SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezidentin İrəvanla bağlı planları - Qarşımızda aşılacaq dağlar var...

Prezidentin İrəvanla bağlı planları - Qarşımızda aşılacaq dağlar var...

Tarix:

14-04-2021, 11:20

/ 296 dəfə oxundu.
Prezidentin İrəvanla bağlı planları - Qarşımızda aşılacaq dağlar var...

Azərbaycanın tankla, tüfənglə deyil, dostcasına tarixi torpaqlarına qayıtması mümkün görünürmü?...

Politoloq: “Əgər Ermənistan öz siyasətini, məkirli, separatist niyyətlərini kənara qoysa, Azərbaycanın ərazi bütövlüyü tanısa, onda bu layihədən həm geosiyasi, həm də iqtisadi qazanc götürə bilər”.
“ADA universitetində düşüncə mərkəzlərinin rəhbərləri dünyanın tanınmış politoloqları, tədqiqatçıları ilə keçirilən konfrans yeni geosiyasi reallıqlarla bağlı idi”.
Bu sözləri politoloq İlyas Hüseynov dünən prezident İlham Əliyevin İrəvan haqqında dedikləri fikirləri PİA.az-a şərh edərkən qeyd edib.
Prezident İlham Əliyev dünən ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib:
“Azərbaycan tarixini silmək istəyənlər belə öyrədilib ki, guya onlar qəhrəmandırlar, əslində isə cinayətkardırlar. Azərbaycanlıları qətlə yetirən, soyqırımı törədən Şaumyan və digərləri və başqa misallar var. Beləliklə, biz istəyirik ki, gənc nəsil Zəngəzurun tarixi Azərbaycan ərazisi olmasını bilsin”.
Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev deyib:
“Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. Mən Göyçə deyərkən, onlar hazırda Sevan gölü adlandırırlar. Bu, bir həqiqətdir. 20-ci əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Siz oraya baxarkən Sevan görməyəcəksiniz. Siz orada Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Onlar İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, azərbaycanlılar orada yaşayıblar”.
Dövlət başçısı qeyd edib ki, bu, faktdır. Lakin bu o demək deyil ki, bizim ərazi iddialarımız var:
“Mən demişəm, bəli, biz oraya qayıdacağıq. Mən deməmişəm ki, biz oraya tankla qayıdacağıq. Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq? Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.
Qeyd edək ki, Prezidentin fikirləri kifayət qədər ciddi siyasi mesajlardır. Bəs Prezidentin bu fikirləri məhz indi səsləndirməsinin hansısı siyasi səbəbləri var?
Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.
İlyas Hüseynov: “Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsi, eləcə də İrəvanın paytaxt kimi Ermənistana verilməsi tarixi faktlardır. Bunlar həm də o qədər də dərin keçmişdə olmayan tarixi hadisələrdir”.
Göyçə, Dərəlyaz, İrəvan torpaqlarının Azərbaycanın tarixi torpaqları olduğunu xatırladan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bu torpaqlarla bağlı heç kim tarixi təhrif etməyə qalxmamalıdır:
“Dünən ADA universitetində düşüncə mərkəzlərinin rəhbərləri dünyanın tanınmış politoloqları, tədqiqatçıları ilə keçirilən konfrans yeni geosiyasi reallıqlarla bağlı idi. Bu konfransda cənab prezident bir sıra mühüm məsələlərə toxundu. Dövlət başçısına ünvanlanan suallar yeni yaranan reallıqlar haqqında idi. Çünki yeni reallıqlarda əməkdaşlıq perspektivləri, iqtisadi maraqlar və regional əməkdaşlıq transepsiyaları ilə bağlı müxtəlif fikirlər var. Azərbaycan 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə uyğun olaraq Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin çəkilişi ilə bağlı məsələləri nəzərdən keçirir. Bu prosesi surətləndirmək isə əsas istək kimi görünür.
Hazırda masada 3+3 platforması var. Yəni Azərbaycan, Gürcüstan və Ermənistan, eləcə də digər dövlətlər, Rusiya, Türkiyə, İran bu əməkdaşlıq platformasından uğurlu şəkildə, həm də xalqların rifahı naminə istifadə edəcəklər. Əgər Ermənistan öz siyasətini, məkirli, separatist niyyətlərini kənara qoysa, Azərbaycanın ərazi bütövlüyü tanısa, onda bu layihədən həm geosiyasi, həm də iqtisadi qazanc götürə bilər.
Digər məsələ bundan ibarətdir ki, Ermənistanda fəaliyyət göstərən dəmir yolları Rusiyanın törəmə şirkətidir və burada dəmir yolu ilə bağlı danışıqlarda Rusiyanın bilavasitə iştirakı hiss olunur. Bununla yanaşı aparılan müzakirələr razılaşdırılmış bəyanatın 9-cu bəndinin davamı olaraq Zəngəzur dəhlizinin tikintisi, icrası və istifadəyə verilməsi ilə bağlı olaraq işçi qrupunun formalaşdırılması, onların gələcək perespektivlərlə bağlı müzakirəsini özündə ehtiva edir.
İlyas Hüseynov: “Azərbaycanın dünyanın heç bir dövlətinin torpağında gözü yoxdur”.
Əgər biz Zəngəzur dəhlizindən istifadə edəcəyiksə və Zəngəzur dəhlizi bölgənin rifahına xidmət edəcəksə, eyni zamanda bu dəhliz həm də Mərkəzi Asiya ilə Avropanı birləşdirəcəksə, onda gələcəkdə Azərbaycanın tarixi torpaqları ilə bağlı fəaliyyət diplomatik, siyasi müstəvidə də hiss oluna bilər. Azərbaycanın dünyanın heç bir dövlətinin torpağında gözü yoxdur. Azərbaycan öz torpaqları uğrunda apardığı 44 günlük Vətən müharibəsi dövründə də müharibə qaydalarına uyğun olaraq hərəkət etdi. Yəni bu müharibədə ancaq hərbi obyektlər, düşmənin hərbi ehkam qurğuları, düşmənin canlı qüvvələri və hərbi texnikaları məhv edilib.
Gələcəkdə isə Azərbaycanın tarixi torpaqları olan Göyçə, Dərəlyaz, İrəvanla bağlı diplomatik müstəvidə danışıqlar aparıla bilər. Çünki o torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır və tarixi təhrif etməyə heç kim qalxmamalıdır. Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsi, eləcə də İrəvanın paytaxt kimi Ermənistana verilməsi tarixi faktlardır. Bunlar həm də o qədər də dərin keçmişdə olmayan tarixi hadisələrdir.
Ermənistan İrəvanı alandan sonra İrəvan qalasını tamamilə dəyişib, tarixi abidələrimizi məhv edib və şəhərin tarixini özününküləşdirmək istəyib. Həmçinin də Ermənistan işğal etdikləri bütün rayonlarımızda tarixi faktları silmək üçün vəhşiliklər ediblər. Bunların hamısını dünya ictimaiyyətinə çatdırmaq lazımdır”.

Şərhlər

XƏBƏR LENTİ