SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İSLAM RƏHBƏRİNİN MÜDRİKLİYİ VƏ UÇURUMA YUVARLANAN DÜNYA

İSLAM RƏHBƏRİNİN MÜDRİKLİYİ VƏ UÇURUMA YUVARLANAN DÜNYA

Tarix:

2-06-2017, 14:47

/ 276 414 dəfə oxundu.
İSLAM RƏHBƏRİNİN MÜDRİKLİYİ VƏ UÇURUMA YUVARLANAN DÜNYA

Cəmiyyətdə ictimai münasibətlərin formalaşmasında və müxtəlif siyasi cərəyanların bir kontekstdən digərinə ideya-məzmun transferinin reallaşmasında fərd-zaman əlaqələrinin özünəməxsus rolu var. Tarix boyu ziddiyyətlərlə dolu vaxtın meydana gətirdiyi bəşər övladlarının və böyük şəxsiyyətlərin yaratdıqları dövrlərin şahidi olmuşuq. Ötən əsrin 79-cu ilində öz nuru ilə nəinki qədim İranı, qoca Şərqi, bütün dünyanı isitmiş və işıqlandırmış İslam İnqilabının banisi İmam Xomeyni (r.ə) belə uca məqam sahiblərindən, ötən 40 il isə məhz sözügedən həmin müddətlərdəndir. Bəli, Ayətullah əl-Üzma Ruhullah Xomeynini şah rejiminin caynağında və yadelli müdaxiləçilərin tapdağında inləyən, məzlumların fəryad səsləriylə dolu bir mühit doğdu. O Həzrət də Allah-təalanın bəxş elədiyi iman, elm, mübarizlik ruhu ilə şəhidpərvər kütlələrin başında duraraq, Qurani-kərimə söykənən idarəçilik, sadə insanların hüquqlarının tanındığı məmləkət, xalqın öz təbii sərvətlərinə sahib çıxdığı formasiya, başqalarının ibrət dərsi götürdüyü xoşbəxt dövran qurdu. İran İslam İnqilabının daim heyrətdə qoyduğu dünyada bu tarixi hadisə haqqında çox yazılıb, danışılıb, indidən sonra da milyon cildlərlə kitablar qələmə alınacaq. Bizim məqsədimiz isə mərhum İmamın peyğəmbərcəsinə uzaqgörənliyi zəminində digər ölməz əsərləri ilə yanaşı, neçə illər öncəki "İlahi-siyasi vəsiyyətnamə"sinin bugünkü aktuallığı və cahanşümul fikirlərinin gələcəkdə rəhbər tutulması barədə söhbət açmaqdır.
Siyasi xadimlərin tarixdə çoxlu kitablar müəllifi və alim kimi qalmaları xatirinə yaradıcılıqla məşğulluğu (S.Niyazovun "Ruhnamə"si) və külli miqdarda pul hesabına işi başqasına gördürüb hazır yazıya imza qoymaları (L.Brejnevin "Xam torpağ"ı və sair) faktları hörmətli oxuculara yaxşı tanışdır. Lakin İslam rəhbərləri həmişə Allah-təalanın Qurani-kərimdə "And olsun qələmə və onunla yazılanlara" nidasından çıxış edərək, sözə müqəddəs bir varlıq təki yanaşmış, ürəklərinin hökmü ilə, insanları maarifləndirmək və Haqq yoluna dəvət üçün yazmışlar. Həm də ki, Xomeyni həzrətlərindən ötrü "Nəhcül-Bəlağə", "Səhifeyi-Səccadiyyə" kimi gözəl ənənə və digər fundamental örnəklər vardı ki, ilham pərisinin təkid etdiyi, yaxud yazmadan yaşamağın qeyri-mümkün olduğu hallarda qələmə sarılırdı: "Fəxr edirik ki, Qurandan sonra bəşəriyyətə ən yaxşı maddi və mənəvi yaşayış yolunu göstərən və onlara tam azadlıq bəxş edərək səadətə çatmaq üçün səsləyən "Nəhcül-bəlağə" kitabı bizim məsum imamıza məxsusdur. Biz Əlidən (ə) tutmuş, Allahın qüdrəti ilə indiyə kimi diri qalan və işlərimizə nəzarət edən bəşəriyyətin xilaskarı Həzrət Məhdi Sahib əz-Zamana (əc) kimi bütün imamların rəhbərlərimiz olduqlarına fəxr edirik. Biz imamların "Şəbaniyyə münacatı"na, İmam Hüseynin "Ərəfat duası"na və böyük Allah tərəfindən xanım Zəhraya (s) ilham olunmuş "Səhifeyi-Fatimiyyə"yə güvənirik."
