SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "BMT öz qərarlarının icrasını təmin edə bilmədi" - Tofiq Musayev

"BMT öz qərarlarının icrasını təmin edə bilmədi" - Tofiq Musayev

Tarix:

22-10-2023, 10:20

/ 273 dəfə oxundu.
"BMT öz qərarlarının icrasını təmin edə bilmədi" - Tofiq Musayev

Azərbaycan suveren ərazilərinin qonşusu Ermənistan tərəfindən 30 illik işğalı regional və beynəlxalq səviyyədə daha çox iş görülməsinin vacibliyini xatırladır.

Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev dünya təşkilatının Təhlükəsizlik Şurasının "Dialoq vasitəsilə sülh: regional, subregional və ikitərəfli mexanizmlərin mübahisələrin sülh yolu ilə həllinə töhfəsi" mövzusunda keçirilən açıq debatlarda "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması" bəndi üzrə bəyanatında bildirilib.

İclas iştirakçılarına Ermənistanın Azərbaycan ərazilərinin 30 illik işğalından dolayı regional və beynəlxalq səviyyədə daha çox iş görülməsinin vacibliyini vurğulayan diplomat bunun beynəlxalq hüququn yanlış interpretasiyasına qarşı durulması üçün gərəkli olduğunu diqqətə çatdırıb: "Beynəlxalq birlik Azərbaycana və xalqımıza qarşı təcavüzün, etnik təmizləmə və vəhşilik cinayətlərinin qarşısını ala bilmədi, öz qərarlarının icrasını təmin edə bilmədi. Münaqişənin həllinə kömək məqsədilə ATƏT çərçivəsində aparılan vasitəçilik səyləri heç bir nəticə vermədi. Hər şeyin öz adı ilə çağırmaq yerinə, beynəlxalq hüquqa münasibətdə ikili standartlar və seçicilik, həmçinin “münasib tarazlığı” saxlamaq cəhdləri təcavüzkarı yalnız cəsarətləndirdi". 

Onun sözlərinə görə, "sonsuz cəzasızlıq ümidi”nə qapılan Ermənistan sülh prosesinə laqeyd olub: “Bütün səylərini atəşkəs və sülh prosesi pərdəsi arxasında Azərbaycanın işğal olunmuş ərazilərini müstəmləkələşdirməyə yönəltmiş və bu ərazilərə 30 ilə yaxın beynəlxalq girişin qarşısını effektiv şəkildə almışdı. Belə siyasətin məğlubiyyəti qaçılmaz idi".

Eyni zamanda, Tofiq Musayev Azərbaycanın 44 günlük müharibədə özünümüdafiə hüququndan istifadə edərək yüzlərlə yaşayış məntəqələrini işğaldan azad etdiyini, bu savaşda erməni tərəfinin bütün iddialarına rəğmən mülki sakinlərə atəş açmadığını vurğulayıb. O, iclas iştirakçılarına xatırladıb ki, Azərbaycan ordusu Ermənistan silahlı qüvvələri, həmçinin ona tabe olan terrorçu və muzdlu qruplaşmalarla vuruşub: "Münaqişədən sonrakı sülh perspektivlərinə və beynəlxalq tərəfdaşların yardımı ilə bu məqsədlə göstərilən səylərə baxmayaraq, Ermənistan ərazi iddialarını davam etdirməyə üstünlük verib, silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmaqdan imtina edərək, ölkəmdə zorakı etnik separatizmi və yerdə silahlı təxribatların artmasını daha da qızışdırıb". 

Bundan başqa, daimi nümayəndənin müavini sentyabrın 19-20-də Qarabağda keçirilən lokal hərbi tədbirlərə toxunaraq onların səbəblərini də dinləyicilərin diqqətinə çatdırıb: "Bu tədbirlər BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində dövlətlərə verilmiş hüquq və vəzifələrə tam uyğun olaraq və beynəlxalq humanitar hüquqa ciddi riayət olunmaqla həyata keçirilib. Onlar 24 saatdan az davam etdi və keçmiş işğal rejiminin və onun strukturlarının ləğvi və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində təslim olması və tərk-silah edilməsi ilə yekunlaşdı".

Diplomat bildirib ki, Bakı beynəlxalq ictimaiyyətdən Ermənistanı öz beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə təşviq etməsini gözləyir: "Bu kritik məqamda biz beynəlxalq ictimaiyyətdən Ermənistanı öz beynəlxalq öhdəliklərinə ciddi əməl etməyə, dezinformasiya və mezinformasiya son qoymağa və regionda sülh və sabitliyin qurulması səylərində sədaqətlə iştirak etməyə təşviq etməsini gözləyirik.

Bəzi qeyri-regional dövlətlərin öz müstəmləkə keçmişinin və indisinin təcrübəsini Cənubi Qafqaza sırımaq və regionda ksenofob siyasətlərini genişləndirmək cəhdləri, o cümlədən Ermənistanı silahlandırmaq və onun nifrət təbliğatını dəstəkləmək sülhə xidmət etmir"

Bəyanatın sonunda Tofiq Musayev qeyd edib ki, Azərbaycan regionda sülh quruculuğunu inkişaf etdirmək əzmində qətidir: "Azərbaycan regionda sülh quruculuğu, barışıq, reinteqrasiya və inkişafı daha da yaymaqda, o cümlədən ədaləti təmin etmək, öz xalqının təhlükəsizliyinə və rifahına, dövlətin suverenliyinə və ərazi bütövlüyünə hər hansı təhlükənin qarşısını almaq və dəf etmək əzmində qətidir". 

Şərhlər

XƏBƏR LENTİ