XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Lerik sakinləri icra başçısını niyə məhkəməyə verir? - ŞİKAYƏT

Lerik sakinləri icra başçısını niyə məhkəməyə verir? - ŞİKAYƏT

Lerik sakinləri icra başçısını niyə məhkəməyə verir? - ŞİKAYƏT
27-04-2017, 17:33

“Çayın dibini eləcə hey qazırlar, qazırlar... Sonra da deyirlər, filan yerdə torpaq sürüşdü, ev-eşik uçqun altında qaldı”. Lerikin Piran kəndinin sakinləri danışırlar ki, kənddən keçən Ləkər və Piran çaylarının dibləri qazıldığından ətrafında dərin yarğanlar əmələ gəlib. Çayın dibini eşənsə iş adamlarıdır – çınqıl çıxarırlar.
Kənd sakini Bəybala Hacıyev deyir, piranlılar özləri dəfələrlə çınqıl daşıyan iritonajlı maşınların qarşısını kəsiblər: “Yolu da bağlamışıq, maşınların qarşısını da kəsmişik, ancaq nə faydası... Daşıyanlar deyirlər, biz kimik ki, günəmuzd işləyirik, sifariş edirlər, göndərirlər, gəlib çınqıl daşıyırıq. Çınqıl da əsasən Bakıya daşınır. Bir də milyonçuların bağlarına...”
Sakinlərin narahatlığına səbəb son vaxtlar cənub zonasındakı torpaq sürüşmələri riskləridir. Bir tərəfdən davamlı yağıntılar, bir tərəfdən qazıntılar yarğanların çoxalmasına və gündən-günə dərinləşməsinə səbəb olur: "Hansısa işbazlar pul qazanır, bir azdan biz kəndlilər yorğan-döşəyimiz qoltuğumuzda, ortalarda qalacağıq. Bir azdan eşidərsiz ki, Piranda evlərin ətrafında torpaq sürüşməsi olub, evlərin divarları aralanıb. Hamısının səbəbi kənddən keçən çayların qazılmasıdır, torpağın altında boşluqlar əmələ gəlir, boşluqlar genişlənir, yarğanlar belə yaranır".
Ancaq dərd təkcə çayların dibinin qazılması deyil. Həm də bu çaylara çirkabların axıdılmasıdır. Kənd sakini Babək Piranlının deməsinə görə, çaylara yaxın ərazilərdəki sexlərdən çaya hər gün çirkab və zibil axıdılır: "Çay kənarlarında çoxlu taxta sexləri, quşçuluq təsərrüfatları yaradılıb. Quşçuluq fermalarında toyuqları kütləvi kəsib başlarını, qanlarını çaya buraxırlar. Taxta sexlərində toplanan zibillər də çaya tullanır. Halbuki, Piran çayının suyundan həm suvarmada, həm məişətdə, həm də içməli su kimi istifadə edirik. Daha doğrusu, vəziyyət o həddə çatıb ki, uzun müddətdir içməli suyu pulla alırıq".
1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsindən bildirilib ki, çaydakı qazıntılar qanunidir: “İcra hakimiyyəti ilə şirkət arasında uzunmüddətli müqavilə var. Çayın çirklənməsinə gəlincə, son vaxtlar belə hallara rast gəlinməyib. Əvvəllər olub və bunu edən şirkət də cərimələnib".
Lerik rayon icra hakimiyyətindən isə bildirilib ki, çayda aparılan qazıntılar nəzarətdədir. Qazıntılar çayın məcrasına və ətraf ekologiyaya zərər vurmadan aparılır.
Kəndlilərsə çayı icarəyə götürmüş sahibkarla icarəyə vermiş icra hakimiyyətini məhkəməyə vermək qərarına gəlib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.