SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan öz ətrafında məkrli oyunu pozur – ermənilər xofda

Azərbaycan öz ətrafında məkrli oyunu pozur – ermənilər xofda

Tarix:

23-01-2017, 09:26

/ 1 642 dəfə oxundu.
Azərbaycan öz ətrafında məkrli oyunu pozur – ermənilər xofda

Ötən həftəsonunun Azərbaycandan ötrü önəmli olaylarından biri də yəhudi blogger Aleksandr Lapşinin işi ilə bağlı oldu. Belarusun baş prokurorunun müavini Aleksey Stukun A.Lapşinin Bakıya ekstradisiyası haqda imzaladığı qərar Rusiya XİN başçısı Sergey Lavrov başda olmaqla, bunun əksini gözləyənlər üçün, az qala, açıq səmada şimşək effekti yaratdı.

Həmin qərarda deyilir: “Belarus DİN-in Cəzaların İcrası Departamentinə tapşırılsın ki, Aleksandr Valeryeviç Lapşinin ekstradisiyasına dair qərar qüvvəyə mindikdən sonra onun Azərbaycanın müvafiq orqanlarına təhsil verilməsini təmin etsin. Qəbul edilmiş qərar barədə Azərbaycanın Baş Prokurorluğu məlumatlandırılsın. Bu qərarın bir nüsxəsi A.V. Lapşinin özünə təqdim olunsun, ona qərardan 10 gün müddətində məhkəməyə şikayət etmək hüququnun olduğu izah edilsin”.

***

Ekstradisiya qərarının Rusiyanın baş diplomatı Lavrovun A.Lapşinə verdiyi nümayişkaranə dəstəkdən və anti-Azərbaycan reveransından cəmi bir gün sonraya təsadüf eləməsi xüsusi diqqət çəkir. Bu fakt heç şübhəsiz ki, ən əvvəl Belarus dövlətinin ölkəmizə qarşı növbəti dost münasibətinin göstəricisidir (Yeri gəlmişkən, KTMT-nin baş katibi postuna erməninin gətirilməsini əngəlləyən iki dövlətdən biri Belarusdur. 4 günlük aprel müharibəsi zamanı isə Minsk açıq-aşkar Azərbaycanı müdafiə edərək, İrəvanı hiddətləndirmiş, o üzdən hətta Belarus səfiri Ermənistan XİN-ə çağırılmışdı).

Minskin bu qətiyyəti eyni zamanda Azərbaycan dövlətinin məsələdə israrının nəticəsi, Lavrov kimilərin burnundan vurulması, necə deyərlər, pərt edilməsidir. Nəhayət, Qarabağ separatçılarına, onların dünyadakı gizli-aşkar havadarlarına, işğalçı Ermənistana yaxşı bir dərsdir, ermənilərin anti-Azərbaycan təbliğatına zərbədir. “Bravo”, Minsk!

Bunun ardınca, yəni Lapşin Azərbaycana ekstradisiya edildikdən sonra ölkə prezidenti İlham Əliyev tərəfindən əfv olunsa belə, mahiyyət dəyişməyəcək. Çünki ekstradisiya faktı, bloggerin Bakıya gətirilməsi, - nəyə qarşı ki, Lavrov israrla çıxış edərək, faktiki, Azərbaycan dövlətini aşağılamışdı, - artıq baş tutmuş sayılacaq. Azərbaycan üçün bu qalmaqallı məsələdə ən uyğun variant isə Lapşinin məhz Bakıda bağışlanması olardı. Bağışlanma ehtimalı isə var, hər halda Lapşin rəsmən üzrxahlıq ərizəsi yazıb. Bu, sözsüz ki, Azərbaycanın məsələdə ilk ciddi siyasi-diplomatik və təbliğati uğurudur.

Məsələyə dəxli olan daha bir maraqlı detal - ekstradisiya qərarından bir gün öncə Azərbaycan prezidenti İlham Əliyevin Davosda verdiyi “Rusiyadan yeni silahlar almaq niyyətindəyik” açıqlamasıdır. Görünür, rəsmi Bakı bununla Moskvaya, o sırada Lavrova incə şəkildə anlatmaq istəyib ki, ikitərəfli əlaqələr üçün hansısa bloggerdən də vacib məsələlər var və hərbi-texniki əməkdaşlıq belə hüquqi insidentlərə görə zədələnə bilər...

***

Yada salaq ki, ötən həftə Lavrov açıq şəkildə Lapşinin Azərbaycana ekstradisiyası əleyhinə olduğunu söyləmiş, hətta işğal altındakı Dağlıq Qarabağa qanunsuz səfərləri təşviq eləmişdi. Sitat: “Biz istənilən jurnalist və ya şəxsin (!!-A.X.) dünyanın istənilən yerində hansısa yeri ziyarət etməsini kriminallaşdırmağın və cinayət məsuliyyətinə cəlb etməyin əleyhinəyik. Bu məsələ ilə əlaqədar diplomatik fəaliyyət apardıq. Lapşin eyni zamanda İsrail vətəndaşıdır. İsrail diplomatları da onunla təmasdadırlar. Bütün tədbirləri görəcəyik ki, bu məsələ həll olunsun. Təbii ki, bu, Rusiya vətəndaşının bütün hüquqlarının qorunması şərti ilə ediləcək. Biz israillilərlə birlikdə sıx əlaqədə işləyirik”.

