XalqXəbər.Az

Lavrovdan İrəvana şifrəli mesajlar - GƏLİŞMƏ

Lavrovdan İrəvana şifrəli mesajlar - GƏLİŞMƏ
4-10-2019, 09:58

Prezident Vladimir Putinin Ermənistan hakimiyyətinə soyuq münasibəti gündəmin əsas mövzusu ikən Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağ açıqlaması ilə diqqəti özünə cəlb etdi.

Azərbaycan əleyhinə əvvəllər səsləndirdiyi fikirləri ilə Ermənistanın sadiq müdafiəçisi qismində tanınan Lavrovun budəfəki dedikləri birmənalı qarşılanmadı. Rusiya XİN rəhbəri əvvəlcə qeyd edib ki, son zamanlar qoşunların təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır. Onun nəzərincə, baş verən insidentlər də böyük deyil. Üstəlik, “həlak olanların meyitlərinin dəyişdirilməsi baş verib”. Bu yerdə qeyd edək ki, söhbət yolu azaraq neytral zonaya keçən Azərbaycan əsgərinin meyitinin Beynəlxalq Qızıl Xaç Komitəsinin yardımı ilə ərazidən götürülməsindən gedir. Lakin Lavrov nədənsə, işğalçı ordunun yolu azaraq qarşı tərəfə üz tutan Azərbaycan hərbçisini hədəfə alması, üstəlik onu qətlə yetirən hərbçilərin mükafatlandırılması kimi şərəfsizliyə toxunmur, meyitin qaytarılmasını vurğulayır.

Soçidə keçirilən Valday müzakirə klubunun iclasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsindən danışarkən Lavrov əlavə edib ki, əsirlərin dəyişdirilməsinə hazırlıq gedir. Rusiya və Ukrayna arasında “hamının hamıya” prinsipi ilə əsirlərin dəyişdirilməsi baş versə də, Ermənistan hakimiyyətinin qeyri-konstruktiv mövqeyi nəticəsində Kəlbəcərdən olan mülki şəxslər hələ də düşmən əlindədir, özü də həmin şəxslərdən biri məhz Rusiya vətəndaşıdır. Ukraynadakı vətəndaşlarını, özü də hərbçiləri geri qaytaran Moskva nədənsə artıq altıncı ildir Dilqəm Əsgərov adlı vətəndaşına sahib çıxmağa həvəsli görünmür.

Lavrovun digər fikirləri də mübahisələrə səbəb olub. “Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı hansısa proses gedir. ATƏT-in Minsk Qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri çox sıx və dostcasına işləyirlər. Məncə, onlar bu il üç dəfə görüşüblər. Bu ilin aprel ayında mənim iştirakımla Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib. Deyərdim ki, bu regionda vəziyyət ötən illə müqayisədə daha sakitdir. Siyasi proses tormozlanıb. Hələlik prosesi tormozdan ayırmaq alınmır. Tərəflər olduqca ciddi bəyanatlar verir. O cümlədən, Dağlıq Qarabağın Ermənistanın olması bəyanatı səslənib. Necə ki, Albaniyanın Baş Naziri Kosovonun Albaniyanın olduğunu bəyan edib. Əlbəttə ki, bu bəyanatlar münaqişələrin həllinə kömək etmir”, - deyə XİN başçısı vurğulayıb.

Bu fikirləri ilə S.Lavrovun Ermənistan XİN rəhbəri Nikol Paşinyanı pərt etdiyini düşünənlər var. Bu yerdə qeydə edək ki, Paşinyan hakimiyyətinədək Lavrovla Ermənistanın arasından necə deyərlər, “su keçmirdi”. Lakin Lavrovun Paşinyana “siyasi rəqiblərdən qisas alma” məzmunlu çağırışına və digər fikirlərinə erməni baş nazirdən aşağılayıcı reaksiyaların gəlməsinin ardınca Rusiya XİN başçısı ənənəvi mövqeyindən nisbətən kənara çəkildi və hətta bəzi məqamlarda Azərbaycanla Ermənistan arasında balanslı yanaşma ortaya qoymağa cəhd etdi. Hansı ki, S.Lavrov Serj Sərkisyan hakimiyyətinin son ilində “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” deyərək faktiki olaraq ermənilərin “çörəyinə yağ sürtmüşdü”. Bu dəfə isə fərqli və müzakirələrə səbəb olan digər mövqe səsləndirildi. Lavrov Nikol Paşinyanın avqustun 5-də Xankəndində səsləndirdiyi “ Qarabağ Ermənistandır, nöqtə” bəyanatının danışıqlar prosesini əngəllədiyini təsdiqləyib. Və Paşinyanın dediklərini Albaniyanın baş nazirinin Kosovoya dair bəyanatları ilə müqayisə edib. Lavrovun çıxışı barədə xəbərlərdə Ermənistan KİV-lərinin əksəriyyəti həmin frazaya yer verməyib. Rusiya xarici işlər nazirinin “Qarabağ Ermənistandır” yanaşmasını tənqid etməsi barədə ifadə tək-tək erməni saytlarında yer alıb ki, bu da bəyanatın yaratdığı ümumi pərtliklə izah edilə bilərdi. (Virtualaz.org) İndi belə demək olar ki, Lavrov Paşinyanı Albaniya baş naziri ilə müqayisə etməklə “Qarabağı Ermənistan hesab edən” yanaşmanı da qəbul etmədiyini onun nəzərinə çatdırmış oldu. Digər tərəfdən Kosovonun danışıqlar prosesini tərk edərək birtərəfli qaydada elan etdiyi müstəqilliyinin tanınması Qərbin layihəsi idi və Rusiyanın buna nə dərəcədə sərt münasibət bəslədiyi bəllidir. Və qərbə meylli Albaniyanın Kosovo məsələsində mövqeyi də Rusiya üçün qəbuledilməzdir.

