SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Pensiya yaşının artırılması məqsədəuyğun deyil”

“Pensiya yaşının artırılması məqsədəuyğun deyil”

Tarix:

2-03-2017, 10:39

/ 1 897 dəfə oxundu.
“Pensiya yaşının artırılması məqsədəuyğun deyil”

“Azərbaycanda orta ömür müddəti o qədər də uzun deyil”

Hazırda cəmiyyəti narahat edən məsələlərdən biri də pensiya yaşının artırılması ilə bağlı aparılan müzakirələrdir.

Belə ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sonuncu iclasında “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Pensiya yaşının 65 yaşa qaldırılması ilə bağlı təkliflər səsləndirilib. Bu isə əhalinin narazılığına səbəb olub.

Qanunda nəzərdə tutulan dəyişikliklər haqqında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Qafqazinfo”ya açıqlama verib .


O bildirib ki, qanunun iyulun 1-dən etibarən qüvvəyə minməsi təklif edilir: “İndi qadınlarda pensiyaya çıxma yaşı 60-dır. Bu ilin sonunda 60 yaş yarımdan pensiya yaşı hesab olunacaq. Hər il 6 ay müddət pensiya yaşının üstünə gələcək. Bu cür hesablama ilə 10 ilə qadınların yaş həddi 65 olacaq".


H.Rəcəbli onu da qeyd edib ki, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur: “İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir. Müəllimlər, həkimlər bizlə qırğın edirlər ki, gümrahıq, işləyə bilərik, amma siz bizi pensiyaya çıxardırsınız. Pensiyaçı qadınların dünyasını dəyişmə yaşı statistikaya əsasən 78,5 ildir. Biz qadınlara orta hesabla 78,5 yaşına qədər pensiya veririk. Amma bizim hesablamamızla pensiya haqqını ödəmə 12 il müddətinə verilməlidir (60+12). Yəni qadın 72 yaşına qədər pensiya almalıdır. Biz yuxarı yaş həddini müəyyən edə bilmədiyimizə görə, pensiyaya çıxma yaşını artırıb 65 edirik. Yəni qadınların pensiya yaşı 65-ə çatdıqdan sonra onlar minumum 12-13 il pensiya alacaqlar”.


İqtisadçı ekspertlər isə hazırkı durumda pensiya yaşının artırılmasını məqsədəuyğun hesab etmədiklərini bildiriblər.


İqtisadçı ekspert Vüqar Bayramov açıqlamasında bildirib ki, pensiya islahatları ilə bağlı təklif olunan müəyyən müddəaları dəstəkləsə də, bəzilərini məqsədəuyğun hesab etmir: “Biz də 12 illik stajın ləğv edilməsinə müsbət yanaşırıq. Bu son nəticədə 12 ildən daha az işləmiş, lakin nəticə etibarilə daha çox ödəniş etmiş vətəndaşların da əmək pensiyasından faydalanmasına gətirib çıxara bilər. Biz bu kontekstdən 12 illik stajın ləğv edilməsini məqsədəuyğun hesab edirik”.


İqtisadçı eyni zamanda pensiya yaşının artırılmasını doğru hesab etmədiyini bildirdi: “Azərbaycanda orta ömür müddəti o qədər də uzun deyil. Buna görə də daha məqsədəuyğun olar ki, pensiya yaşının artırılması həyata keçirilməsin. Bunun 10 il müddətində həyata keçirilməsi nəzərdə tutulsa da, bütün hallarda burada orta ömür müddəti ilə əlaqəli olaraq həyata keçirilməsi daha doğru olar. Əgər gələcəkdə orta ömür müddətinin artarsa pensiya yaşının artırılması da mümkündür. Ancaq əgər gələcəkdə orta ömür müddəti indiki səviyyədə qalarsa, o zaman orta ömür müddətinin artırılması məqsədəuyğun deyil. Hazırkı durumda pensiya yaşlı insanların sosial dəstəyə ehtiyacı var. Xüsusən də qadınların pensiya yaşının 5 il artırılması onların sosial vəziyyətinə mənfi təsir göstərə bilər. O baxımdan yaxşı olar ki, pensiya yaşının artırılmasına gedilməsin”.


V.Bayramovun sözlərinə görə, indiki məqamda burada əsas məqsəd büdcə vəsaitlərinə qənaət etməkdir: “Bu daha çox mərhələli şəkildə həyata keçirilməlidir. Ancaq pensiya yaşının artırılması nəticə etibarilə pensiya alanların sayının azalmasına gətirib çıxaracaq ki, bu da büdcə vəsaitlərinə qənaət etməyə imkan verəcək. Ancaq bizim tədqiqatlar onu göstərir ki, pensiya islahatları daha çox əlillik pensiyası ilə bağlı aparılmalıdır. Etiraf etmək lazımdır ki, əvvəlki dövrlərdə nəzarətin zəif olması səbəbindən əlilliyi olmayan insanlar da saxta yolla pensiya düzəldiblər. Bu da büdcə vəsaitlərinin səmərəsiz xərclənməsinə səbəb olur. Bu istiqamətdə nəzarəti gücləndirmək lazımdır”.


MM-in İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə bildirdi ki, bu təkliflər Milli Məclisdə müzakirəyə çıxarıldıqdan sonra müəyyən qərar qəbul olunacaq: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda bu işlərlə məşğuldur. Bu məsələ ilə bağlı beynəlxalq maliyyə qurumlarının, o cümlədən Beynəlxalq Əmək Təşkilatının da müəyyən təklifləri olub. Ona görə də pensiya yaşının 65 -ə qaldırılması məsələsinə baxılır. Ancaq biz hələ ki Milli Məclisdə bu məsələnin müzakirəsinə başlamamışıq. Burada sual doğuran məqamlar çoxdur. Yəqin ki, biz də fikirlərimizi bildirəcəyik. Son vaxtlar insanların orta ömür müddəti qısalıb. Hazırkı yaş həddi normal idi. Düzdür, birdən- birə artırılmayacaq. Hər il yarım il artacaq. 12 illik iş stajının götürülməsinin də müsbət tərəfləri var. Lakin bu dəyişikliklərin həm də mənfi cəhətləri var”.

Şərhlər

XƏBƏR LENTİ