SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Lavrov Paşinyanı məyus etdi - GƏLİŞMƏ

Lavrov Paşinyanı məyus etdi - GƏLİŞMƏ

Tarix:

5-12-2019, 11:04

/ 580 dəfə oxundu.
Lavrov Paşinyanı məyus etdi - GƏLİŞMƏ

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri müzakirə olunmaqda davam edir. Xüsusilə onun Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Azərbaycana silah satmamasına dair çağırışına münasibət bildirərkən dedikləri aktuallığını daha çox qorumaqdadır.

Sitat: “Hərbi texniki sahədə əməkdaşlıq Azərbaycanla strateji tərəfdaşlığımızın vacib sahələrindən biridir. Biz bu əməkdaşlığı şəffaf, beynəlxalq norma və Rusiya və Azərbaycanın qanunlarına uyğun şəkildə inkişaf etdiririk. Biz bu əməkdaşlığı regionda balansa uyğun şəkildə, sabitliyin qorunması çərçivəsində həyata keçiririk”.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov suala münasibət bildirərkən qeyd edib ki, hərbi-texniki sahədə olan əməkdaşlıq daim Rusiya ilə olan danışıqların gündəliyində olub: “Hərbi texniki sahədə ideyalarımız var və gələcəkdə bu ideyaları həyata keçirəcəyik”.

Lavrovun dedikləri Paşinyana sərt sillə kimi dəyərləndirilir. Erməni baş nazirin dediklərinin ardından Rusiyanın bu mövqeyi Azərbaycana münasibətdə ciddi hadisə kimi qiymətləndirilir. Eyni zamanda silah satışında dünyada ön sıralarda dayanan şimal qonşumuzdan yaxın aylarda növbəti dəfə silahlar alınacağı ehtimal edilir. Buna münasibətdə də fərqli mövqelər formalaşıb.

Elşən Mustafayev: “Silah məsələsində balans həmişə əleyhimizə işləyib”

Beynəlxalq münasibətlər üzrə ekspert Elşən Mustafayev Lavrovun dediklərinin arxasında duran mətləblərə toxundu: “Dağlıq Qarabağ konflikti yaranan gündən Rusiya Azərbaycan və Ermənistana hər zaman silah verib. Amma Azərbaycana böyük pullar qarşılığında, Ermənistan isə ya əvəzsiz, ya da simvolik qiymətlərə silah əldə ediblər. Bu işin təməli 90-cı illərin ortasında Ermənistana 1 milyard dollarlıq silahın əvəzsiz verilməsi ilə qoyulub. Bir mühüm məqamı da diqqətdən qaçırmamalıyıq ki, Rusiya bizə nə qədər silah satsa da, hər zaman çalışıb ki, Azərbaycan hərbi sahədə Ermənistanı üstələyə bilməsin. Azərbaycanın hərbi potensialının bu gün Ermənistandan üstün olması səbəbləri Rusiyadan alınan silahlar hesabına deyil. Artıq sirr deyil ki, Azərbaycan Ukraynadan, Belarusdan, İsraildən və digər dövlətlərdən silahlar əldə edib. Aprel döyüşləri zamanı istifadə olunan yüksək texnologiyalı silahların heç biri Rusiya istehsalı olmayıb. Bir başqa məsələ odur ki, Ermənistanın malik olduğu silahlardan əlavə, ərazisində rus hərbi bazaları da mövcuddur ki, bu da bir növ onların təhlükəsizliyinə xidmət edir. Rusiyanın neft və qazdan sonra əsas gəlir mənbəyi silah satışındandır. İstehsal etdiyi silahları satmaq üçün təbii ki, alıcı tapmalıdır. Azərbaycan da onun üçün bir bazardır. Bizim onlardan silah almağımız bizneslərinin tərkib hissəsidir. Lavrovun Bakıda verdiyi bəyanatın Paşinyanın Azərbaycana silah satılmaması ilə bağlı çağırışına əks cavab kimi dəyərləndirmirəm. Rəsmi Moskva nə qədər bəyanatlar versə ki, biz silah satışı ilə bağlı hər zaman balansı saxlayırıq, əslində bu balans həmişə əleyhimizə işləyib. Lavrovun Ermənistanda verdiyi məlum bəyanatdan sonra Bakıda verdiyi açıqlama da anlaşılandır”.

Ramil Məmmədli: “Rusiya Azərbaycana satdığı hərbi texnikanı Ermənistana da verir”

Hərbi icmalçı Ramil Məmmədli çox mühüm mətləblərə toxundu: “Birmənalı olaraq bildirmək istəyirəm ki, Rusiya ilə hərbi-texniki əməkdaşlığın məqsədi Moskva ilə siyasi əlaqələri saxlamaqdır. Yəni burada Azərbaycanın hərbi-texniki inkişafından, regionda üstünlük əldə etməsindən söhbət gedə bilməz. Çünki Rusiyanın Azərbaycana satdığı məhsullar regionda hərbi gücə çevrilməyə imkan vermir. Bu silahlar ərazilərimizi işğal edən Ermənistan üzərində üstünlük vəziyyəti də yaratmır. Daha dəqiqi, Rusiya Azərbaycana satdığı hərbi texnikanı Ermənistana da verir. Özü də ən sərfəli şərtlərlə verir. Yəni Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığının müasir texnologiyanın mənimsənilməsində heç bir rolu yoxdur. Buna Rusiya imkan verməz. Rusiya və Ermənistanın dövlət məmurları təklikdə başqa cür danışır və qərar qəbul edirlər. Azərbaycan növbəti dəfə külli miqdarda vəsait hesabına Rusiyadan hərbi texnika almamalıdır. Rəsmi Bakı daha uyğun təkliflərlə Qərb texnologiyasının mənimsənilməsinə çalışmalıdır. Kreml Ermənistanı silahlandırmaqla regionda - Azərbaycan qarşısında balansı qorumağa çalışır. Buna Kremldə balanslı siyasət deyirlər. Regionun hərbiləşməsinin birbaşa günahkarı Rusiyadır. 30 ildir bu bölgə rus silahı ilə doldurulur. Bu gün də başqa formada bu siyasət davam etdirilir. Azərbaycan Rusiyanın təzyiqləri qarşısında tab gətirməlidir. Bunun üçün Qərblə əməkdaşlıq dərinləşdirilməlidir. Əks təqdirdə, Moskvanın istəkləri artacaq”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