O da vurğulanır ki, Paşinyanın hakimiyyətə gələn kimi Dağlıq Qarabağın danışıqlar prosesində tərəf kimi iştirakı iddiasını irəli sürüb uzun müddət bunda israr etdiyi bəllidir. Və həm erməni, həm Rusiya dairələrində belə təxminlər vardı ki, həmin mövqe əslində Paşinyana okeanın o tayından ötürülüb. Eləcə də Paşinyanın sonradan daha da irəli gedib “Qarabağ Ermənistandır” deməsi də Rusiyaya bağlı erməni siyasi dairələrində çox sərt tənqid olundu. Bu bəyanatın təhlükəli olduğu və Ermənistanı müharibəyə sürüklədiyi, Paşinyanın Qarabağa dair Qərbin hansısa planını həyata keçirmək istədiyi açıqlandı.

Reallıq bundan ibarətdir ki, Lavrov Paşinyanı tənqid edib, bu da şəxsi münasibətlərdən qaynaqlanır. Lakin Rusiya XİN başçısının işğalçı Ermənistana münasibətini dəyişdiyini demək olmaz. Lavrov nədənsə çox arxayın şəkildə müharibəni istisna edib. “Biz dəfələrlə müzakirələr apardığımız baza prinsipləri əsasında düyünün açılmasını istəyirik. Düyünün açılması ancaq birbaşa dialoqdan keçir. Təmaslar var. Lakin münaqişənin nizamlanması ilə bağlı dialoq, belə desək, hələlik yenilənmir. Lakin mən Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlanılması kimi bir təhlükə görmürəm. Biz əlimizdən gələni edəcəyik ki, bu, baş verməsin”, - deyə S. Lavrov vurğulayıb. Elə bu açıqlamanın verildiyi gün Ermənistanın təxribatı nəticəsində Azərbaycan daha bir mülki vətəndaşını itirdi. Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuz düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskavatorun sürücüsü mülki şəxs Alışov Səfərəli Ələkbər oğlu güllə yarası alaraq həlak olub. Düşmən hətta sərhəd boyunca hər cür həyasızlıq və alçaqlığa əl atırsa, bunun cavabı savaş olmayacaqsa, bəs, nə olacaq, görəsən, təcrübəli diplomat bunu doğrudanmı bilmir?!

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Rusiya XİN rəhbərinin fikirləri bizim üçün yeni məsələ deyil: “Lavrov həmin adamdır ki, bir vaxtlar Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın daxili işi hesab etməmişdi, onun çoxsaylı görüş və danışıqlarda Ermənistanın vəkili kimi çıxış etməsini də biz unutmamalıyıq və belə bəyanat verməsi o demək deyil ki, biz bunu Rusiyanın mövqeyi kimi qəbul etməliyik. Lavrovun Ermənistandakı hər hansı ermənidən heç bir fərqi yoxdur. Onu da bilməliyik ki, Rusiya Ermənistana nə qədər simpatiya göstərsə də vaxtilə BMT TŞ -nın qətnamələrinin verilməsinə etiraz etməyən bir ölkədir və bu erməni kökənli Kiril Lavrov da o illərdə BMT-də Rusiyanı təmsil etmişdi. Onun budəfəki anti-Azərbaycan mövqeyi də ondandır ki, son zamanlar bizim XİN rəhbərinin və digər səlahiyyətli şəxslərin dilindən ATƏT-in Minsk Qrupunun vasitəçiliyinin heç bir effektiv nəticə vermədiyi səsləndirmələri səbəb olub. Rusiya Azərbaycanın bu vasitəçilikdən imtina etməsindən qorxmasa da, ən azı ehtiyatlanır”.

