XalqXəbər.Az

XalqXeber.Az » Siyasət » Əliyev-Ərdoğan-Paşinyan üçlü görüşü... niyə də olmasın? - HƏQİQƏTƏN DƏ...

Əliyev-Ərdoğan-Paşinyan üçlü görüşü... niyə də olmasın? - HƏQİQƏTƏN DƏ...

Əliyev-Ərdoğan-Paşinyan üçlü görüşü... niyə də olmasın? - HƏQİQƏTƏN DƏ...
2-10-2021, 16:36


“Paşinyanın sülh istədiyini inkar etmirəm, ancaq o, arxa cəbhə sarıdan arxayın olmalı və dəstək hiss eləməlidir. Xalq arasında dəstək var və biz buna Ermənistan parlamentinə keçirilən seçkilərdə əmin olduq. Digər tərəfdən, Paşinyanın təşəbbüskarlığını və cəsarətli qərarını görmürük”.


Bu sözləri “Vestnik Kavkaza” erməni tarixçi, Ermənistan-Azərbaycan Vətəndaş Platformasının idarə heyətinin üzvü Artur Ağacanov söyləyib.

“Beldə rüqzaq eyforiya və qələbə ayrı bir şeydir, amma daima müxalifətə sarı boylanmaqla hərəkətlər başqa şey. Bəlkə də o sülh istəyir, amma istəmək bir şeydir, bacarmaq ayrı şeydir. Bundan başqa, təkcə Azərbaycanla deyil, Türkiyə ilə də münasibətləri normallaşdırmaq vacibdir. Amma ilk növbədə o, qonşu Azərbaycana diqqət yetirməli və Zəngəzur dəhlizi məsələsini həll etməlidir. Üstəlik, bu dəhliz Türkiyəyə qədər uzanır. Paşinyan, Əliyev və Ərdoğanın üçtərəfli görüşünü də keçirmək olar”, - Ağacanov söyləyib.

Bəs belə üçtərəfli formatda görüş mümkünmü və bu görüş böyük sülhü nə dərəcədə yaxınlaşdıra bilər?

Siyasi şərhçi Əhəd Məmmədli görüşün olacağına inanır: “Əliyev-Ərdoğan-Paşinyan görüşü mümkündür və fikrimcə, gec-tez baş verə bilər. Düşünürəm ki, üçlü formatında bu görüşün baş verməsi Ermənistanın Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanımasından və İrəvanın qardaş Türkiyəyə qarşı ərazi iddialarından imtina etməsindən sonra baş verə bilər. Bu cür görüş əvvəldə baş verə bilər. Əliyev-Ərdoğan-Paşinyan görüşü sülh müqaviləsi öncəsi hazırlıq görüşü də ola bilər. Üçlük formatında görüş Ermənistanın Azərbaycanla sülh müqaviləsinə yaxınlaşdıra bilər. Lakin tez bir zamanda bu cür görüşün olacağını düşünmürəm. Çünki Ermənistanın Rusiyasız Türkiyə və Azərbaycanla bir masa arxasında oturacağı inandırıcı görünmür.

Ermənistan Rusiyadan asılı ölkədir və bu asılılıq qaldırılmayana qədər İrəvandan müstəqil beynəlxalq siyasət gözləməyək. Bu üçlü formatlı görüşə Rusiya da qoşulsa, Əliyevin Paşinyanla görüşü daha tez baş tuta bilər. Ortaya sual çıxır, özünün iştirakı ilə belə Moskva bu cür görüş, bu görüşdə Ankaranın iştirakını, İrəvanın Bakı və Ankara ilə sülhünü istəyirmi? Fikrimcə, bir çox söylənilənləri istəmir. Lakin bu o demək deyil ki, hər şey rusların arzu və istəkləri ilə baş tutmalıdır. Bəlkə bir il bundan əvvəl belə idi, amma artıq belə deyil. 44 günlük müharibə hər şeyi olmasa da, çox şeyi dəyişdi. Ona görə Bakı və Ankara İrəvana təzyiqlərini davam etdirib, şərtlərini qəbul etdirib, işğalçını sülh müqaviləsinə məcbur etdirməlidir”.