Bir daha xatırladaq ki, yəhudi blogger Azərbaycan dövlətinə qarşı çağırışlarda, işğal altındakı ərazilərə qanunsuz səfər edərək, sərhəd rejimini pozmaqda və separatçı rejimi təbliğ etməkdə ittiham olunur. İsrail, Rusiya və Ukrayna vətəndaşlığı daşıyan qalmaqallı bloqqerin Minskdə saxlanılması böyük siyasi hay-küy yaradıb. Ələlxüsus da işğalçı Ermənistan ciddi şəkildə təlaşlanıb. Çünki ilk dəfə olaraq, separatçı bölgəyə qanunsuz səfər etdiyi üçün konkret şəxs saxlanılaraq Azərbaycana təhvil verilmək üzrədir.

Bu, sözsüz ki, separatçı rejimin təbliğinə ciddi zərbədir. Ermənipərəst xarici işlər naziri Lavrov bu ekstradisiyaya qarşı boşuna çıxmayıb ki. Hətta ABŞ Dövlət Departamenti onun saxlanılmasını “söz azadlığının pozulması” kimi şərh edib.

***

İsrailə gəlincə, bəllidir ki, Azərbaycanın strateji tərəfdaşı olan bu ölkə bloqqerin məsələsi ilə bağlı Azərbaycanla danışıqlar aparır. O da məlumdur ki, İsrail XİN bloggerin Azərbaycandan açıq şəkildə üzr istəməsinin əvəzində onun təqib olunmasının dayandırılmasını xahiş edib. Həmçinin Lapşinin İsraildə yaşayan anası Azərbaycan prezidentinə müraciət edərək, oğlunun bağışlanmasını diləyib.

Lakin belə görünür, rəsmi Bakı Lapşinin ekstradisiyasında israrlıdır. İstisna deyil ki, cinayətkara İsrail, xüsusən də Rusiya səviyyəsində açıq dəstəyin ifadə edilməsi (Lavrov bunu üstəlik, Qarabağ mövzusunda fitnəkar bəyanatı fonunda edib) rəsmi Bakının və ola bilsin, həm də Minskin xoşuna gəlməyib. Yəni əks-effekt yaradaraq, Azərbaycan dövlətinin bir az da prinsipial mövqeyə köklənməsinə gətirib.

Bu da doğru və məntiqlidir. Azərbaycan Ermənistan kimi “əl dövləti” deyil ki, hər xahiş-tələbə “baş üstə” desin. Üstəlik, məsələdə beynəlxalq hüquq, BMT Nizamnaməsi bütünlüklə ölkəmizin tərəfindədir. Əksinə, hansısa dövlətin təsiri altında Azərbaycanın məsələdə azacıq loyallıq sərgiləməsi nəinki separatçı bölgəyə qanunsuz səfərləri şirnikləndirə bilər, eyni zamanda erməni işğalına dolayısıyla haqq qazandırar.

O zaman belə çıxacaq ki, Azərbaycan öz suverenliyinə və sərhədlərinin toxunulmazlığına laqeyd və biganədir. Kəsəsi, məsələ Azərbaycan üçün gerçəkdən də prinsip, “qırmızı xətt” məsələsidir və Bakı sonadək dirəniş göstəməli, bütün siyasi-diplomatik gücünü ortaya qoyaraq ilk testdən uğurlu çıxmalı, dövlət olaraq öz simasını qorumalı, ona qarşı olan məkrli oyunu pozmalıdır. Hələ ki buna nail olur.

***

Belarus baş prokuroru müavininin qərarında hökmdən məhkəməyə şikayət vermək üçün Lapşinin 10 gün vaxtı olduğu vurğulanır. Həmin müddətin artıq yarısı keçib. Bu, o deməkdir ki, həftəsonu məsələyə nöqtə qoyulmasının, bloggerin ekstradisiyasının şahidi də ola bilərik. Çünki apelyasiya məhkəməsi olsa belə, bir gündən artıq çəkməyəcək.

Təsadüfi deyil ki, hamıdan çox ermənilər həmin qərardan bərk əl-ayağa düşüblər. Əlbəttə ki, ermənilər Lapşinin taleyinə görə yox, özlərinin Azərbaycan əleyhinə on illərdir apardıqları Qarabağ təbliğatına vurulacaq labüd və güclü zərbəyə görə təlaş keçirirlər.

Şərhlər

XƏBƏR LENTİ