Sətirlər arasından isə o dahi insanın şəxsiyyətini daim yüksəldən incə təvazökarlığı boylanır: "Mənim və mənim kimilərin qələmləri uca mələkut, ordan da lahutadək genişlənmiş və bütün varlıq aləmini əhatə edən, ağlımıza sığmayan irfan məqamı barəsində yazmaqda acizdir."
İmam Xomeyninin öz "Vəsiyyətnamə"sinə məşhur "Səqəleyn" hədisi ilə başlaması heç də təsadüfi deyil: "Mən sizin aranızda iki qiymətli şey (əmanət) qoyub gedirəm: Allahın kitabı və Əhli-beytim. Bu iki əmanət Kövsər hovuzunun kənarında mənim yanıma gələnə kimi (Qiyamət gününə qədər) bir-birindən ayrılmazlar."
Müəllif bu iki əmanətin qeybi, mənəvi və irfani dərəcələri barəsində danışmır. Allah düşmənləri tərəfindən həmin müqəddəsatın başına gətirilən işləri sadalamağa da məlumat azlığı və vaxt məhdudluğu imkan vermir. Amma haqlı olaraq vurğulayır ki, bəşəriyyət tapşırılan əmanətlərdən ayrı düşdüyü və onun uca məqamının həqiqətlərini dərk edə bilmədiyi üçün başına çox böyük müsibətlər gəlmişdir: "...Qan ağlanılası lazım olan təəssüfləndirici məsələlər Həzrət Əlinin (ə) şəhadətindən sonra başlandı. İslam düşmənləri Qurandan özlərinin Quran əleyhinə olan hökumətlərinin idarəçiliyi üçün bir vasitə kimi istifadə etdilər. Bütün Quranı şəxsən Peyğəmbərin (s) özündən eşidən, Onun "mən sizin aranızda iki böyük və qiymətli şey (əmanət) qoyub gedirəm" kəlmələri hələ də qulaqlarında səslənən düzgün təfsirçilər və həqiqətə bələd şəxsləri müxtəlif bəhanələrlə, qabaqcadan işlənib hazırlanmış planlarla uzaqlaşdırdılar və həqiqətdə, bəşəriyyət üçün Qiyamət Gününə kimi ən böyük maddi və mənəvi yol göstərən Quranı həyat səhnəsindən çıxartdılar. Bu müqəddəs kitabın məqsədlərindən biri olan ilahi ədalətlə idarə olunan hökumətin üzərindən qara bir xətt çəkdilər və beləliklə də Allahın kitabı, din və sünnətdən azmağın təməlini qoydular. İş o yerə çatdı ki, adam onları yazmağa belə utanır..."
