XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin bağlanış mərasimi keçirilib

Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin bağlanış mərasimi keçirilib

Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin bağlanış mərasimi keçirilib
27-12-2017, 09:40

25 dekabr 2017-ci il tarixdə “Təfəkkür” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclərin natiqlik bacarıqlarının inkişafı” layihəsinin son təlimi və bağlanış mərasimi keçirilib.
Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, layihə rəhbəri Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sakit Orucov, Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri, təlimçi Rövşən Nəcəfov və 40 nəfər gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sakit Orucov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.
Sonra layihə rəhbəri, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi liderlərin üzə çıxarılması və gənclərdə liderlik, natiqlik, sərbəst fikrini ifadə etmə, fərdi inkişaf, kütlə qarşısında çıxış kimi vərdişləri inkişaf etdirilməsindən ibarətdir. Əsas vəzifələr sürətlə inkişaf edən, dünyada öz sözünü deməyə qadir bir ölkə olan Azərbaycan gənclərinin daha çox önəm daşımaları, cəmiyyətdə gedən proseslərdə gənclərin iştirakının və maraqlarının təmin edilməsi son dərəcə vacib məsələlərdən olması və gənclərin bu sahəyə marağını artıraraq onlara natiqliyin sirrlərini öyrətmək, natiq kimi inkişaflarını təmin etmək məqsədiilə çox vacib nüansları öyrətməkdir. V.Ömərov qeyd etdi ki, müasir dövrdə natiqin məna yozumları xeyli genişlənib. Bu gün aparıcı da bir növ natiqdir. Gərək o, öz nitqinə çox diqqətlə yanaşsın. Xalq arasında işlənən atalar sözlərini, məsələləri, tapmacaları və s. bilərsə, çox yaxşı olar. Onda aparıcının danışığı xeyli zənginləşər, sözünün şirəsi artar. Natiqlik adicə danışmaqdan ibarət deyil. Natiq onu əhatə edən adamların sözünə diqqətlə və düşüncəli şəkildə qulaq asmalıdır. Onda dinləyici ilə danışan arasında söz körpüsü qurulur, münasibət tarazlanır, müsahibə baş tutur, anlaşma yaranır. Aparıcının söz zənginliyi, öz fikirlərini dinləyiciyə düzgün çatdırması üçün Azərbaycan dilinin imkanlarından məharətlə istifadə edilməlidir. Müəyyən bir fikri ifadə etmək üçün sözlərin mənasını bilmək kifayət deyildir. Bundan başqa, onları müvafiq surətdə uyğunlaşdırmağı bacarmaq, öz nitqini, tələb olunan nəticələri verə biləcək qaydada qurmaq gərəkdir. Nitqin anlaşıqlı və təsirli olmasının birinci və ən mühüm şərti onun orijinallığındadır. Əlbəttə, orijinallığı orijinal görünməyə cəhd etməklə qarışdırmaq olmaz. Bir də görürsən ki, aparıcı özünü əldən salır, öz mühakimələrinin çiyliyi ilə dinləyiciləri cəlb etmək istəyir. Bu isə alınmır. Əsl aparıcı o zaman orijinal ola bilir ki, deməyə sözü var, danışmaq xatirinə nitq söyləmir.
Daha sonra çıxış edən "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva gəncləri salamladı, layihə rəhbəri Vüsal Ömərova işlərində uğurlar arzuladı və qeyd etdi ki, natiqlik bacarıqlarının inkişafı, onların kütlə qarşısında çıxışının,natiqlik bacarıqlarının inkişaf etdirilməsinin, öz fikrini sərbəst və məntiqli ifadə edə bilən gənc nəslin formalaşdırılmasının təmin edilməsi istiqamətində keçirilən təlimlər yeniyetmə və gənclər maarifləndirilir.
Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri Rövşən Nəcəfov çıxış edərək bildirmişdir ki, nitqin bir mühüm cəhəti də qısa olmasıdır. Natiq nə qədər öz fikrini yığcam ifadə etməyi bacarsa, bir o qədər yaxşıdır. Sadəlik ən böyük məziyyətdir. Sadəlik dilin zənginliyini və gözəlliyini nəinki sadələşdirir, əksinə, dildə ifadəli vasitələrdən daha bariz istifadə edilməsinə şərait yaradır. R.Nəcəfov qeyd etdi ki, natiqlik həm də mədəniyyətdir. Bu qədim sənətin həm tarixi, həm də indiki təcrübəsi bunun dinləyicilər arasında düzgün qarşılıqlı münasibət qurmasının müstəsna əhəmiyyətə malik olduğunu aydın sübut edir. Bir də nitq söyləyən gərək auditoriyanın tərkibini mütləq nəzərə alsın ki, dinləyicilər ona diqqətlə qulaq asırlar, ya yox. Təcrübəli natiq həmişə öz nitqinə diqqətlə yanaşır, çalışır ki, auditoriya ilə qarşılıqlı münasibət qura bilsin. Belə olan halda dinləyici də narazı qalmaz, söz deyən də. Nitqi lüzumsuz, şablon ifadələrlə yükləmək də olmaz. Natiqin intonasiya ustalığının böyük əhəmiyyəti var. Tələsmədən, aramla danışmaq, nitq söyləyərkən əsəbləşməmək, danışarkən
fasilədən bacarıqla istifadə etmək nitqin təsirliyini artırır. Yorulmuş dinləyicilərin diqqətini çəkmək, auditoriyada canlanma yaratmaq üçün müxtəlif üsullardan da istifadə edilir. İstər aparıcı olsun, istərsə də natiq – onlar öz çıxışlarında bəzən zarafatdan da yerində istifadə edəndə gözəl nəticə verir.
Sonda gənclər Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclərin natiqlik bacarıqlarının inkişafı” adlı layihədə iştirak etdiyinə görə sertifikatlarla təltif olunmuşlar.

Qeyd edək ki, layihə 3 gün ərzində Nərimanov rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrində keçirilmişdir.
Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin bağlanış mərasimi keçirilib
Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin bağlanış mərasimi keçirilib

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.