SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Yeni XİN rəhbəri və “avqiyev tövlələri”

Yeni XİN rəhbəri və “avqiyev tövlələri”

Tarix:

20-07-2020, 13:43

/ 1 448 dəfə oxundu.
Yeni XİN rəhbəri və “avqiyev tövlələri”

İyulun 16-da prezidentin sərəncamı ilə Təhsil naziri Ceyhun Bayramov xarici işlər naziri təyin edildi...


Əslində, Xarici işlər naziri Elmar Məmmədyarovun vəzifədən çıxarılacağı ilə bağlı əvvəldən proqnozlar olsa da, prezidentin son müşavirəsində isə buna əminlik yaransa da, Ceyhun Bayramovun XİN başçısı təyin edilməsi hamı üçün gözlənilməz addım oldu. Diplomatik təcrübəsi olmayan şəxsin bir nömrəli diplomat təyin edilməsi xeyli suallar ortaya çıxardı. Qeyd edək ki, Elmar Məmmədyarovun nazir təyin oldunduğu vaxtdan bu vaxta qədər hakimiyyət bir dəfə olsun XİN-i tənqid etməyib, daim xarici siyasətin uğurla həyata keçirildiyi vurğulanıb. Amma son vaxtlar ard-arda baş verən proseslər, mediada Elmar Məmmədyarovun xaricdəki var-dövlətinə dair jurnalist araşdırmaları, ardınca DTX-nın XİN- də keçirdiyi əməliyyat bu qurumun da korrupsiyaya bulaşdığına dair şübhələrin təsdiqi idi. Mövzu ilə əlaqədar beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili ASTNA-ya danışıb.

***

-Əhməd bəy, Elmar Məmmədyarovun xarici işlər naziri vəzifəsindən çıxarılıb, yerinə heç bir diplomatik təcrübəsi olmayan təhsil naziri Ceyhun Bayramovun təyin olunması sizcə uğurlu seçimdirmi?

-Hazırda və xüsusilə son iki il ərzində Azərbaycanda kadr dəyişikliklərində baş verən əsas nəzərəçarpacaq məqam ondan ibarətdir ki, çox zaman cəmiyyətə daha az tanınan və yaxud da müəyyən qalmaqallarda adı çox hallanmayan şəxslər irəli verilir. Belə inam var ki, yaxşı menecer bütün sahələrə rəhbərlik edə bilən şəxsdir. Bu cəhətdən görünür Ceyhun Bayramovun əvvəlki vəzifələri, xüsusilə də Təhsil naziri kimi menecerlik fəaliyyəti ölkə rəhbərliyində inam yaradıb ki, o bir çox qurumlara uğurlu rəhbərlik edə bilər. Ona görə də o təyin olunub. O ki qaldı diplomatik təcrübəyə, Azərbaycanda son illərdə gedən proseslərin, təyinatların məzmununa baxsaq, orada belə bir tendensiya görmək olar ki, çox güclü və ya əlində çox güc cəmləşdirmiş şəxslər vəzifədən çıxarıldıqdan sonra onların vəzifələri bir neçə şəxs arasında bölüşdürülür. Mümkündür ki, keçmiş xarici işlər nazirinin köməkçilərinin və ya xarici siyasət sahəsində fəaliyyət göstərən peşəkar diplomatların funksiyaları və fəaliyyətləri artırılsın. C. Bayramov isə orada daha çox effektiv menecer rolunu icra etsin.

- Ölkənin bu qədər diplomatı ola-ola niyə məhz Ceyhun Bayramov? Olmaya artıq Elmar Məmmədyarovla birgə işləyənlər hamısı etibar itiriblər və Xarici Işlər Nazirliyində çalışanları ciddi kadr islahatı gözləyir?

-Son qalmaqal və xüsusilə də DTX-nın XİN-də apardığı əməliyyat nəticəsində ortaya çıxan faktlar tələb edir ki, bir çox şəxslər bir müddətlik diplomatik fəaliyyət filtrindən keçirilsin. Ölkə prezidenti çıxışında bir çox diplomatlara qarşı çox ağır ittihamlar irəli sürdü. Hazırda XİN-dən kənar bir şəxsin orada olması və müəyyən proseslərdə iştirak etməmiş bir şəxsin quruma rəhbərlik etməsi həmin diplomatik korpusun tədricən yenilənməsinə, bir çox şəxslərin oradan uzaqlaşdırılmasına gətirib çıxara bilər. Ona görə də nəinki başqa qurumdan, hətta diplomatik təcrübəsi olmayan şəxsin bu quruma gəririlməsi o deməkdir ki, bura nə ailə bağları, nə də başqa bağlarla C.Bayramovun bağlılığı var. C. Bayramov neytral bir formada orada baş verən prosesləri düzgün qiymətləndirə və XİN-ə lazım olan effektivliyi gətirə biləcək.

- Elmar Məmmədyarovun çıxarılmasının səbəbi sizcə nə idi? Çünki prezidentin son müşavirəsindən öncə onun çıxarılacağı ilə bağlı söhbətlər gəzirdi. Və mediada tez- tez onun var-dövləti haqqında yazılar yazılmağa başlanılmışdı. Ardınca sizin qeyd etdiyiniz DTX-nın XİN-də apardığı əməliyyat. Niyə və nə vaxt qəzəbə tuş gəldi Elmar Məmmədyarov?

