SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Seyfəlidə 3 milyonluq əməliyyat: Alimpaşa Məmmədov torpaqları peşkəş edir - Dosye...

Seyfəlidə 3 milyonluq əməliyyat: Alimpaşa Məmmədov torpaqları peşkəş edir - Dosye...

Tarix:

6-04-2018, 09:58

/ 6 190 dəfə oxundu.
Seyfəlidə 3 milyonluq əməliyyat: Alimpaşa Məmmədov torpaqları peşkəş edir - Dosye...

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovla İnzibati Ərazi İdarətmə şöbəsinin müdiri Rasim Mustafayev Seyfəli kəndinin örüş sahəsini tikinti üçün yüzlərlə şəxsə satıblar

FİA.Az-ın əldə etdiyi məlumata görə, bu alqı-satqı əməliyyatından təkcə Rasim Mustafayevin 3 milyondan çox qazanc götürdüyü bildirilir. İcra başçısı isə bu bazarlıqdan daha böyük gəlir əldə edib.

Görünür ki, ortada 10 milyona yaxın vəsait var. Keçmiş vergilər naziri Fazil Məmmədovun adamı olan hazırkı icra başçısı ümumiyyətlə, Şəmkirə təyinat aldığı tarixdən rayonu talayır. Onun satmadığı torpaqlar, incitmədiyi sahibkarlar qalmayıb.

R.Mustafayev isə A.Məmmədovun qara işlərini həyata keçirən məmurdur. Rayonda onların əlindən dad edirlər və sabiq başçı Nazim Veyisovun xiffətini çəkirlər.

Bundan əlavə, yayılan xəbərlərə görə, şöbə müdiri Şəmkirin Morul kəndinə gedib və döyülüb, maşını sındırılıb. O, ad gününü qeyd etmək üçün özünün “Nissan Partol” markalı, Az 57 CD 557 nömrə nişanlı maşınla Morul kəndinə yollanıb.

Həbsdə olan qaynının evinə gedən şöbə müdirini az sonra kəndin sakinləri söhbətə çağırıblar. Mübahisə zəmində R.Mustafayevə xəsarət yetirildiyi iddia olunur.

Bildirilir ki, hadisə zamanı ona məxsus maşın yararsız hala salınıb və həmin gündən maşın yoxa çıxıb.

Bildirilir ki, başçının dəyişkən xasiyyəti onun idarə, müəssisə və təşkilat rəhbərləri ilə xoş olmayan münasibətinin yaranmasına səbəb olub. Qeyri-səmimi mühit, qərarların tez-tez dəyişdirilməsi 210 min əhalisi olan rayonu qarışdırıb.

A.Məmmədov rayona başçı təyin olunandan sonra özünə xurma biznesi yaratmağa can atıb. Aldığı minlərlə xurma tingini rayon ərazisində boş olan sahələrə əkdirməyə başlayıb.

A.Məmmədov hətta Şəmkirdəki Şəhidlər Xiyabanının ərazisinə də xurma ağacları əkdirib. Amma başçının xurma biznesi alınmayıb. Tinglər quruyub...

Media üzərindən yazırıq ki, A.Məmmədov sonra özünü maralçılıq biznesində sınamağa qərar verib.

Başçı istəyini gerçəkləşdirmək üçün Çənlibel kəndi ərazində fermer təsərrüfatı yaradıb. Həmin təsərrüfata vaxtilə Çənlibel bələdiyyəsinin sədri olmuş Sabir adında şəxsi rəhbər təyin edib.

Ən maraqlı məqamlardan biri də odur ki, başçı fermada bəslənəcək maralların yem təminatını yerli icra nümayəndəliklərinə və bələdiyyələrə həvalə edib.

Şəmkirdə 48 bələdiyyə, 42 icra nümayəndəliyinə ildə maral fermasına 1000 manat civarında qeyri-rəsmi yardım göstərilməsi tapşırılıb.

Təsərrüfat qısa müddətdə yaradılsa da, ora marallar gətirilməyib. Amma maralların yeminin pulunu 48 bələdiyyə və 42 icra nümayəndəliyindən artıq alıblar..

A.Məmmədov rayona başçı təyin olunandan sonra Şəmkir rayonu ərazisində yerləşən bələdiyyələrin maliyyə durumu həddindən artıq pisləşib.

Dövlət büdcəsindən hər il bələdiyyələrə ayrılan dotasiya Şəmkirdə təyinatı üzrə çatmayıb.

Belə ki, bu il iyulun əvvəlində Maliyyə Nazirliyinin Şəmkir bələdiyyələrinə ayırdığı dotasiya icra başçısının göstərişinə əsasən Şəmkir Şəhər Bələdiyyəsinin hesabına köçürülüb. Bu köçürmədə A.Məmmədovun özəl marağı var.

Ərazisi nisbətən az olan kənd bələdiyyələrinə 60-70 min manat, daha böyük əraziyə malik olan kənd bələdiyyələrinə isə 100-120 min manat dotasiya ayrılsa da, bu pullar kəndlərin sosial problemlərinin həllinə, bələdiyyələrin inkişafına xərclənmir.

Şəhər bələdiyyəsinin sədri Vüqar Həsənovla icra başçısı Alimpaşa Məmmədovun yaxın olması da hər kəsə bəllidir. Bu yaxınlıq təsadüfi deyil. İcra başçısının anadan olduğu Salyan rayonunda biznesi var.

Salyanda və Şəmkirdə biznes və vəzifə maraqları A.Məmmədovla şəhər bələdiyyəsinin sədrinin münasibətlərinin daha sıcaq edib.

Bu münasibətlər milyonlarla dotasiyanın təyinatından kənar xərclənməsinə yol açıb. Şəmkir kəndlərində yolsuzluq, sosial problemlər də həll edilməmiş qalır.

Büdcədən rayona ayrılan vəsaitlərin dağıdılması, mənimsənilməsi də adi haldır. Şəmkirdə tenderlərin əksəriyyətinin qalibi “21-ci Əsr” MMC olur. Bu MMC-nin icra başçısına bağlılığı haqda məlumatlar var.

Qeyd olunur ki, tenderlərin əsas devizi olan “Ucuz qiymət, yüksək keyfiyyət” Şəmkirdə keçərli deyil. Rayonda keçirilən tenderlərdə “21-ci Əsr” MMC-dən savayı bir neçə MMC də iştirak edir.

Lakin həmin MMC-lər bir qayda olaraq qiyməti “21-ci Əsr” MMC-nin göstərdiyi qiymətdən artıq göstərirlər.

Nəticədə başçıya məxsus olması iddia edilən MMC qalib gəlir. Bu faktlarla bağlı Şəmkir İcra Hakimiyyətinin mövqeyini yayınlamağa hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