SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AAK-ın yeni rəhbərliyi Ədalət Muradovun diplom müəmmasına aydınlıq gətirməlidir

AAK-ın yeni rəhbərliyi Ədalət Muradovun diplom müəmmasına aydınlıq gətirməlidir

Tarix:

5-09-2018, 16:41

/ 2 371 dəfə oxundu.
AAK-ın yeni rəhbərliyi Ədalət Muradovun diplom müəmmasına aydınlıq gətirməlidir

Xəbər verdiyimiz kimi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası (hakim Vidadi Məmmədovun sədrliyi ilə) «Təzadlar» qəzetinin Prezident Yanında AAK-ın sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynova qarşı iddiası üzrə məhkəmə iclasını keçirmişdir.
Məhkəmə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin əsassız qərarını qüvvədə saxlamaqla, qəzetin iddiasını təmin etməmişdir və həmin qərardan kassasiya şikayəti veriləcək. Şikayətə səbəb isə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun doktorluq və professor diplomları ilə bağlı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndərilmiş rəsmi sorğuya cavab verilməməsi idi.
Artıq ölkə KİV-lərinin də yaydığı məlumata görə, AAK-ın sədri vəzifəsini 4 il idi müvəqqəti əvəz edən Vəli Hüseynov artıq həmin vəzifəsindən sərt tənqid əsasında, yarıtmaz fəaliyyətlə məşğul olması üzünə deyilməklə uzaqlaşdırılıb. Onu elm ictimaiyyətində vicdanlılığı və ədalətliliyi ilə tanınan AAK-ın iqtisadi elmlər üzrə Ekspert Şurasının sədri Famil Mustafayev əvəz edib. Artıq belə bir inam var ki, redaksiyanın bir ildən çoxdur mübahisələndirilən sorğusunu yeni rəhbərlik mütləq cavablandıracaq və Ədalət Muradovun diplom müəmmasına aydınlıq gətiriləcək.
***
Xatırladırıq ki, «Təzadlar»ın Araşdırma Qrupu daxil olmuş məlumatlar əsasında geniş araşdırma aparmışdır. Rəsmi sənədlərlə təsdiq edilmişdir ki, ADİU-nun rektoru Ədalət Muradov 1998-ci ildə Ukraynada doktorluq elmi işini müdafiə etsə də, doktorluq diplomu 16 il sonra- 26.12.2014-cü ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında tanınmışdır. Lakin maraqlıdır ki, 21.11.2014-cü ildə isə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında ona professor diplomu verilmişdir. Bununla da Azərbaycan Prezidenti yanında AAK-ın Prezident tərəfindən təsdiq olunmuş «Əsasnamə»sinin tələbləri kobud surətdə pozulmuşdur, sənəd saxtalaşdırma cinayətinin tərkib hissəsini yaradır. Maraqlıdır ki, Ə.Muradov Prezident cənab İlham Əliyevin sərəncamı ilə ADİU-ya rektor təyin olunandan sonra o, qanunsuz yolla professor diplomu əldə etmişdir… Halbuki bu zaman Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»nin və eyni tarixli Fərmanla təsdiq olunmuş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin (VII. Nostrifikasiya və təkrar attestasiya) 49, 50, 51, 52 və 53-cü maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında «Əsasnamə»nin və «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında» «Əsasnamə»nin tələblərinə görə isə, Ədalət Muradov əvvəlcə Ukraynada 1998-ci ildə müdafiə etdiyi doktorluq işi əsasında aldığı elmi dərəcə diplomunu əvvəlcə AAK-da tanıtmalı idi, sonra isə ona professor diplomu verilə bilərdi.
Bundan başqa, Ədalət Muradov 2014-cü ilin noyabrın 21-də qanunsuz yolla professor diplomu alsa da, o, hələ 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdır, “Makroiqtisadiyyat”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Azərbaycanın iqtisadi siyasəti” fənlərini tədris etməklə yüksək məbləğdə maaş almışdır. 15 il ərzində Azərbaycanın AAK-ı tərəfindən professor diplomu tanınmamış bir şəxs dövlət büdcəsindən külli miqdarda maaşı necə almışdır? Bu qeyd edilən məlumatlar AAK-ın və ADİU-nun rəsmi saytlarında öz əksini tapmışdır. Belə ki, ADİU-nun rəsmi saytının məlumatlarında deyilir ki, «…Ə.Muradov 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur». AAK-ın Rəyasət Heyətinin 21 noyabr 2014-cü il tarixli qərarı və 14RH saylı protokolu ilə 8 nəfərə, bu sırada Ədalət Muradova professor adı verilmişdirsə, o, bundan 3 il əvvəl AAK-da necə İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini işləmişdir? Axı, qaydalara və AAK-ın “Əsasnaməsi»nə görə, Ekspert Şurasının Sədri və sədrin müavini vəzifəsinə (eləcə də EŞ-in digər üzvləri) yalnız və yalnız elmlər doktoru-professor olanlar təyin edilə bilərlər. Ədalət Muradov isə 1998-ci ildə Ukraynada müdafiə etdiyi doktorluq diplomunu yalnız 2014-cü ilin dekabr ayında AAK-da tanıtmışdır və bundan bir ay əvvəl qanunsuz olaraq professor diplomunu almışdır.
Mövzuya qayıdacağıq.

Şərhlər

XƏBƏR LENTİ