XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Göygölün başçısına ittihamlar: “Niyə həbs edilmir?”

Göygölün başçısına ittihamlar: “Niyə həbs edilmir?”

Göygölün başçısına ittihamlar: “Niyə həbs edilmir?”
27-02-2020, 08:28

Arif Seyidov Göygölə 2007-ci ildən icra başçısı təyin olunub. Onun 13 ilə yaxın fəaliyyəti dövründə rayonda heç bir irəliləyiş olmayıb.

Göygöl kimi səfalı bölgəmiz problemlər içində boğulmaqla bərabər, qanunsuzluqlar, saxtakarlıqlar, mənimsəmələr rayonu başına alıb.

Bu barədə rayon sakinlərindən biri facebook-da video müraciətində açıqlayıb. O, A.Seyidova ağır ittihamlar səsləndirərək, Göygölü talamaqda, maliyyə rəisi Oqtay Əliyevlə əlbir olmaq büdcə vəsaitlərini çırpışdırmaqda günahlandırıb.

Göygöl sakini video müraciətində qeyd edir ki, Ağstafanın həbs edilən icra başçısı Nizaməddin Quliyev kimi Arif Seyidovun da əməlləri araşdırılmalı, həbs olunmalıdır.

Onun sözlərinə görə, bu illər ərzində icra başçısının missiyası yaxın adamlarını, qohumlarını ətrafına toplamaq, onlara vəzifələr paylamaq, Göygöl İH-ni ailə podratına çevirmək olub.

Başçı müavini Kəmalə İbrahimova ilə həyat yoldaşının onun yaxın adamları olduğu, hətta Fikrət adlı 70 yaşlı qudasına vəzifə verdiyi bildirilir.

Video çıxışında Göygöl sakini qeyd edir ki, icra başçısı onu qəbula gedərkən qapıdan qovub, həbslə hədələyib, mərkəzi hakimiyyətə yazdığı şikayətlərə görə təhdid edib.

“Arif Seyidov bu dövr ərzində müxtəlif vəzifələrdə işləyənlərin yerlərini dəyişsə də, maliyyə müdiri Oqtay Əliyevə toxunmayıb.

Çünki rayondakı yeyintilərdə maliyyənin xüsusi yeri var. Bu gün Arif Seyidov Göygölü talan edib, torpaqlarını satıb, böyük pullar mənimsəyib”.

Onun dediyinə görə, Göygölün icra başçısı prezident İlham Əliyevə rayona içməli su verildiyini məruzə edib:

“Amma mən palçıqlı su gəldiyini sübut etdim, bu haqda yazdım. Deyilənə görə, bundan sonra Arif Seyidov möhkəm sıxışdırılıb, vəziyyətdən çıxmaq üçün yuxarılarla dil tapıb ki, bu iş ört-basdır olsun”.

KİV-də yayılmış xəbərlər də rayon sakininin dedikləri ilə üst-üstə düşür. Dia.az yazmışdı ki, Göygöldə başçının qəbuluna düşmək çox müşkül məsələdir.

Hətta müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxırlar.

Maraqlıdır ki, son bir il ərzində rayon ərazisində aparılan anti-korrupsiya əməliyyatları nəticəsində həbs edilən bir neçə müəssisə rəhbərinin icra başçısı Arif Seyidovun yaxın qohumları olduğunu hamı bilir.

Eyni zamanda məlum olur ki, dövlətin külli miqdarda əmlakı mənimsənilib və əlbəttə ki, bütün bunlar icra hakimiyyəti başçısının himayəsi altında baş verir.
İcra başçısına məxsus olduğu deyilən mal-heyvanın videosu sosial şəbəkələrdə yayılıb. Kadrda danışan yerli sakinin sözlərinə görə, videodakı ərazilər A.Seyidov tərəfindən zəbt olunub, otlaqlar onun fermer təsərrüfatına xidmət edir.

Sakinlər bildirirlər ki, örüş sahələrini ələ keçirən icra başçısının fəaliyyəti araşdırılmalıdır. Onun vəzifəsi İH rəhbəri olaraq yerli camaatın problemləri ilə maraqlanmaq, Göygöldə yerli idarəetmə strukturunun başında olmaqdır. Amma icra başçısı fermerə çevrilib, mal-heyvan saxlayır.

Gundemxeber.Az xəbər verir ki, Göygöl camaatı A.Seyidovun otlaqları “işğal” etdiyini bildirirlər. Bu azmış kimi, rayonda fermerlərin başına oyun açır, onlardan “haqq” alır.

Prezident onu icra başçısı təyin etməyib ki, otlaqları ələ keçirsin, mal-heyvan saxlasın. Dünyanın hansı ölkəsində əyalət başçısı məmur özünə hörmət qoymayıb qoyun-quzu təsərrüfatı açar?

A.Seyidov isə insanları o həddə çatdırıb, otlaqları özünküləşdirərək narazılıq yaradıb ki, artıq məsələ sosial şəbəkəyə çıxır, video kadrlar yayılır.

"Göygöl rayonunun icra hakimi Arif Seyidov məndən 10 min manat pul istədi. Pulum olmadı verməyə, torpağı başqa adama satdı. Anam, yoldaşım, qaynanamın hamısının yanında məni söydü" - Göygöl rayonu Hacıməlik qəsəbəsindən Muraz kəndli fermer təsərrüfatının müdiri Mahir Tağıyev bir neçə il qabaq şikayətində belə demişdi. Yəni, bu, bir təsdiqdir.

Göygöl rayonu məmur tapdağı altında inildəyir. Ərazilər qarış-qarış satılıb, torpaqlar məmurlar arasında bölüşdürülüb.

Deyilənə görə, A.Seyidov Gəncənin keçmiş icra hakimi Elmar Vəliyevə böyük ərazilər, torpaqlar, Hacıkənddə hektarlarla massiv bəxşiş edib

A.Seyidovun özünə məxsus isə Aşıqlı, Toğanalı, Hacıkənd, Mixaylovka kəndlərində evləri var. Şəhər bələdiyyəsi Mikayıl Hacıyev sayəsində Göygöldə bir qarış torpaq qalmayıb.

Bir müddət əvvəl də Arif Seyidovun oğlu Samir Seyidovun dəbdəbəli həyatı sosial şəbəkələrin əsas mövzusu oldu.

Samir Seyidovun şəxsi profilində paylaşdığı görüntülərdən aydın olur ki, bahalı avtomobillər, hədiyyələr, əyləncə həyatı məmur oğlu üçün adi haldır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.