Bəs, hətta yazılması utanc, düşünülməsi xəcalət hissi törədən məqamlar hansılardır? Sokratın təbirincə desək, nə üçün bəşər övladı həmişə gözəllikləri sevir, ancaq pisliklərə meyl eləyir? Bəlkə də "Vəsiyyətnamə" hazırlanan vaxt çoxlarının maskaları yırtılmadığından və informasiya texnologiyaları indiki səviyyədə inkişaf etmədiyindən bu sənədin əsl mahiyyətini anlamağa çətinlik çəkirdik. Lakin ötən müddət ərzində irticanın içimizdə məskən saldığı, düşmənin bizi öz əlimizlə vurduğu, xüsusilə də bu məsələdə satqın, riyakar bozbaş mollalarından istifadə edildiyi aydınlaşdı. Sabir demişkən, "çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur". "Vəsiyyətnamə"də Allah-təalanın sonuncu və ən mütərəqqi dininin müqəddəs Kitabından sui-istifadə halları da kəskin tənqid edilir. Sanki müəllif həmin hissəni sovet Azərbaycanındakı müşahidələrinə əsasən qələmə almışdır: "Bundan sonra iş o yerə çatdı ki, zalım hökumətlər və onlardan daha pis olan bəzi xəbis axundlar Qurandan, Allah düşmənlərinin fitnə-fəsad və cinayətkar əməllərinə haqq qazandırmaqda bir vasitə kimi istifadə etdilər. Təəssüflər olsun ki, Quran - bəşəriyyətin müqəddəratını həll edən bu kitab, hiyləgər düşmənlər və nadan dostlar əliylə elə bir vəziyyətə salındı ki, ondan yalnız qəbirstanlıq və yas məclislərində oxumaq üçün istifadə olunur. Müsəlmanların və bütün bəşəriyyət aləminin birlik rəmzi və yaşayış kitabı olan Quran onların təfriqə və ixtilaf alətinə çevrildi. Yaxud da bütünlüklə insanların həyat səhnəsindən çıxarıldı. Görürdük ki, İslam dövləti və siyasətdən danışan hər bir adam böyük bir günah etmiş sayılırdı, halbuki Peyğəmbərin, Quranın, İslamın əsas rolu elə ondan ibarət idi. Əvvəllər də "siyasi axund" kəlməsi "dinsiz axund" kəlməsi ilə bir mənada başa düşülürdü, indi də!"
"Vəsiyyətnamə"ni oxuduqca öz ölkəsini və xalqını səadətə çatdırdığından xoşbəxt görünməli olan Liderin gizli nigarançılığını, ürək ağrılarını duymamaq mümkün deyil. Çünki İmam bütün varlığı ilə dərk edirdi ki, Həzrət Məhəmmədin (s) ümməti təkcə İran sərhədləri daxilində yaşamır. Dünya müsəlmanları vəhdət yarada bilmədiklərindən beynəlxalq imperializmin əsarətindən qurtulmayıblar. Hələ də ayrı-ayrı ərəb ölkələrində marionet rejimlər və onların xarici himayədarları məzlum xalqa divan tutmaqla məşğuldurlar. Əziz Peyğəmbərimiz isə qonşusu ac halda özü tox yatan şəxsi öz ümmətindən saymırdı.
Bundan əlavə, "Vəsiyyətnamə"də müasir zəmanəmizdə də mövcud olan zahiri ibarəbazların, mömin qiyafəsinə girərək Quranla pərdələnənlərin iyrənc məqsədləri, çoxdan dini kontekstdən çıxmış və dəhşətli bəlaya çevrilmiş vəhhabiliyin haradan qaynaqlandığı və yayılma arealı cəsarətlə ifşa olunur: "Son zamanlar böyük şeytani qüvvələr özlərini İslam dövləti kimi qələmə verən, əslində isə İslam qayda-qanunlarından çıxmış dövlətlər vasitəsilə Quranı məhv etmək və öz şeytani niyyətlərinə çatmaq məqsədi ilə onu gözəl xətlə çap etdirərək, ətraf məntəqələrə göndərirlər. Belə şeytani hiylələrlə Quranı səhnədən uzaqlaşdırırlar. Biz hamımız Məhəmməd Rza Pəhləvinin çap etdirdiyi Quranı və bu vasitə ilə bir qrup insanı aldatdığının şahidi olduq. Bir qrup İslamın məqsədlərindən xəbərsiz axundlar onu bu işinə görə mədh edirdilər. Həmçinin bəzi müsəlman dövlətlərində xalqın sonsuz sərvətlərinin çox hissəsinin Quranın nəşri və Quran əleyhinə olan məzhəbin təbliğatına xərcləndiyini görürük. Bu yolla kökündən əsassız və xürafi bir məzhəb olan vəhhabiliyi genişləndirir və nadan millətləri dünyanın hegemon qüvvələrinə doğru sövq edirlər."
