XalqXəbər.Az

Təsəvvür edin ki, ölkədə Gömrük Komitəsi yoxdur... – Maaş artımı ilə bağlı Replika

yüklənir...
Təsəvvür edin ki, ölkədə Gömrük Komitəsi yoxdur... – Maaş artımı ilə bağlı Replika
2-09-2019, 14:38
yüklənir...

Günün sualı: Artan maaş və təqaüdlərin monopolistlərin cibinə axmasının qarşısını necə almaq olar?..

Azər Qaramanlı yazır...

Təqribən iki həftə əvvəl ölkə prezidentin əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması nəzərdə tutan qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Dünən isə prezidentin 18 iyun 2019-cu il tarixli sərəncamları qüvvəyə minib. Bu sərəncamlara əsasən sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılıb və dövlət sektorunda çalışanların əməkhaqlarında 20-50 faiz artımlar edilib. Rəsmi məlumata görə büdcə çalışanlarının maaş artımı 1 milyon 350 min insanı əhatə edib. Bu gözəl xəbər öz yerində...

Prezident tərəfindən maaşların və pensiyaların artırılması bəzi iqtisadçılar və ekspertlər heç də birmənalı qarşılamayıb. Bir çox iqtisadçılar bu artımların inflyasiyaya səbəb olacağını zənn edirlər. Və Azərbaycanın iqtisadi modelinə baxdıqda əminliklə söyləmək olar ki, onlar heç də yanılmırlar.

Ümumiyyətlə maaş və təqaüdlərin artımı Azərbaycanda həmişə inflyasiya üçün stimul yaradır və demək olar ki, ehtiyacı olan milyonlarla insan üçün maaş və təqaüdlərinin artımı nəticədə heç nəyi dəyişmir. Çünki qiymət artımı maaş və pensiyaların artımını, o artımı alanların deyil, faktiki olaraq bir neçə monopolistin cibinə yönəldir. Və bu hər dəfə təkrar olunur. Hələ iki həftə əvvəl iqtisadçı ekspert, REAL Partiyasının icraçı katibi Natiq Cəfərli mətbuata açıqlamasında bildirmişdi ki, ölkədə maaş və təqaüd artımları qiymət artımları üçün psixoloji şərait yaradır.

Bəs belə olan halda nə etməli? Belə olan halda ehtiyacı olan insanların rifah şəratinin sabit inkişaf üzərində saxlanılması üçün hansı kompleks addımlar atılmalıdır? Və yaxud da artan maaş və təqaüdlərin monopolistlərin cibinə axmasının qarşısını necə almaq olar?

Çətin və mürəkkəb sualdır və cavabı da deyəsən yoxdur. Deyəsən deyirik, çünki bu adi və adi olduğundan daha çox qaranlıq sualın cavabı qapalı dairədə dustaq tutulur və o sehirli dairədən qırağa da buraxılmır.

Nəzəra alsaq ki, daxili bazar əsasən hökümətin bir sıra nüfuzlu üzvlərinin monopoliyası altındadır, o zaman belə çıxır ki, maaş və pensiyaların artmasından sonra qiymətləri artıran və prezidentin insanlara vermək istədiyi rifahı onlardan alan da elə hökümət üzvləridir. Yəni prezident ehtiyacı olan milyonlarla insanın rifahını yüksəltmək üçün addımlar atır, amma monopoliyaya sahib olan bəzi hökümət üzvləri həmin rifahı insanlardan zorla alaraq nəğd vəsait şəklində ciblərinə qoyurlar.

Ortada olan reallığn məntiqi bundan ibarətdir və yuxarıda da qeyd etdiyimiz kimi bu vəziyyət uzun ilıərdir ki, davam edir. O sehirli qapalı dairənin isə bir gün dağılacağına ümid demək olar ki, yoxdur. Hər halda bu qapalı dairə ilə bağlı rəy sorğusu keçirsək, inanın ki, bir, ya da iki faiz bu dairənin dağılacağına inandığını deyər. Mütləq çoxluq isə vəziyyətlə barışmaqdan başqa çıxış yolu görmür.

Bəs əgər çörəyin, enerji resurslarının, kommunal xidmətlərin və ictimai nəqliyyatın qiymətlərini dövlət deyil, monopolist bazar təyin etsəydi, nələr baş verərdi? Bunu təsəvvür eləmək çətin deyil, amma bir o qədər də qorxuncdur...

Əgər qeyd etdiyimiz kimi, çörəyin, enerji resurslarının, kommunal xidmətlərin və ictimai nəqliyyatın qiymətlərini dövlət deyil, monopolistlərin insafının idarə etdiyi bazar təyin etsəydi, onda Azərbaycan dövləti də, Azərbaycan monopolistləri də və Azərbaycan xalqı da böyük kollaps yaşayardı. Və bu kollapsdan sonra nəyin necə olacağını təyin etmək çox çətindir...

