SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » «Ərzaq məhsullarının tədarükü və təchizatı»nda «Sarımsaq əməliyyatı»

«Ərzaq məhsullarının tədarükü və təchizatı»nda «Sarımsaq əməliyyatı»

Tarix:

3-11-2018, 10:49

/ 3 044 dəfə oxundu.
«Ərzaq məhsullarının tədarükü və təchizatı»nda «Sarımsaq əməliyyatı»

ASC-nin rəsmiləri fermerləri necə oyuna salıb müflis edirlər?
Ağcabədi rayonunun Pəroğullar kənd sakini Vəliyev Elmidar Surxay oğlunun başına gətirilən müsibət gerçəkdən bir dastandır. «Niyə»sini az sonra biləcəksiniz. Amma hələlik bir məsəlyə aydınlıq gətirək ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Prezidentin 11 aprel 2016-cı il tarixli sərəncamında ASC-nin yaradılma məqsədləri aydın şəkildə yazılıb. Qısaca olaraq qeyd edək ki, Dövlət bu qurumu «Kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə…» yaradıb.
Regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq əvəzinə…
ASC-yə həm də böyük səlahiyyətlər verilib. Onlardan biri “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”dır ki, bu qaydalar da Prezidentin digər bir Fərmanında öz əksini tapıb. Həmin «Qayda»da yenə də açıq və aydın şəkildə yazılıb ki, «Bu Qaydanın məqsədi kənd təsərrüfatı məhsullarının istehsalını və (və ya) emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinin prosedur və prinsiplərini, həmçinin bu məhsulların dəyərinin hesablanması ilə bağlı meyarları və digər prinsipləri müəyyənləşdirməkdir».
Bəs bu meyar fermerlərlə birlikdə necə müəyyyənləşdirilir? «Qayda»nın 3.2. bəndindən bəlli olur ki, Tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və satıcıları, yəni əliqabarlı fermerlərlə hər il oktyabrın 1-dək növbəti il üçün müqavilə bağlanır. Növbəti il üçün ərzaq məhsullarına dair tələbat müəyyən olunduqdan sonra satınalan təşkilatlar üzrə həmin məhsulların dəyərinin 25 faizindən az olmamaqla satınalan təşkilatlara avans məbləğinin ayrılması barədə oktyabrın 5-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müəyyən etdiyi formada “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir. Sadə dildə desək, fermerlə tədarükçü arasında yuxarıdakı müqavilə imzalanır, sonra istehsalçının hesabına ümumi tələbatın qiymətlərinə uyğun hesablanmış məbləğin 25 faizi əvvəlcədən avans şəklində verilir.
Bunlar rəsmi sənədlərdir. Amma faktiki hallar necədir, bu barədə «Təzadlar»a dəhşətli faktlar daxil olmaqdadır. Və bəri başdan bildiririk ki, bu yazıda məqsəd ASC-nin fəaliyyətinə kölgə salmaq deyil, əksinə, çatışmazlıqların ictimailəşdirilərək aradan qaldırılmasına dəstək verməkdir. Necə ki, bu barədə Ağcabədi rayonunun Pəroğullar kənd sakini, fermer Vəliyev Elmidar Surxay oğlunun başına gətirilən müsibətlər bunları deməyə tam əsas verir.
Biz redaksiyaya şikayət ərizəsi daxil olanda E.Vəliyevi redaksiyaya dəvət etdik, onu dinlədik, ASC rəsmiləri ilə bağlanmış ikitərəfli müqavilə sənədlərinə baxış keçirdik, təhlil apardıq… Gerçəkdən təəssüfləndirici haldır ki, fermerlə müqavilə bağlanır, kələm, çuğundur, sarımsaq və s. məhsulların becərilməsinə başlanılır, məhsul hazır olanda tədarükçülər indi 100 tona yaxın sarımsaq məhsulunu almaqdan imtina edərək avansı geri qaytarmağı tələb edirlər. Budurmu ölkədə ərzaq məhsullarının istehsalının artırılmasına dəstək? Niyə xarici ölkələrdən geni dəyişdirilmiş, xəstəliyi olan kənd təsərrüfatı məhsulları gətirilir (Çindən sarımsaq, İrandan, Türkiyədən kartof və s.), amma özümüzün yerli fermerlərimizin becərdiyi təbii məhsullardan imtina olunur? Necə ki, Ağcabədi rayonunun Pəroğullar kənd sakini Vəliyev Elmidar Surxay oğlunun becərdiyi məhsullardan heç bir səbəb olmadan açıq şəkildə imtina edilərək onun müflis halına gətirilməsinə bais olunmuşdur. Halbuki ASC-nin yaradılması barədə Prezident Sərəncamında yadın şəkildə qeyd edilir ki, bu qurumun yaradılmasında məqsəd həm də «…regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq»dır…
Şikayətçi E.Vəliyevlə ətraflı söhbəti təqdim edirik. Eləcə də ASC rəhbərliyinin də mövqeyini dinləməyə hazırıq. Lakin ASC-nin iş telefonlarına edilən zənglərimizə suallarımıza cavab verəcək kimsəni hələki tapa bilmirik…
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu
«Ərzaq məhsullarının tədarükü və təchizatı»nda «Sarımsaq əməliyyatı»
«Ərzaq məhsullarının tədarükü və təchizatı»nda «Sarımsaq əməliyyatı»
«Ərzaq məhsullarının tədarükü və təchizatı»nda «Sarımsaq əməliyyatı»

Şərhlər

XƏBƏR LENTİ