Lakin İran İslam İnqilabının əvəzolunmaz memarına uca Tanrı elə böyük ruh yüksəkliyi, mübarizə əzmi və qələbəyə inam əta etmişdir ki, baş verən neqativ hadisələrlə əlaqədar bədbinləşmir. Ona görə ki, Haqq yolunda irəliləyən həqiqət aşiqlərinin başçısı olduğuna heç bir şübhəsi yoxdur, gördükləri işin Allaha xatirliyini və hər hansı şəxsi mənfəət güdülmədiyini dəqiq bilir, xalqın canı-qanı bahasına alınmış azadlığın ardıcılları tərəfindən qorunaraq gələcək nəsillərə çatdırılacağına tam əminliyi var. Onlar ilk növbədə Allahın əmri ilə Peyğəmbərin (s) təsis etdiyi bir məzhəbin davamçıları olduqlarına görə fəxr edirlər: "Fəxr edirik ki, məsum imamlarımız İslam dini, Quranın dirçəlişi və onun təlimlərindən biri olan ədalət və bərabərlik dövləti qurmaq yolunda həbs və sürgün olunmuş, nəhayət zamanın zalım hökumətləri ilə mübarizədə şəhidliyə yetişmişlər."
Mərhum İmam (r.ə) dəyərli fikirlərinin bu yerində rəhbərlik etdiyi inqilabın keçdiyi ağır və şərəfli yola bir daha nəzər salmağı lazım bilir. Axı dünya azadlıqsevərləri üçün İran İslam İnqilabı adlı zamanın sınağından üzağ çıxmış bir model mövcuddur. Mənfur şah rejiminin toplarının mərmiləri altında parçalanan gənclər, zindanlarda divarlara mismarlanan üləmalar, yetimliyin, aclığın, səfalətin acı üzünü görmüş körpələr məhz ilahi idealların tərbiyəsinə görə sınmadılar. Əhli-beytin pak nümayəndələrinin ibrətamiz həyatları və fəaliyyətləri onlardan ötrü əsl örnək oldu: "Millətimizin müxtəlif təbəqələri insan müqəddəratını həll edən bu böyük yolda yorulmadan çalışırlar və öz əzizlərini Allah yolunda qurban verirlər. Biz kiçik, böyük, gənc və yaşlı qadınların İslam və Quranın qanunlarının həyata keçirilməsində kişilərlə çiyin-çiyinə mədəni, iqtisadi və hərbi sahələrdə göstərdikləri fəaliyyətləri ilə fəxr edirik. Müharibə etmək qüdrətinə malik olanlar vacib əməllərdən sayılan İslamı və İslam dövlətini müdafiə etmək məqsədilə hərbi təlimlərdə iştirak edirlər ki, düşmənlərin hiylələri və dostların İslamdan xəbərsizliyi ucbatından İslam və müsəlmanlara dəymiş zərərləri qəhrəmancasına dəf etsinlər. Müharibə etməyə qadir olmayanlar isə arxa cəbhədə xalqı sevindirən, lakin düşməni və düşməndən pis cahilləri qəzəbləndirən dəyərli işlərlə məşğuldurlar. Biz dəfələrlə Zeynəb (s) kimi dəyanətli qadınlar gördük ki, öz övladlarını və bütün var-yoxlarını Allah və İslam yolunda qurban verərək bu işlə fəxr edirlər. Onlar bilirlər ki, bu işdən əldə etdikləri şey nəinki dünyanın ötəri ləzzətlərindən, hətta cənnətdən belə üstündür."
