SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM

Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM

Tarix:

24-09-2020, 09:17

/ 1 029 dəfə oxundu.
Yardımlıda təhsil sistemi çöküb... - İTTİHAM

Yardımlı rayonunda təhsilin keyfiyyətiylə bağlı şikayətlər bitmək-tükənmək bilmir. Rayon sakinlərinin çoxu Yardımlı Rayon Təhsil Şöbəsinin fəaliyyətindən narazı olduqlarını bildirirlər. Təhsil şöbəsinin fəaliyyətində yol verdiyi nöqsanların nəticəsidir ki, rayon təhsili uçurumun bir addımlığındadır.

MillətinSəsi.info xəbər verir ki, təhsil şöbəsinin müdiri Manaf Balışov işinin öhdəsindən layiqli şəkildə gələ bilmədiyindən rayon təhsilinin keyfiyyətindən söz belə gedə bilməz. Manaf Balışovun uğursuz fəaliyyəti Yardımlı rayonunda təhsil sisteminin düzgün qurulmasına mane olur. Verilən məlumatlarda göstərilir ki, təhsil şöbəsinin müdiri bir sıra ciddi nöqsanlara yol verməkdədir.

Şikayətdə bildirilir ki, Manaf Balışov Yardımlı Rayon Təhsil Şöbəsinə işçi götürərkən müvafiq qanunları yaddan çıxarır. Təhsil sistemindən başı çıxmayan adamları işə götürür. Öz yaxın adamlarına təhsil şöbəsində iş verir. Savadlı kadrlara isə qıraqdan baxmaq qalır. Ona görə rayon təhsili keyfiyyətindən narazı olanların sayı durmadan artır. Bundan başqa rayon məktəblərində çalışan müəllimlərin çoxu da ali təhsili olmayanlardır.

Hansısa kursu bitirmiş şəxslər müəllim adıyla orta məktəblərdə çalışırlar. Adi kursda bir neçə ay təhsil almış şəxslər şagirdlərə nə öyrədə bilərlər. Əlbəttə ki, heç nə. Bütün bunlar isə təhsil şöbəsinin müdirinin işləridir. Şöbə müdiri nəyinsə müqabilində bu cür şəxslərin təhsil sahəsində çalışmalarına imkan yaradır.

Bütün bunların hamısı onu göstərir ki, şöbə müdiri öz maraqlarına xidmət etməklə məşğuldur. Rayon sakinlərinin istəkləri Balışovu ilgiləndirmir. Dəfələrlə sakinlər təhsil şöbəsinə müraciət ediblər ki, məktəblərə savadlı kadrlar təyin etsinlər. Hər özünü müəllim adlandıran şəxsləri təhsil sahəsinə gətirməsinlər. Belə gedərsə, Yardımlı rayonunda təhsilin keyfiyyətindən söhbət belə getməyəcək.

Təhsil Nazirliyinin müəllimlər üçün təşkil etdiyi imtahandan keçə bilməyən şəxslər hazırda Yardımlı rayonunda yerləşən orta məktəblərdə müəllim kimi işləyir. Bu işdə şöbə müdirinin marağının olması istisna edilmir. Buradan belə başa düşmək olar ki, şöbə müdiri Manaf Balışov birbaşa yeni təhsil naziri Emin Əmrullayevə saymazlıq sərgiləyir, nazirliyin keçirdiyi imtahanları şübhə altına alır və imtahandan keçə bilməyən insanı işlə təmin edir.

Təəssüf ki, Manaf Balışov barəsində mediada tənqidi yazılar getsə də, şöbə müdiri fəaliyyətində əsaslı dönüş etmir. Hələ ki, onun ünvanına deyilən tənqidlərdən nəticə çıxarmır.

Bundan başqa, şöbə müdiri büdcə vəsaitlərini təyinatdan yayındırır. Büdcənin hara xərcləndiyini yalnız Balışov bilir.

Bir sözlə, Yardımlı rayonunun təhsil sistemi uçurumun bir addımlığındadır. Təhsil Nazirliyinin rəhbərliyi bu şəxsin qeyri-qanuni əməllərinin qarşısını almasa, rayonun təhsili dibi görünməyən uçuruma yuvarlanacaq. Ümid edirik ki, yeni təhsil naziri Emin Əmrullayev işinin öhdəsindən layiqincə gələ bilməyən və işinə məsuliyyətsiz yanaşan, qazanc mənbəyi kimi baxan Manaf Balışov barəsində lazımi tədbir görəcək.

Daxil olan müraciəti olduğu kimi təqdim edirik:

"Biz sizə Yardımlı rayonunda yazırıq. Yardımlı rayonunda problemlər çoxdur, əhalisinin sayına göre kiçik ucqar dağ rayon olmağına baxmayaraq, Yardımlı rayonu çox ziyalılar yetişdirib. Ziyalılarında yetişmeyində ən başlıca tehsildir. İndi isə, Yardımlı rayon təhsili elə bir vəziyyətdədir ki, məktəblərdə demək olar ki, dərslər keçirilmir, təhsil işçiləri məktəblərə baş çəkmir uşaqların davamiyyəti çox aşağıdır.Bunun da başlıca səbəbi Təhsil Şöbəsinin müdiri Manaf Balaşovdur. Yardımlı rayonuna digər rayonlardan Təhsi Nazirliyinin xətti ilə gələn kadrlar 1 ay işləyib qaçırlar.

Belə ki, bu vəzifəyə təyin olunandan sonra kadrların işə götürülməsində yığdığı pulların,təhsilə ayrılan vəsaitlərin yeyilməsi hesabına Bakı şəhərinin yolunu tanımayan bir adam Bakı şəhərində təmtəraqlı villası, son model cip, bu bəs etmədi Yardımlı rayonunda Bakı şəhəri arasında olan rayonların hər biriində evi maşını.Buna subut olaraq araşdırsanız Salyan rayonunda iki mərtəbəli villası həmçinin maşını yəni bir sözlə Manaf Balaşov Təhsil Nazirliyinin tapşırıqlarına məhəl qoymadan Yardımlı rayon sakinlərinin inkişafı üçün yox öz şəxsi mənafeyi, madiyyatı üçün çalışmaqdadır.

Burdan Təhsil Nazirliyindən soruşmaq istəyirik ki, bu sizin göstərişinizdir ki, Manaf müəllim Yardımlı rayon sakinlərinin təhsilini mehv elesin ya xəbəriniz yoxdur bu kadırınızn əməllərindən? Görün Manaf müəllim nə qədər təhsilin pulun mənimsəyib ki ildə iki dəfə estetik əməliyyat etdirir yəni hobbisidir.

Xahiş edirik ki, bu barədə bir tedbir görülsün Yardımlı rayon təhsili məhv olmaq üzrədir. Tehsil Nazirliyinin vakansiya çıxartdığı vakant vəzifələrə təyin olunanlardanda Manaf Balaşov 3000-5000 min manat pul tələb edir, onun üçündə kadrlar işləmək isdəmir. İnanırıq ki Təhsil Nazirliyi bu barədə bir ölçü götürəcəkdir..."

P.S. Məsələ ilə bağlı Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Balaşovla əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəfi də dinləyib, münasibətin ictimailəşdirməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