XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » Çavuşoğlunun Bakıya səfərində əsas məqsəd

Çavuşoğlunun Bakıya səfərində əsas məqsəd

Çavuşoğlunun Bakıya səfərində əsas məqsəd
7-10-2020, 12:22

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfərində əsas məqsəd son vaxtlar atəşkəsə əməl edilməsi ilə bağlı Azərbaycana edilən çağırışlarla bağlıdır. Bu çağırışları Rusiya, Fransa, Avropa İttifaqı, hətta Amerikada müəyyən qüvvələr edirlər. Onlar bildirirlər ki, danışıqları dayandırın və danışıqlar masası arxasında əyləşin.

Bunu politoloq Qabil Hüseynli Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfərini şərh edərkən deyib.

O qeyd edib ki, erməni işğalçıları hücum edəndə, bir milyondan artıq insanı öz doğma yurd-yuvasından didərgin salanda, Xocalı, Qaradağlı kimi soyqırımlar baş verəndə indi atəşkəsə çağırış edənlər ağızlarına su alıb durmuşdular:

“Sanki heç nə görmürdülər. Amma indi xalq ayağa qalxıb, torpaqlarını azad etmək istəyir. İndi də buna imkan vermək istəmirlər. Azərbaycan başqa torpaqlarda deyil, öz torpaqlarında döyüşür. Buna görə də ölkəmizə təzyiqlər güclənir. Məncə, Çavuşoğlunun səfəri mesaj xarakteri daşıyır. Cənab Ərdoğan bildirir ki, bizə heç kimin məsləhəti lazım deyil, Azərbaycan öz işini yaxşı bilir. Çavuşoğlu da məhz bunu Fransa kimi özündən çıxan, erməni üçün az qala ölümə getməyə hazır olan Makrona mesaj vermək üçün gəlir. Bəli, Azərbaycanın heç kimin məsləhətinə ehtiyacı yoxdur. İndiyədək siz sülhyaratma prosesində heç nəyə nail olmamısınız. Xalqın canını boğazına yığdınız, axırda xalq ayağa qalxıb torpaqlarını tələb etməyə başladı”.

Qabil Hüseynli qeyd edib ki, Türkiyə cəbhə bölgəsində və ondan kənarda baş verən hadisələri yaxından izləyir:

“Ona görə də Çavuşoğlu ilk nəbz yoxlama işinə başlayıb. O, vəziyyəti, Azərbaycana təzyiqlərin xarakterini öyrənəcək. Türkiyə tərəfi müəyyən etmək istəyir ki, Ermənistana canlı qüvvə və texnika ilə hərbi yardım göstərən varmı? Türkiyə bəzi məsələlərlə bağlı məsləhətləşmələr həyata keçirmək istəyir. Yəqin ki, Mövlud bəy geri qayıtdıqdan sonra öz ölkəsinin prezidenti ilə əldə etdiyi bilgiləri bölüşəcək. Bundan sonrakı işlərin necə qurulacağı məsələləri müzakirə ediləcək. Sözsüz ki, hər şey ölkəmizin istədiyi kimi olacaq və Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.