S.Lavrovun “Rusiya, ABŞ və Fransanın Dağlıq Qarabağ münaqişəsinə vahid yanaşması mövcuddur. Bu, çox nadir bir vəziyyətdir”, sözləri də diqqət çəkir. Bəli, biz də dəfələrlə bildirmişik ki, hətta bir-biri ilə “soyuq müharibə”də olmasına baxmayaraq, Moskva və Vaşinqton Qarabağ məsələsində eyni mövqe sərgiləyir. Bu mövqe isə işğalı stimullaşdıran, savaşı istisna edən mövqedir. Lakin bu da faktdır ki, hər dəfə Paris, yaxud Vaşinqton danışıqlarda təşəbbüsü ələ alanda cəbhədə ciddi hadisələr baş verir və təxribatlara Kremlin de-fakto tabeliyində olan düşmən tərəf əl atır. Ekspertimiz də həmsədrlərin yanaşmasında pozitivlik görmür. Q.Çaxmqalı: “Lavrovun guya ki, digər həmsədrlərin bu məsələdə eyni mövqedə olduğunu ifadə etməsinin doğru tərəfi budur ki, hər üç ölkə Dağlıq Qarabağa status verilməsi məsələsində eyni fikirdə olmuşlar. Bu isə son nəticədə Azərbaycanın Dağlıq Qarabağ ərazisini itirəcəyinə gətirib çıxaracağından onu qəbul etmirik. Onların mövqeyini qəbul etmək mümkün də deyil. Amma Minsk Qrupunda olan Amerika və Fransanın məsələyə baxışlarının Rusiyanınkı ilə tamamilə üst- üstə düşmədiyini də bilirik. Elə olmasaydı, bu məsələ ilə bağlı illərdir rəqabətin getdiyinin şahidi olmazdıq. Başqa münaqişələrlə Dağlıq Qarabağ problemini eyniləşdirmək də Lavrovun məsələyə münasibəti fərqli yönə daşımaq cəhdidir, bu, erməni üsuludur. Bənzər beynəlxalq münaqişələrin xarakterini araşdıran hər kəs bilir ki, nə Kosova, nə Kataloniya, nə də digər problemlər Qarabağ məsələsinə bənzəmir. Bənzəsəydi, yaxud uyğun olsaydı, ermənilər dünyanı dağıdardılar. Erməni ideoloq və siyasilər onun üzərinə getmədilər. İndi bunu Lavrovun səsləndirməsi sanki ermənilərə bir işarə vermək kimidir. Amma faydasız cəhddir. Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bütün dünya qəbul edir: Rusiya və digər ölkələrin Təhlükəsizlik Şurasının üzvü olduqları BMT də. İndi necə çıxıb deyə bilərsən ki, Dağlıq Qarabağ Ermənistanındır?” Q.Çaxmaqlı hesab edir ki, bu, məsuliyyətsiz bəyanatdır və Azərbaycan bu ifadəyə görə izahat tələb etməlidir: “Cənab Lavrov Paşinyan adlı provakatorun son günlər söylədiyi fikirlərə münasibət bildirməli idi, bu iddialara münasibət bildirmirsə, demək onun təmsil etdiyi ölkə vasitəçi ola bilməz. Artıq Rusiya Lavrovun simasında tərəf tutur və Azərbaycan Rusiya və digər ölkələrin vasitəçiliyindən imtina etmək qərarını qəbul edərsə, haqlı olacaq və inanıram ki, xalqımız da bu addımı dəstəkləyəcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə fərqli düşünür: “Moskva ilk dəfə rəsmi səviyyədə “Qarabağ Ermənistandır” fikri ilə razılaşmadığını açıqladı”. Ekspert düşünür ki, Dağlıq Qarabağın Kosovoya bənzədilməsi İrəvanın xeyrinə deyil: “Əgər Kosovo məntiqindən yanaşsaq, Kreml nə Qarabağın Ermənistana birləşdirilməsinin, nə də müstəqilliyinin tərəfdarı olmalıdır”. Ancaq E.Şahinoğlu da bu fikirdədir ki, Kremlin bu siyasətinin davamlı olacağını söyləmək çətindir: “Kreml sadəcə Nikol Paşinyanı qəbul etmir, ancaq Ermənistandan vaz keçmək fikri yoxdur”. Ekspert deyir ki, Putinin İrəvan səfərindən çıxış edərək “Rusiya Ermənistandan üz döndərir” kimi eyforiyaya qapılmamız da doğru olmaz. “Bu gün Ermənistanda rəhbər Paşinyandırsa, sabah Kremlin görmək istədiyi başqa “yan” ola bilər”.

Hər halda, İrəvan sammitindən dərhal sonraya təsadüf edən Soçi görüşü Moskvanın Bakıya münasibətinin real nümunəsidir. Paşinyanı soyuq baxışlarla süzən Putinin Azərbaycan prezidenti İlham Əliyevə isti münasibəti milli maraqlarımızın təmin olunmasında ciddi əhəmiyyətə malik olan amildir. Ermənistan üçün gerisayım başlanıb, demək olar...
“Yeni Müsavat”скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.