SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 30 ildən sonra Xankəndidə qalanan Novruz tonqalı

30 ildən sonra Xankəndidə qalanan Novruz tonqalı

Tarix:

19-03-2024, 16:07

/ 456 dəfə oxundu.
30 ildən sonra Xankəndidə qalanan Novruz tonqalı

 
Azərbaycanda ən çox sevilən bayralmardan olan Novruz xalqımızın tarixində, adət-ənənəsində, milli ruhunda dərin izlər buraxıb. Həm də Bahar bayramı adlandırılan bu gün milli həmrəyliyimizin, qonaqpərvərliyimizin, əliaçıqlığımızın vacib bir nümunəsidir. Bu il Azərbaycan xalqı Baharı 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi fonunda qarşılayacaq ki, bunun da çox böyük anlamı vardır. Axı Bahar bayramı həm də təbiətin oyanması, ətraf aləmin yaşıla bürünməsinin təntənəsidir. Novruz bayramının məişətimizə qaytarılması 1969-cu ildə respublikamızın rəhbəri seçilən Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət və ənənələrinə tükənməz sevgisinin daha bir əyani nümayişi idi. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə Novruz bayramı ölkəmizdə artıq milli dövlət bayramı kimi daha böyük təntənə ilə qeyd olunmağa başladı.
Ulu Öndər Heydər Əliyev 21 mart 2000-ci ildə Novruz bayramı haqqında dərin məzmunlu fikirlər səslədirdi: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi daimi və davamlı olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.”
Bu tarixi çıxışdan 20 il sonra Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini də yerinə yetirdi. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini tarixi Zəfərlə başa vurdu, 30 il işğal altında olan ərazilərimizi azad etdi.
Mart ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Bu çox böyük və əlamətdar hadisədir. 30 ildən çox bir müddətdən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Xankəndi, Xocalı və digər işğal altında olmuz şəhərlərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalandırıldı.
Prezident İlham Əliyev 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində yandırdığı Novruz tonqalını, bu dəfə martın 18-də Xankəndi şəhərinin mərkəzi meydanında yandırdı. Cənab Prezidentin Xankəndidəki Novruz tonqalını yandırmasının bir çox rəmzi mənası var. Birincisi, Azərbaycan Zəfər çalaraq bütün ərazisində tam suverenliyini bərpa edib.
Ölkə başçısı Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edərək bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsi nəticəsində öz ərazilərinin böyük hissəsini döyüş meydanında azad edib. Ölkəmiz beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa edərək BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü döyüş meydanında bərpa etdi.
Bir zamanlar göz yaşı, niskillə baxdığımız və gəzmək, yaşamaq xəyalı qurduğumuz Xankəndidə bu gün Azərbaycan bayrağı dalğalanır və qalib xalqın qalib lideri burada Novruz tonqalını alovlandırır, xalqı təbrik edir!  
Bu gün Azərbaycan xalqı ilk dəfə olaraq Novruz bayramını Xankəndidə, Xocalıda qarşılayır. Bu çox qürurverici tarixi hadisə olacaqdır. Əminəm ki, bundan sonra Bahar bayramını daim Qarabağ və Şərqi Zəngəzurda qeyd edəcəkdir. Qoy bu Novruz bayramı el-obamıza sülh, əmin-amanlıq, xalqımıza ruzi-bərəkət bəxş etsin!
 
Tufan Məmmədov – iqtisadçı ekspert
 

Şərhlər

XƏBƏR LENTİ