Bəs aparılan islahatlar nəyə görə monopoliyanı dağıtmır? Axı hər kəsə, hökümətdə oturan və oturmayan hər kəsə, hətta orta məktəbdə müəllimdən pulsuz dərs ala bilməyən şagirdlərimizə də aydındır ki, bu ölkənin iqtisadi inkişafının qarşısında tək div var və o divin adı monopoliyadır.

Dediyimiz o div çayın, yəni Azərbaycan xalqının inkişafının və rifahının qarşını tutaraq o, inkişaf və rifahı bizə ölməmək üçün qətrə-qətrə verir və sonra da yenidən geri alır. Axı Azərbaycan iqtisadiyyatının inkişafını və Azərbaycan xalqının rifahını təmin etmək üçün möcüzəyə filana gərək yoxdur. Sadəcə, monopoliya adlanan o divi öldürmək, yəni daxili bazarı liberal və azad iqtisaddiyyat qanunlarının ixtiyarına vermək yetərlidir ki, bu xalqın ÜDM-si Gürcüstandan iki dəfə, Ermənistandan isə üç dəfə artıq olsun. İndi isə əksinədir. Qafqazın ən böyük təbii sərvətlərinə malik olan ən böyük ölkəsi adambaşına düşən gəliri Gürcüstan və Ermənistandan azdır və bu monopolyanın üzündən belədir.

Hər şey görünüşdə bu qədər bəsitdir, amma pərdə arxasında heç də heç nə bəsit deyil. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, monopoliyanı yaradanlar və qoruyanlar hökümət üzvləridir. Ya da hakimiyyətdə birmənalı gücə sahib olanlar.

Bir şeyə diqqət çəkək. Ölkədə monopoliyanın mövcudluğunu əsasən Gömrük Komitəsinin iş prinsipi ilə əlaqələndirirlər. Sual olunur, başqa ölkələrdə hüç bir siyasi gücü və iqtisadiyyatın idarə olunmasında rolu olmayan bu qurum Azərbacanda niyə bu qədər önəmlidir? Niyə daxili bazarın idarə olunması bu qurumun iş prinsipindən birbaşa asılıdır? Axı normalda bu qurum ölkəyə gələn malları yoxlamaq və onlardan rüsum almaqla məsuliyyətlidir. Yəni bütün normal dünyada belədir.

Biz də isə belə deyil. Bizdə Gömrük Komitəsi hansı malın kimlərin ölkəyə gətirə biləcəyinə nəzarət edir və kimlərin hansı malı neçəyə sata biləcəyini müəyyənləşdirir. Etiraf etməliyik ki, bu hal Azərbaycan Dövlət Gömrük Komitəsini xüsusi önəmli fövqəl bir quruma çevirir və bu qurum artıq uzun illərdir ki, doğrudan ölkə əhalisinin rifahının hansı səviyyədə olmasını birbaşa müəyyənləşdirən bir qurum kimi fəaliyyət göstərir.

Dünya bazarında bir məhsulun qiymətinin qalxıb enməsinin bizim daxili bazara heç bir təsiri yoxdur və bir qayda olaraq Azərbaycanda kəllə-çarxa çıxan qiymətlərin aşağı düşməsi ancaq prezidentin birbaşa müdaxiləsi olduqdan sonra baş verir və o da bir çox hallarda müvəqqəti olur. Çünki monopolistlər bir neçə aydan sonra xaırlayırlar ki, onlar “bazar iqtisadiyyatının qanunlarına tabe olmalıdırlar”.

Bu nəyin anlamına gəlir? Bu o, anlama gəlir ki, Gömrük Komitəsi əslində monopoliyanı idarə edən maşındır və bu maşın maaş və təqaüdləri artan kasıb-kusubun sevincinin düşmənidir.

Deyə bilərik ki, ölkədə istehsal olunan mallar da od tutb yanır. Doğrudur. Amma biz demirik ki, monopoliya ancaq xaricdən gələn mallar üzərində mövcuddur. Monopoliya bütün sahələrdə mövcuddur və bizim alıb-verdiyimiz hər şey monopoliya ilə idarə olunur. Yəni monopoliyadan kənar nə Azərbaycan, nə də azərbaycanlı var...

İndi bir qədər düşünün. Ölkədə monopoliyanın olmadığını təsəvvür edin. Sonra da düşünin, Gömrük Komitəsi olmasa nə olardı? Daha doğrusu bu qurum heç nəyə müdaxilə etmədən, heç kəsə ayrıcalıq tanımadan ölkəyə gətirilən malları sadəcə sayıb, çözələyib, rüsum alsaydı nə olardı?

Nə olacağını təsəvvür edə bilirsinizmi?

pia.az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.