Xomeyni həzrətləri beynəlxalq münasibətlərdə sülh, əminamanlıq, qarşılıqlı anlaşma, insan hüquqlarına hörmət, iqtisadi tərəfdaşlıq, azad ticarət, demokratik mərkəziyyət və digər prinsiplərdən çıxış edir. O, dünyada artıq bir oyanışın başlandığından sevinərək, XX əsrin sonlarına doğru bunun daha da güclənəcəyinə və üçüncü minilliyin cəngəllik qanunlarından imtina dövrü, sivil əlaqələr epoxası olacağına böyük ümidlər bəsləyirdi. Lakin qəribə həssaslıq və uzaqgörənliklə bildirirdi ki, sözügedən proseslər asanlıqla başa gəlməyəcək. Nə qədər ki, beynəlxalq sionizm və onun muzdurlarının qloballaşma, təkqütblü idarəçilik, ali irqin formalaşdırılması, təbii sərvətlərin talan edilməsi və sair çirkin məqsədləri var: "Bu yırtıcılar öz istədikləri mə-qama və alçaq niyyətlərinə çatmaq yolunda nə dost tanıyırlar, nə də düşmən. Bunların başçısı terrorist Amerika dövlətidir ki, başdan-başa bütün dünyanı alova bürümüşdür. Onun müttəfiqi isə öz mənfur məqsədlərinə çatmaq üçün elə cinayətlərə mürtəkib olan dünya sionizmidir."
"Vəsiyyətnamə"nin müəllifi sanki bu gün Suriyada, Qəzzada, İraqda, Əfqanıstanda baş verən qətliamları görür, belə faciələrin, münaqişə ocaqlarının yaranmasında hegemon qüvvələrlə yanaşı, müsəlman ölkələrinin satqın başçılarının da günahkar olduqlarını və məsuliyyət daşıyacaqlarını bildirirdi: "Axmaq bir xülya olan "böyük İsrail" onları hər cür cinayətə sövq edir. Müsəlmanlar və dünyanın məhrum kütlələri fəxr edirlər ki, onların düşmənləri Amerika və İsrailə xidmət göstərmək üçün öz xalqlarına hər cür xəyanət edən dövlət başçılarıdır. Bizim düşmənimiz beynəlxalq hüquq normalarını və insan hüqularını pozması ilə dost-düşmən tərəfindən müttəhim olunan Səddamdır. Hamı bilir ki, onun məzlum İraq əhalisinə və Fars körfəzi ətrafındakı xalqlara etdiyi xəyanət İran xalqına etdiyi xəyanətdən heç də az deyildir." Böyük insan əsl vətənpərvər kimi xalqın qəhrəman mübarizəsi hesabına qurduğu dövlətin inkişafından, yeni-yeni zirvələr fəth etdiyindən qürurlanırsa, həqiqi iman sahibi olaraq qazandıqları bütün qələbələri məhz ulu Yaradana bağlılıqda, Onun və Əhli-beytin yolundan çıxmamaqda görür: "Amerika inkişaf etmiş hərbi təchizata, muzdur dövlətlərə, geri qalmış məzlum xalqların sonsuz sərvətlərinə və bütün informasiya vasitələrinə malik olmasına baxmayaraq, qeyrətli İran xalqı və İmam Zaman (əc) dövləti qarşısında nə edəcəyini və kimdən kömək diləyəcəyini bilmir! Hər kimə üz tutursa, "yox" cavabı eşidir. Bu, xalqları, xüsusilə İran xalqlarını qəflət yuxusundan oyadaraq, şahlıq zülmündən İslam nuruna tərəf istiqamətləndirən uca Allahın qeybi yardımlarından başqa bir şey deyildir."
İmam Xomeyni dünyanın məzlum millətlərinə və İran xalqına tövsiyə edir ki, nə ateist Şərqə, nə də kafir Qərbə bel bağlamasınlar, Allahın neməti olan düzgün yolda möhkəm və əzmlə dayansınlar; bir an belə bu nemətə görə şükür etməyi yaddan çıxarmasınlar: "Son dərəcə ciddi və acizanə şəkildə müsəlmanlardan bəşəriyyət aləminin ən böyük yol göstərənləri olan məsum imamlara tabe olmağı və onların mədəni, siyasi, iqtisadi və hərbi göstərişlərini can-başla, ləyaqət və canfəşanlıqla, hətta lazım olsa, əzizlərini qurban verməklə həyata keçirmələrini istəyirəm. Həmçinin tövsiyə edirəm ki, peyğəmbərlik və imamlıq nümunəsi olan, millətlərin böyüklük və inkişafına zəmanət verən ənənəvi İslam fiqhindən bir an belə uzaqlaşmasınlar, haqqa və dinlə düşmən olan şeytanların vəsvəsələrinə aldanmasınlar".
