SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan İsraildə səfirlik açmağa hazırlaşır – 30 illik təktərəfli sevgilərə son!

Azərbaycan İsraildə səfirlik açmağa hazırlaşır – 30 illik təktərəfli sevgilərə son!

Tarix:

29-04-2021, 09:31

/ 403 dəfə oxundu.
Azərbaycan İsraildə səfirlik açmağa hazırlaşır – 30 illik təktərəfli sevgilərə son!

Azərbaycan İsraildə öz səfirliyini aça bilər.

Ovqat.com xəbər verir ki, İsrail Xarici İşlər naziri Gabi Aşkenazinin dünən öz Twitter hesabında paylaşdığı bir tvitdən belə anlaşılır.

Aşkenazi dünənki tvitində Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla birlikdə İsrail və Azərbaycan Hökumətlərarası Komissiyanın iclasına həmsədrlik etməkdən məmnun olduğunu yazıb.

O, həmçinin bildirib ki, "bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində atılmış mühüm addımdır".

Qeyd edək ki, İsraildə səfirlik açmaq rəsmi Bakının böyük ehtiyatla yanaşdığı məsələlərdən biridir. Müstəqilliyimizin ilk günlərindən indiyədək Azərbaycan-İsrail arasında yaxın münasibətlər qurulsa da, rəsmi Bakı regional həssasiyyətləri nəzərə alıb Təl-əvivdə səfirlik açmağa tələsmirdi. Buna xüsusilə İranın sərt təpki verəcəyi düşünülür, onsuz da həssas dəngələr üzərində qurulan Bakı-Tehran xəttində əlavə gərginliklərin yaranması istənilmirdi. Nəticədə İsrail 1993-cü ildə, yəni müstəqilliyimizin ilk illərindən etibarən Azərbaycanda səfirlik açsa da, Bakı indiyədək bu diplomatik addıma adekvat cavab verməmişdi. Baxmayaraq ki, İranın strateji müttəfiq saydığı, açıq şəkildə Azərbaycana qarşı dəstəklədiyi Ermənistan belə, İsraildə öz səfirliyini açmışdı və Təl-əvivin ögey münasibətini görüncə, qısa müddətdən sonra onu bağlamışdı. Sirr deyil ki, İsrail Azərbaycanla strateji müttəfiqliyə dəyər verdiyi üçün, loru dildə desək, bizim xətrimizə İrəvana bu ögey münasibəti göstərmişdi.

Azərbaycan isə faktiki olaraq Dağlıq Qarabağ məsələsində ölkəmizə ən böyük dəstəyi verən, xüsusilə də 44 günlük müharibədə öz sədaqətini bir daha ortaya qoyan strateji müttəfiqi ilə diplomatik əlaqələrini indiyədək birtərəfli qaydada yürüdür. Bu natamam diplomatik münasibətlər istər-istəməz strateji müttəfiqlərimizdə müəyyən haqlı suallara yol açır.

Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçi Hikmət Hacıyevin İsrail mediasına son müsahibəsində də bu sual gündəmə gəlmiş və rəsmimiz qaçamaq cavablarla sualdan yayınmağa çalışmışdı. Hikmət Hacıyev bildirmişdi ki, İsrail-Azərbaycan münasibətləri iki ölkənin xalqları arasında səmimi dostluqlara söykənir, hətta bir-birində səfirliyi olan dövlətlərin böyük əksəriyyətində belə əlaqələr tapmaq çətindir. Sözsüz ki, Azərbaycan rəsmisinin cavabı “təbii müttəfiqliyimizi qarşılıqlı diplomatik münasibətlərlə taclandırmağa nə mane olur” sualını doğururdu. Böyük ehtimalla, israilli jurnalist bu sualın cavabını bildiyindən Hikmət Hacıyevi çətinə salmamaq xətrinə onu verməmişdi.

