron qaydada reallaşdırılması, sosial təminat sahəsində proaktiv xidmətlərin təşkili istiqamətində ilk addımdır. Əsas hədəf bu kimi xidmətlərin əhatə dairəsini sosial təminat sisteminin bütün həlqələri üzrə genişləndirməkdir.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Dünya Bankının ölkəmizdə səfərdə olan “Azərbaycanın pensiya sisteminə texniki yardım” missiyası ilə nazirlikdə keçirilən görüşdə bildirib.
Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq pensiyaların avtomatlaşdırılmış mexanizminin qurulmasının bu sahədə şəffaflığa, vətəndaş rahatlığına və məmnunluğuna imkan yaratdığını vurğulayıb. A.Kərimov növbəti mərhələ kimi yaxın vaxtlarda əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatlarının da elektron qaydada həyata keçiriləcəyini bildirib.
Ölkəmizdə pensiya təminatı sahəsində aparılan islahatlar və gələcək hədəflər, əhalinin rifah halının yaxşılaşdırılması, sosial ödənişlərin ciddi şəkildə artırılması üçün atılan addımlar barədə missiyaya ətraflı məlumat verilib. “Azərbaycanın pensiya sisteminə texniki yardım” missiyası ilə birgə görülən işlərdən, bu işlərin nəticələrindən bəhs olunub. Dünya Bankının nümayəndələri aparılan islahatları, həmçinin pensiya təminatı sahəsində müsbət dəyişiklikləri dəstəklədiklərini qeyd ediblər.
Görüşdə Azərbaycanın pensiya sistemində son dəyişikliklər, pensiya sistemi ilə bağlı uzun müddətli proqnozların yenilənməsi, gələcək birgə fəaliyyət perspektivləri, Beynəlxalq Sosial Təminat Assosiasiyasının cari ilin may ayında Bakı şəhərində keçirəcəyi Avropa Regional Sosial Təminat Forumu və s. məsələlər müzakirə olunub.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
Sosial təminat sisteminin bütün sahələrində  proaktiv xidmətlər tətbiq olunacaq
Sosial təminat sisteminin bütün sahələrində  proaktiv xidmətlər tətbiq olunacaq

Şərhlər

XƏBƏR LENTİ