Dahi rəhbər eyni zamanda namazın siyasi əhəmiyyətini göstərən cümə və camaat namazlarını bir an belə yaddan çıxarmamağı, eləcə də imamların yas mərasimlərini, xüsusilə şəhidlər ağası olan məzlum İmam Hüseynin (ə) əza məclisini keçirməyi unutmamağı tapşırır: "Bilin ki, imamların bu böyük tarixi qəhrəmanlığın qədrini bilmək barəsindəki göstərişlərinə əməl etmək, Peyğəmbər nəslinə zülm edənlərə lənət göndərmək və onlara qarşı nifrət bəsləmək əbədiyyətədək xalqların zalım hakimlər əleyhinə etiraz fəryadları olacaqdır."
Və israrla xəbərdarlıq edir ki, əgər bir addım bu yoldan çıxsalar, məzhəb, İslam hökmləri və ədalətli İslam dövlətinin süqutu başlanacaqdır: "İslam dünyasının Amerika, Sovet İttifaqı, onların əlaltıları, xüsusilə böyük, ilahi Hərəmə (Məkkə) xəyanət edən sülalə tərəfindən məzlum edildiyi bu əsrdə də xəyanətkarlar yada salınaraq lənətlənməlidirlər. Hamı bilməlidir ki, müsəlmanların, xüsusilə on iki imamçı şiələrin İslami varlıqlarını qoruyan və vəhdətini təmin edən məhz bu siyasi mərasimlərdir". (ABŞ-İsrail cütlüyünün himayəsindəki “Ərəb NATO-su”nu və bu oyuncaq qurumun fəaliyyət proqramını bir daha yadınıza salın...)
Əzabkeşlərin pənahgahı sonda siyasi-ilahi vəsiyyətnaməsinin təkcə İran xalqına deyil, bütün müsəlmanlara və milliyyətindən asılı olmayaraq dünyanın məzlum kütlələrinə məxsusluğunu bir daha xatırladır.
"İlahi-siyasi vəsiyyətnamə" ilə təkrar tanış olduqdan sonra gözlərimin qarşısında müsəlman Azərbaycanımızın müstəqillik yolunda rastlaşdığı maneələr, beynəlxalq güclərin əliylə viran edilmiş gözəl Qarabağ və yurd-yuvasından didərgin düşmüş bir milyon insanın acınacaqlı taleyi, eyni zamanda guya münaqişənin nizamlanması üçün hər ay bölgəyə turist səfəri edən həmsədrlərin - üç müşketyorun istehzalı baxışları canlanır. Gör, biz nə sadəlövh millətik və dərdimizin çarəsini harada axtarırıq?! Bütün sadalananlardan və tarixin ibrət dərslərindən nəticə çıxarmadan BMT qətnamələrinin icrasını gözləmək, ABŞ-dan, Fransadan, Rusiyadan öz halal torpağımızı ummaq fizioloji kütlükdən və siyasi naşılıqdan başqa bir şey deyil. Məhz bu məqamda İmam Xomeyninin vəsiyyətnaməsin son cümlələri - Allah dərgahında qəbul olunan dualarla da sözümü yekunlaşdırıram: "Əziz və böyük Allahdan acizanə şəkildə istərdim ki, bizi və millətimizi bir an belə özbaşına buraxmasın. Həmçinin Öz qeybi köməklərini İslam övladları və əziz döyüşçülərdən əsirgəməsin!" Amin.

Qurban Cəbrayıl

Şərhlər

XƏBƏR LENTİ