XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Şəki sakini Prezident İlham Əliyevə müraciət etdi – Şəki Məşğulluq Mərkəzi iş vermir

Şəki sakini Prezident İlham Əliyevə müraciət etdi – Şəki Məşğulluq Mərkəzi iş vermir

Şəki sakini Prezident İlham Əliyevə müraciət etdi – Şəki Məşğulluq Mərkəzi iş vermir
26-08-2020, 11:32

Şəki rayonunun Baş Göynük kənd sakini Salamov Baba Məmmədiyyə oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova,Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə,Maliyyə naziri Samir Şərifova,İqtisadiyyat naziri Mikayıl Cabbarova,AR Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya,Ombudsman Aparatını sədri Səbinə Əliyevaya, Şəki rayon İH-nin başçısı Elxan Usubova və KİV nümayəndələrinə müraciət ünvanlanıb.Vətəndaş Baba Salamov müraciətində 9 nəfərlik ailəmi dolandırmaq üçün mənim və ya ailə üzvlərindən birinin sosial işlərə cəlb olunmağı barədə çoxsaylı müraciətlərinə baxmayaraq Şəki rayon Məşğulluq Mərkəzi tərəfindən get-gələ salındığı üçün yuxarıda göstərilən aidiyyatı orqanların rəhbərlərindən kömək istəyir.

Aktualinfo.org vətəndaş Baba Salamovun müraciətini olduğu kimi oxuculara təqdim edir.

Mən,Salamov Baba hazırda 30 ildir ki, 7 övladımla birlikdə 1 otaqlı uçuq bir daxmada yaşayıram.Yəni, 9 nəfərdən ibarət ailənin uzun müddətdir ki,ilin bütün fəsillərində 1 otaqlı uçuq evdə yaşamasının nə demək olduğun izah etməyə ehtiyacı yoxdur.Evimizin yaxınlığında olan kiçik bir torpaq sahəsində dirrik məhsulları, meyvə-tərəvəz əkib birtəhər acından ölməmək üçün yaşayırıq.Evimiz düz kəndimizin girəcəyindədir. Hər dəfə kəndimizə gələn rəhbər qonaqlara çalışmışam ki, daxmada yaşadığımız vəziyyəti göstərib bir köməkli etməsini xahiş edim. Bəziləri adamı heç saymır, bəziləri isə yalandan vəd verib, tələsik qapımdan çıxıb gedirlər. Həyat yoldaşım Mehparə də, mən də bu günə kimi bir maaş gələn işdə işləməmişik. Elə bu gün də evimizə bir qara qəpik də girmir. Sağ olsunlar yaxşı qonşuları və xeyirxah insanları. Ailəmin ağır dolanacaq vəziyyətini görüb əl tutan da olur, məsxərəyə qoyub gülənlər də.

Bir kəndli olaraq ömür boyu arzusunda olduğum mal-heyvan saxlaya bilməmişəm. Heç tövləm də olmayıb. Amma birtəhər toyuq-cücə saxlaya bilirəm. Mən Salamov Baba Məmmədiyə oğlu 7 uşaq atası kimi iş olanda sevincək gedib kiminsə qapısında nökərlik edirəm ki, axşama evə bir parça çörək aparım. Doğudur, kənddəki evimizdən 20 km kənarda pay torpağımız olsa da imkansızlıqdan gedib gələ, əkib becərə bilmirik. Sadəcə icarəyə verib, hər il üçün 300 manat pul alıram. Vəssəlam.

Dəfələrlə evimin otağının genişlənməsi üçün Şəki rayon İcra Hakimiyyətinə ayaq döymüşəm.Dəfələrlə, rayon Məşğulluq İdarəsinə gedib gəlmişəm ki, qoy gəlib öz gözlərilə əvvəlcə görsünlər sonra ünvanlı sosial yardım ayırsınlar. Amma nə fayda. İndi hər yerdən ümidimi üzüb dərd-qəmlə evimdə oturub özümə sakit ölüm arzulayıram. Digər tərəfdən uşaqların gələcək taleyi məni narahat edir.Son 4 aydır ki, Şəki Məşğulluq İdarəsinə gedib yalvar yaxar edirəm ki, heç olmasa cənab Prezidentin göstərişi əsasında kəndlərdə sosial işlər üçün ayrılmış yerlərdən biri ilə də məni təmin etsinlər. Baxarıq, gözlə, yerlər dolub, …və s. boş boş sözlərdən başqa cavablar eşitmirəm.

25 iyun və 25 iyul yazılı müraciətlərimdən sonra məni ƏƏSMN-nin Şəki Məşğulluq Mərkəzinin müdiri Abdulla müəllim yanına çağırıb son müraciətimlə — (sosial təyinatlı işlə təmin olunmağım barədə ) əlaqədar yuxarılara cavab vermək xatirinə söhbət apardı. Və bildird ki, sənin üstündə torpaq payı oduğuna görə belə bir işlə təmin edə bilmərik. Dedim axı kəndimizdə, qonşu kəndlərdə mənim kimi torpağı olanların 30-40-ı belə işlərə cəlb olunub axı. Biz də bilirik ki, hər kənddə belə işə cəlb edilənlər aldıqları 250 manatın nə qədəri özlərinə çatır.Onda xahiş etdim ki, o zaman üstündə torpaq payı olmayan 1995-ci ildən sonra anadan olan işsiz övladlarımı bir işlə təmin edin ki. ailədə hamılıqla bu pandemiya dövründə acından qırılmayaq. Nə bir kq un yardımı verən var, nə 190 manat verən var. Belə də olmaz axı. Siz mənim yaşayışımı, real acınacaqlı vəziyyətimizi görmürsünüzmü?

Bu il martda həyətyanı sahəmə əkdiyim toxum kartofu ailəliklə acından ölməmək üçün aprelin əvvəlində təzədən basdırdığımız torpaqdan çıxarıb yemək məcburiyyətində qaldıq. İndi bütün kənd kartof toxumunu yenidən çıxarıb qazana töküb bişirdiyimiz reallığı kəndimizdə lətifə kimi danışıb gülən də olur, ağlayan da.

İndi düşünürəm ki, bu bürokratların qapısında günlərimi keçirincə qoy, son ümidim yeri kimi Cənab Prezidentə müraciət edim. Bilirəm ki, o çox xeyirxah insandır. Və inanmışam ki, bir gün cənab Prezident mənə də köməklik edə bilər. Odur ki,mən bir daha cənab Prezidentimizdən xahiş edirəm ki, ailəmin düşdüyü ağır vəziyyəti nəzərə alaraq ailə üzvlərimizdən heç olmasa birini sosial işə cəlb edilməsinə köməklik göstərsin. Məni də bir də idarələrə çağırıb formalizm xatirinə yola verməsinlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.