XalqXəbər.Az

www.XALQXEBER.az » Köşə » 125 yerə namizəd tapa bilməyən müxalifətin acizliyi...

125 yerə namizəd tapa bilməyən müxalifətin acizliyi...

125 yerə namizəd tapa bilməyən müxalifətin acizliyi...
16-12-2019, 13:08

Ya qalxıb deyəcəksiniz ki, bizim Azərbaycanı idarə eləməyə kadr potensialmlz var və bu potensialı seçkidə ortaya qoyacaqsınız, ya da hakimiyyətə iddailı olmayacaqsınız...
Azər Qaramanlı yazır...

Növnədənkənar parlament seçkiləri bir reallığı ortaya qoydu: Azərbaycanda heç bir siyasi partiya, yaxud siyasi qrup seçkilərə - növbədənkənar, ya da növbəti seçkilərə - hazır deyil. Burada hakim Yeni Azərbaycan Partiyasını istisna etmək olar, amma o da xüsusi olaraq vurğulanmalıdır ki, hakim partiya adminstrativ resurslardan geninə-boluna yararlanır və bu da digər partiyalarla münasibətdə YAP-ı fərqli vəziyyətə qoyur.

Parlament seçkilərinin vaxtı açıqlandıqdan sonra ortaya diqqət çəkən bir məqam çıxdı. Yuxarıda qeyd etdiimiz kimi, bolluca adminstrativ resurslara sahib olan YAP istisna olmaqla, seçkilərə qatılan böyüklü-kiçikli partiyaların və və hətta blokların heç biri parlamentdəki 125 yerə namizəd irəli sürə bilmir. Ən çox namizədlə çıxış edən partiyalar güclə 40-a yaxın, ya da 40-dan bir az artıq namizədlə seçkilərə qatılır və bu, hələ onların bəyanlarıdır. Yekun nəticədə bu rəqəmlər çox-çox aşağı düşəcək. Misal üçün, 1991-ci ildə yaradılmış və müstəqil Azərbaycanın ilk siyasi partiyası olan Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) seçkilərə cəmi 11 namizədlə qatılır. Müxalif düşərgənin favoritlərindən olan “Cümhuriyətçi ReAL” bloku isə seçkilərə yuxarı-aşağı 42 namizədlə qatılacağını bəyan edib. Müsavat Partiyası da seçkilərə neçə namizədlə qatılacağını açıqlamayıb və istisna olunmur ki, Müsavat Partiyası da seçkilərə 10-15 namizədlə qatılacaq.

Bu nə anlama gəlir?

1. Azərbaycanda hakimiyyətə gəlməyə iddia qoyan siyasi partiyalar və siyasətçilər uzun illər keçsə belə, bütün Azərbaycanda təşkilatlana bilməyiblər, ya da hakimiyyətin təzyiqləri qarşısında təşkilatlarını qoruyub saxlamağı bacarmayıblar və həddindən artıq zəif durumdadırlar. Və özlərini var olan kimi göstərirlər.

2. Hakimiyyətə iddia qoyan müxalif siyasi partiyalar və siyasilər hakimiyyətə gəlməyə hazır deyillər. Çünki bunun üçün kadr potensialına sahib deyillər.

3. Azərbaycanın siyasi partiyaları seçki yolu ilə hakimiyyətə gəlməyi planlamırlar və bunu xəyal belə etmirlər.

4. Hakimiyyətə iddialı olan müxalifət partiyaları ancaq yarana biləcək fövqəladə vəziyyətə ümid edirlər və bütün hesablarını həmin fövqəladə vəziyyətdə təşəbbüsü ələ almağa görə aparırlar.

Etiraf etməliyik ki, bütün bu sadaladıqlarım Azərbaycan siyasətinin, xüsusən müxalifət partiyalarının nə qədər zəif və anormal vəziyyətdə olduğunu ortaya qoyur. Lakin bu, məsələnin heç də hamısı deyil. Çünki Azərbaycan müxalifəti hətta strateji düşüncəyə belə, sahib deyil və belə bir düşüncə qətiyyən sərgiləmir.