Üstəlik, hazırda Fələstin məsələsinə görə Təl-əvivdən incik düşən ərəb dövlətləri belə, İsraillə münasibətlərini sahmana salmağa çalışır və dövlətlərarası əlaqələrini ən yüksək səviyyəyə çatdırırlar. Belə bir zamanda Azərbaycanın İsraildə səfirlik açmamaqda israrçılığı “Papadan qatı katolik” olmağa bənzəyir ki, bunun da heç bir məntiqi izahı yoxdur.

Ən əsası isə, yaxın qonşuluq və tarixi-mədəni əlaqələrimizə görə İsraillə diplomatik əlaqələrimizi genişləndirmədiyimiz İran belə, bizim ona göstərdiyimiz həssasiyyətə adekvat cavab vermir, açıq-aşkar ermənipərəst mövqe sərgiləyir və din qardaşlığına yaraşmayan addımlar atır. Xüsusilə 44 günlük müharibə zamanı və ondan sonra rəsmi Tehranın ortaya qoyduğu bu mövqe bariz şəkildə ortaya çıxmış, hətta sözügedən ölkənin daxilində belə ciddi etirazlara yol açmış və açmaqdadır. Heç uzağa getməyək, aprelin 24-də Tehranda keçirilən “erməni soyqırımı” mərasimində Azərbaycanın və Türkiyənin əleyhinə səsləndirilən şüarlar, ölkəmizin tərkib hissəsi olan Qarabağın işğaldan azad olunmasını lənətləyən ritorikalar dostanə münasibətlər təsiri bağışlamır, rəsmi Bakının adekvat addımlar atmasını şərtləndirir. Belə bir həssas dönəmdə Azərbaycanın “super naziri” sayılan Mikayıl Cabbarovun İsrailə səfəri və bu ölkənin Xarici İşlər naziri ilə Hökumətlərarası Komissiyanın iclasını keçirməsi təsadüfi görünmür. Gabi Aşkenazinin bu addımı Azərbaycanın Təl-əvivdə səfirlik açması istiqamətində mühüm mərhələ kimi qiymətləndirməsi toplantıda həmin məsələnin də müzakirə olunduğundan xəbər verir.

Yeri gəlmişkən, Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyasının dünənki toplantısı barədə məlumatlar bir həftə əvvəl gündəmə gəlmişdi. “Israel Hayom” nəşrinə müsahibə verən Mikayıl Cabbarov bildirmişdi ki, o, İsrailin Xarici İşlər naziri Gabi Aşkenazi ilə birgə Azərbaycan-İsrail Hökumətlərarası Komissiyasına rəhbərlik edir və həmsədrlərin növbəti həftə bir-biri ilə onlayn görüşü baş tutacaq. İsrail-Azərbaycan münasibətlərinin hazırkı vəziyyətinə işıq tutan müsahibəni təqdim edilirik:

Bakıda “Israel Hayom” nəşrinə verdiyi müsahibədə nazir Mikayıl Cabbarov hökumətlərarası əlaqələrə, ölkələr arasındakı iqtisadi münasibətlərə, ikitərəfli əməkdaşlığın daha da yaxşılaşdırılmasına və gücləndirilməsi imkanlarına, özünün İsrail dövlətinə olan münasibətindən bəhs edib.

İqtisadiyyat naziri qeyd etdi ki, İsrail Azərbaycan üçün üçüncü böyük ixracat yeri olaraq qalır.

“İndiki rəqəmlər bizi qane etmir və iki ölkə arasındakı ticarətin genişlənəcəyinə və güclənəcəyinə ümid edirik”, - deyə M.Cabbarov vurğulayıb.

- Sizcə, ölkələr arasındakı ticarət həcmi hansı sahələrdə genişləndirilə bilər?

- Turizm, kənd təsərrüfatı, xüsusən də aqrotexnologiya sahələrində qarşılıqlı faydalı əlaqələrin genişlənməsi üçün hər cür şərait mövcuddur. Bizim İsrail ilə kiber müdafiə, informasiya texnologiyaları, investisiya, təhsil, su ehtiyatları və səhiyyə sahələrində də səmərəli əməkdaşlığımız var.