Beynəlxalq əlaqələr üzrə ekspert Azər Hüseynov yaranan suallarla bağlı bunları dedi: “Paşinyan prezident Ərdoğan və prezident Əliyevlə görüşə bilər. Nə üçün? Çünki o ”arzuları" olan baş nazirdir. Avropaya inteqrasiya-filan istəyirdi. Amma ordu onun planlarını yanı üstə qoydu. İndi erməni cəmiyyəti də bunu istəyir. Amma deyə bilmirlər. Paşinyan bir də amerikalılardan “icazə almalıdır”. Görüş olarsa bölgədə tarazlıq alınar. Türkiyə, Amerika və Rusiya təsiri balanslaşar. İndi bu “Mişa” da gəldi. Bölgədə yeni oyunçular var. Zəngəzur isə inşallah açılacaq. Bu prosesi Ermənistan saxlaya bilməz".

Siyasi analitik Asif Nərimanlının isə mövqeyi belədir: “Son proseslər Bakı və Ankaranın bu format üzərində də işlədiyini göstərir və bu formatda görüşün mümkün məkanı Gürcüstandır. Erməni terrorçularla mina xəritələrinin barter edilməsində ilk vasitəçiliyi ABŞ-ın təşəbbüsü ilə Gürcüstan etdi. Paşinyan Ərdoğanla görüş təklifini də Qaribaşvili vasitəsilə göndərib. Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qaribaşvili ilə görüşdü və 25 dəqiqə çəkən görüşün əsas mövzusunun da İrəvanla münasibətlərdə Tiflisin vasitəçiliyi olduğunu düşünürəm. Bu görüşdən sonra Qaribaşvilinin regionda vasitəçilik platforması olmaq istədiklərini açıqlaması da bu fikri gücləndirir. Gürcüstanın baş nazirinin Bakıya səfərində də bu məsələ aktual mövzulardan olduğunu hesab edirəm. Bölgədə əsas vasitəçiliyi Rusiya oynayır, lakin belə formatın Rusiyada olması ehtimalı azdır. Çünki Moskva tam neytral deyil və Qarabağ üzərindən bölgədə maraqları var. Bu baxımdan, Gürcüstan alternativi üzərində düşünüldüyünü hesab etmək olar. Fikrimcə, bu həm də Rusiyaya qarşı masada əlimizi gücləndirməyə hesablanmış məsələdir. Bakı və Ankara Moskvanın vasitəçiliyini qəbul edir, lakin Gürcüstan platformasının da davamlı gündəmdə qalması iki kontekstdə maraqlıdır. Birincisi, Rusiyaya qarşı alternativ yaradılır və qeyd etdiyim kimi, bu, Moskvanın qarşısında əlimizin gücləndirilməsi, razılaşmalarda maraqlarımızın təmin edilməsinə hesablanıb. Alternativin olması rusları ən azı sərt mövqedən çəkindirə bilər. İkincisi, Bakı-Tiflis-Ankara xəttini qorumaqdır. Azərbaycan və Türkiyə Gürcüstanın proseslərdən kənarda qalmasında maraqlı deyil. Bu həm də ABŞ-ın marağındadır. Fikrimcə, Ərdoğanla Putin Soçidə görüşdüyü gün Qaribaşvilinin Bakıya səfəri bu kontekstdə təsadüfi deyildi və bu, həm Tiflisin regionda ruslara alternativ platforma olmaq istəyindən irəli gəlir, həm də bizim ruslara alternativin mövcudluğu mesajını çatdırmaq baxımından maraqlarımıza uyğundur. Lakin Ərdoğan-Əliyev-Paşinyan üçtərəfli görüşünün Rusiyasız olması ehtimalını zəif görürəm. Moskvanın bunun qarşısını alması üçün rıçaqları var və ruslar bu halda böyük sülhə imkan verməzlər. Üçtərəfli görüşün Moskvada olması isə artıq üç yox, dördtərəfli görüş ola bilər, çünki Rusiyanın da öz maraqları var. Bakı və Ankara da bunu anlayır, bu baxımdan, üçtərəfli formatda görüşün və bunun Rusiyasız platformada olması məsələsinin gündəmdə saxlanılması rusların qurduğu masada əlimizin gücləndirilməsinə xidmət edir”.

“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.