Ən azından belə bir düşüncə sərgiləsəydilər, bir ildən artıq söz-söhbəti gəzən növbədənkənar parlament seçkiləri ilə bağlı bütün müxalif düşərgəni əhatə edən strateji “yol xəritəsi” ortaya qoyardılar. Misal üçün, eyni seçki dairələrində üz-üzə gəlməmək üçün anlaşmaya gedə bilərdilər və öz aralarında bir il əvvəl, ya da daha çox əvvəl razılaşmaya gələ bilərdilər ki, bu da onların bütün Azərbaycanı əhatə edəcək bir bir potensiala sahib olduqlarını ortaya qoymuş olardı. Buna hətta “kölgə parlament” də deyə bilərdilər. Ən azından bir partiyanın olmasa da bütün müxalifətin potensialını xalqın qarşısında ortaya qoymuş olardılar.

Bunu düşünə bilmədilər və yaxud edə bilmədilər, etmədilər. Bəs nə etdilər? Son bir ildə müxalifətin kollektiv toplantılarına səhnə olan “Azərbaycan Xalq Hərəkatı”nın fəaliyyətinə baxsaq, hər şey özü-özünə ortaya çıxır. O toplantılar İsgəndər Həmidovun, Tural Abbaslının, Rəhim Qazıyevin, Nemət Pənahlının və digərlərinin şou göstərilərinin kiçik teatr səhnəsi oldu. Azacıq da olsa bununla yadda qaldılar və sonucda heç bir normal düşüncə tərzi sərgiləmədən dağılıb getdilər. Eyni şeyi Müsavat da, Xalq Cəbhəsi də, ReAL-da və başqaları da sərgilədilər. Yəni dedilər ki, mən ən “böyüyəm”, amma qabaqdakı “zəncirli” də deyiləm, buna baxmayaraq, mənə xüsusi yer ayırcaqsınız. Bu heç bir gücə və heç bir intellekt dəyərinə sahib olmayan cılız “eqo strategiyası”dır. Başqa heç bir şey deyil. O üzdən bizdəki müxaliflərin heç biri “mən strateji düşüncə sahibiyəm, strateji düşünürəm və bunu sərgiləyirəm”, deyə bilməz.

İndi bu üzdən müxalifətin ümumilikdə 100, ya da 200 namizədi Bakıda bir-birlərini qıracaqlar, şou göstərəcəklər və sonucda özlərinə siyasət adamı da deyəcəklər...

Belə siyasət olar? Bir daha təkrarlayıram, müxaliflərin etdikləri və yanaşmaları siyasət deyil, cılız eqoların savaşıdır. Bundan başqa da bir şey deyil.

Madam ki, sizl ancaq fövqəladə vəziyyətdə təşəbbüsü əla almağın hesabını aparırsınız, o zaman heç olmasa, həmin günə hazırlaşın... Tutaq ki, fövqəladə vəziyət yarandı... Nə olacaq, ya da necə olacaq? Sizin axı Azərbaycanı əhatə edəcək, hətta Bakını belə deyil, bir rayonu əhatə edəcək kadr bazanız yoxdur. Bu potensial olmadığı halda, siz nəyə ümid edirsiniz? Özünüzə necə siyasi partiya deyə bilir və hakimiyyətə iddia edə bilirsiniz?

Ya da sizin ehtimal olaraq gördüyünüz fövqəladə vəziyyət baş versə, Azərbaycanı necə idarə etməyi düşünürsünüz? İndi strateji məsələlərə yaxınlaşa belə, bilmədən, o zaman nələri paylaşa biləcəksiniz və Azərbaycanı xaosdan necə xilas edəcəksiniz?

Buna aydınlıq gətirməniz lazımdır. Ya qalxıb deyəcəksiniz ki, bizim Azərbaycanı idarə etməyə kadr potensialmlz var və bu potensialı seçkidə ortaya qoyacaqsınız, ya da hakimiyyətə iddailı olmayacaqsınız...

Əgər sizin Azərbaycanı idarə edə biləcək kadr bazanız, parlamentə namizəd olaraq irəli sürəcək 125 üzvünüz, heç bir strateji “yol xəritəniz” yoxdursa, onda sıradan olan və doğrudan ciddi problemlər içində həyatlarını sürdürməyə məhkum olan insanlar sizi niyə seçməli və sizə niyə etimad göstərməlidirlər? Özünü və ailəsini daha böyük məhrumiyyətin və cılız eqoların savaşının yaratdığı xaosun içinə soxmaq üçünmü?..

Azər QARAMANLI

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.