Artıq Bakı İsraildə Azərbaycanın turizm bürosunun yaradılması barədə rəsmi qərar verib, həmçinin ticarət bürosunun yaradılması üzərində iş gedir.

Bu, Azərbaycan iqtisadiyyatının göstəricilərində də əks olunub. 2021-ci ilin birinci rübündə ölkə həm qeyri-neft ixracının həcmində, həm də toplanan vergi gəlirlərinin həcmində rekord göstəricilər əldə etdi.

Biz qısa müddətdə iqtisadi əlaqələrin inkişafına, dövlət və özəl biznes dialoqunun təşviqinə müsbət təsir göstərən Azərbaycan-İsrail Ticarət və Sənaye Palatasının yenidən canlandırılmasında da maraqlıyıq.

Biz İsrailin uğurlu peyvənd kampaniyası təcrübəsindən Azərbaycanda da istifadə oluna biləcəyinə əminik. Bu gün peyvənd olunan vətəndaşlarının sayı 15 faizi keçən və peyvəndə əlçatanlığın təmin olunduğu ölkəmiz, vaksinasiya tempinə görə region ölkələri arasında liderdir.

Texnologiya sahəsi də İsrail ilə əməkdaşlığı daha da yaxşılaşdırmaqda maraqlı olduğumuz sferalardan biridir.

- Ticarət həcminizi necə artıracaqsınız?

- Biznesi həddən artıq stimullaşdıra bilərik, lakin hər iki ölkənin fəal ikitərəfli dəstəyi olmadan bunu etmək daha çətindir. Özəl sektorda əlaqələr sürətlə möhkəmlənir.

- İsrail hökumətinin rəsmiləri ilə tez-tez əlaqə qurursunuz?

- Çox vaxt peşəkar səviyyədə ünsiyyət qururuq və bizim çox yaxşı münasibətlərimiz var. İsrailin Azərbaycandakı səfirliyi ilə səmərəli əməkdaşlıq edirik. Eyni zamanda, İsrailin müxtəlif ofisləri ilə də əlaqə saxlayırıq.

- Azərbaycanda dövlətin yəhudi icması ilə əlaqələri üçün hansı vasitələr var?

- Biz əsrlər boyu birlikdə yaşamışıq və Azərbaycan dövlətinin dəyərləri bütün dinlərə və etnik qruplara hörmətə əsaslanır. Bunun sirri sadədir – biz hesab edirik ki, Azərbaycanda yaşayan hər bir etnik qrup cəmiyyətimizin ayrılmaz hissəsidir.

Bir-birimizə hörmət edirik, birlikdə sevinirik və böhranların öhdəsindən gəlirik. İstisnasız dini bayramları qeyd edirik, çiyin-çiyinə mübarizə aparırıq.

Azərbaycan nisbətən gənc ölkədir, lakin bizim uzunəsrlik və zəngin bir tariximiz var. Prezident İlham Əliyev ölkədəki bütün etnik qruplara qayğı göstərdiyi kimi yəhudi icmasına da diqqət yetirir.

Bu il Azərbaycan müstəqilliyinin 30 illiyini, gələn il isə İsrail ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək.

Bizim işimiz ikitərəfli münasibətləri yaxşılaşdırmaq səylərindən ibarətdir və bu səbəbdən də bu əlamətdar ildə müvafiq istiqamətdə işləyəcəyik.

Münasibətlərimizi daha da dərinləşdirmək üçün əlimizdən gələni edəcəyik.

- İsrail dövləti haqqında nə düşünürsünüz?

- Həm nazir kimi, həm də qeyri-rəsmi səfər çərçivəsində bir neçə dəfə İsraildə olmuşam. Düşünürəm ki, İsrail dövləti müstəsna keyfiyyətlərə malikdir.

Bu ölkədə təlimə, təhsilə, elmə hörmətlə yanaşırlar və ürəkdən əmək sərf edirlər. Yüksək həyat səviyyəsi, yüksək ÜDM və yüksək keyfiyyətli ali təhsil xoş təəssürat yaradır.

Ovqat.com

Şərhlər

XƏBƏR LENTİ