Respublikamızın iri yaşayış məntəqələrindən olan Fuzuli rayonu 1827-ci ildə yaranmışdır. Həmin vaxtdan formalaşmış və Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin rayonu adlandırılmışdır. Rayonun mərkəzi Qaryagin qəsəbəsi olmaqla Qozlucayboyu, Kondələnboyu, Arazboyu və Fuzuli – Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. Zəngin infrastruktur və tarixi abidələrə malik olan ərazidir. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə mütəşəkkil, qüdrətli ordu formalaşdı və onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yarandı. Ümummilli Liderimizin əsasını qoyduğu milli dövlət quruculuğu və Azərbaycan Ordusunun müasir səviyyədə qurularaq gücləndirilməsi prosesinin düzgün inkişaf etdirilməsi nəticəsində ordumuzun formalaşdırılması, torpaqlarımızın layiqli şəkildə qorunması işinin təşkili istiqamətində qəti addımlar atıldı.
2020-ci il 27 sentyabr tarixində Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin komandanlığı ilə başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Bu döyüşlərdə Füzuli rayonundan 80 nəfərədək sakin şəhid olmuş, 300 nəfərədək sakin yaralanmışdır. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa sahibdir.
Vətən müharibəsinin gedişində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək döyüş meydanında Vətənin bütövlüyü uğrunda apardığımız mübarizə milli həmrəyliyin daha bir bariz nümunəsi oldu. 44 günlük Zəfər yürüşünün nəticəsi olan möhtəşəm Qələbə Azərbaycan dövlətinin milli gücünü, xalqımızın sarsılmaz həmrəyliyini və mübarizə əzmini - bütün dünyaya nümayiş etdirdi.
Dövlət başçısı İlham Əliyev Füzuli şəhərində Azərbaycanın üçrəngli bayrağını qaldırdı. Sonradan Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Son bir ildə ölkə rəhbəri Füzuliyə 4 dəfə səfər etmişdir. Bu səfərlər çərçivəsində, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının, Horadiz-Ağbənd dəmir yolu xəttinin, Füzuli-Hadrut avtomobil yolunun təməli qoyuldu, Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında yaradılan şəraitlə tanışlıq və “Füzuli” yarımstansiyasının açılışı olmuşdur.
Aynur Xəlilova - publisist