SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Özəl bağçalara qəbul pullu universitetlərdən bahadır

Özəl bağçalara qəbul pullu universitetlərdən bahadır

Tarix:

27-12-2017, 09:42

/ 1 162 dəfə oxundu.
Özəl bağçalara qəbul pullu universitetlərdən bahadır

Uşaqların ilk təhsilin pilləsi olan bağçalara qoyulması olduqca vacibdir. Mütəxəssislərə görə, uşağın dünyagörüşünün artması, bilgilənməsi və sosiallaşması üçün onun bağçaya getməsi olduqca əhəmiyyətlidir. Məhz buna görə də valideynlər övladlarına bağça axtararkən onun özəlliklərinə, yəni uşağa necə yanaşmalarına, övladının həmin bağçada rahat olub olmayacağına, təlim tərbiyəsi ilə kimlərin məşğul olacağına xüsusi önəm verirlər.

Sadaladığımız keyfiyyətlərin çoxu dövlət bağçalarından çox, özəl bağçalarda var. Ancaq özəl bağçaların keyfiyyəti ilə yanaşı qiymətləri görən valideynlər ayaq saxlamağa məcbur olurlar. Çünki buradakı qiymətlər heç orta təbəqənin belə cibinə uyğun deyil. Aylıq ödənişləri saat fərqinə görə 250 manatdan başlayıb 800 manata qədər dəyişən bağçaların ali məktəb qiymətlərində olduğunu desək yanılmarıq. Çünki dövlət universitetlərində pullu fakültələrin qiyməti təxminən özəl bağçaların qiymətləri ilə eynidir. Qeyd edək ki, bütün ölkələrdə dövlət bağçaları ilə yanaşı, özəl bağçalar da fəaliyyət göstərir. Ancaq Azərbaycandan fərqli olaraq orada valideynlər uşaqlarını özəl bağçalara qoymaq üçün əvvəlcədən növbəyə yazılırlar. Bu isə yüksək keyfiyyətli xidmət və aşağı qiymətlərlə bağlıdır.
Bu günlərdə Təhsil İnstitutu da özəl bağçalarla bağlı acı həqiqətləri üzə çıxarıb. Təhsil İnstitutunun “3 və 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması layihəsi” üzrə yekun hesabatında bildirilib ki, Azərbaycanda 1991-ci ildən 2016-cı ilədək məktəbəqədər təhsil müəssisələrinin sayı 2185-dən 1722-yə düşüb. Onlardan 1004 müəssisə şəhərlərin və yalnız 718 müəssisə rayonların payına düşür.
Hesabatda deyilir ki, Azərbaycanda, xüsusilə Bakıda məktəbəqədər təhsil müəssisələrində mövcud yerlər uşaq başına sayı üçün azlıq təşkil edir: “Buna baxmayaraq, hər il yeni özəl bağçalar da fəaliyyətə başlayır. 2016-cı ilin yanvar ayı üçün 66 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi qeydə alınıb. Lakin özəl bağçalarda ödəniş orta gəlirli azərbaycanlı ailə üçün yüksək hesab oluna bilər. Özəl bağçalarda aylıq ödəniş orta hesabla 300-400 manat, daha keyfiyyətli özəl bağçalarda 600-700 manat təşkil edir. Bir çox ailələrin isə aylıq bu ödənişi etmək imkanı olmur”.
“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev məktəbə qədər təhsil müəssisələrinin əhatə dairəsinin 20 faizə yaxın olduğunu bildirdi: “İbtidai sinfə gedəcək uşaqların yalnız 20 faizə yaxını məktəbəqədər təhsil görə bilir. Bu çox aşağı göstəricidir və biz bu istiqamətdə postsovet məkanına daxil olan ölkələrin çoxundan geridə qalırıq. Əslində uşaq bağçaları bütün dünyada dövlət xarakterli olur. Ancaq bir çox ölkələrdə var ki, oradakı özəl uşaq bağçaları üçün növbələr olur. Bu da oradakı güzəştlərlə, tərbiyə və təlim xidmətlərin keyfiyyətli, qiymətlərin isə ucuz olması bağlıdır. Ancaq bizdə situasiya tamamilə fərqlidir. Hətta orta təbəqəyə aid olan insanlar belə uşaqlarını özəl məktəbə qədər təhsil müəssisələrinə qoya bilmir. Çünki qiymətlər çox yüksəkdir. Bu qiymətləri də həmin özəl məktəbə qədər təhsil müəssisələrinin rəhbərləri tənzimləyir. Ancaq bütün hallarda özəl bağçalar nisbətən əhalinin orta təbəqəsi üçün də əlçatan olmalıdır. Buradakı başqa bir məqam da ondan ibarətdir ki, özəl məktəbəqədər təhsil müəssisələrini istər kadr baxımından, istərsə də təchizat baxımından gücləndirmək lazımdır. Təsəvvür edin ki, istər özəl olsun, istərsə də dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçilərin 80 faizdən çoxu kollec məzunlarıdır”.
E.Əliyev daha acınacaqlı bir vəziyyətin isə televiziyalarda reklamı edən ingilis dilli özəl bağça təklifləri olduğunu dedi: “Ən acınacaqlı vəziyyət ondan ibarətdir ki, pul hesabına valideynlərə ingilis dilində məktəbəqədər təhsil müəssisələri təklif edilir. Bu, yolverilməz haldır. Uşaqlar təhsilin birinci pilləsində öz doğma dillərində təlim və tərbiyə almalıdırlar. Təəssüf ki, o çağırışı edənlər yalnız maddiyyat güdürlər. Bunun gələcəkdə çox ciddi fəsadları ola bilər. Bu hal gələcəkdə dilimizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə böyük mənfi təsir göstərə bilər”.

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