-Son iki il ərzində Azərbaycanda müəyyən yaş həddini keçmiş şəxslərin vəzifədən uzaqlaşdırılması ilə bağlı və uzun müddət vəzifədə olan kadrların yenilənməsi ilə bağlı məsələ aktiv idi. Biz görürük ki, son 6-7 aydır demək olar ki, prezidentin komandası yenilənmiş formadadır. Həmin yenilənmiş prezident komandasında uzun illər əvvəldən bir postda fəaliyyət göstərən azsaylı adam var idi. Həmin adamlardan biri də Elmar Məmmədyarov idi. E.Məmmədyarov 2003-cü ildə İlham Əliyev hakimiyyətə gəldikdən sonra ilk təyin etdiyi şəxslərdən olub. Ona görə də uzun müddət bu vəzifədə qalması hamının diqqətini cəlb edirdi. Müəyyən mənada düşünmək olardı ki, E. Məmmədyarovla bağlı da addımlar atılacaq. Doğrusu iki ay bundan əvvəl mən onunla bağlı hansısa addım atılacağını düşünmürdüm. Çünki Azərbaycan diplomatiyası üçün hazırda çox gərgin və proseslərin intensiv cərəyan etdiyi bir dövrdür. Belə bir dövrdə Xarici Işlər Nazirinin dəyişdiriləcəyini gözləmirdim. Amma jurnalist araşdırmaları və Xarici Işlər Nazirinin adının hallandığı bir çox söz-söhbətlərin yayılması Azərbaycanın bir nömrəli diplomatının xarici ölkələrdə fəaliyyətinin effektivliyinə təsir göstərə bilərdi. Bu ölkə başçısı tərəfindən çox ciddi formada nəzərdən keçirilib və müvafiq qərar qəbul olunub.

- Hakimiyyət təmsilçiləri öz çıxışlarında deyirlər ki, Azərbaycan uğurlu xarici siyasət həyata keçirir. o biri tərəfdən isə xarici işlər nazirinin işini tənqid edirlər. Əgər xarici işlər nazirinin işi qənaətbəxş deyildisə, onda bu xarici siyasəti həyata keçirən kim və ya hansı orqan olub? Bu özü-özünü təkzib deyilmi?

-Uğurlu xarici siyasət, ölkənin bir nömrəli diplomatı deyərkən həmişə ağlımıza Xarici Işlər Naziri gəlir. Amma nəzərə almaq lazımdır ki, ölkə başçısı özü də fəaliyyətinə görə diplomatdır. Uzun zaman bu sahədə fəaliyyət göstərmiş və bu sahədə pedaqoji təcrübəsi olan şəxsdir. Ona görə də çox zaman Azərbaycanın diplomatik uğurları dedikdə ölkə başçısının özünün fəaliyyəti nəzərdə tutulur, bu istiqamətdə addımlar onun adı ilə əlaqələndirilir. E.Məmmədyarov haqda bir sıra informasiya jurnalist araşdırmalarından sonra ortaya çıxdı. Həmin zamana qədər onun fəaliyyəti ilə bağlı neqativ informasiya elə də çox deyildi. Yalnız son bir neçə ayda bəlli oldu ki, onun diplomatik fəaliyyətində də müəyyən qüsurlar var.

Ümumiyyətlə, Azərbaycanın Konstitusiyasına görə, ölkənin xarici siyasətini müəyyən edən şəxs prezidentdir. Xarici Işlər Naziri bu məsələdə yalnız icraedici funksiya daşıyır.

- Ümumiyyətlə, uğurlu xarici siyasət deyəndə hakimiyyət təmsilçiləri nəyi nəzərdə tutur? Nədə uğur qazanmışıq? Qarabağ məsələsində irəliləyiş yoxdur, Azərbaycanın üzv olduğu Açıq hökumət Təşəbbüsü platformasında ölkənin reytinqi çox aşağı, eyni zamanda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxmış durumda. Insan haqları və demokratiya, söz azadlığına görə ölkənin imici çox aşağı, korrupsiyaya görə ölkənin adı həmişə yuxarı yerlərdə. Sizcə, bütün bunlarla bacarmaq tək Xarici Işlər Nazirini dəyişməklə düzələcəkmi?

-Diplomatik uğurlara gəldikdə, biz məsələni Dağlıq Qarabağ münaqişəsi kontekstində qoysaq, bir şeyi nəzərə almaq lazımdır. Hazırda danışıqlar masasında olan variant, diplomatik virtual sənəd tamamilə Azərbaycanın maraqlarına cavab verən sənəddir. Bu baxımdan ölkə diplomatlarının bu məsələdə virtual uğurları var. Amma bu uğurların realizə olunmasında effektli olmamışıq. Diplomatlar hansısa sənədi əldə etdikdən sonra onun icrasına da nail olmalıdırlar. Uğur dedikdə məhz o sənədin qəbul olunması nəzərdə tutulur. Digər məsələlərə gəldikdə isə, Azərbaycanda xarici siyasətlə bağlı məsələlərə ağır yanaşma var. Çox zaman diplomatiya dedikdə hökumətlərarası münasibətlər nəzərdə tutulur. Azərbaycan prezidenti və hökumət təmsilçilərinin, Fransa prezidenti və hökumət təmsilçilərinə münasibəti yaxşıdırsa, bu yaxşı kimi qəbul olunur. Azərbaycanın Avropada təmsil olunan ayrı-ayrı icra strukturlarının münasibətlərində müəyyən bir inkişaf varsa, bu diplomatiyanın uğuru kimi təqdim olunur. Müasir dövrdə isə diplomatiya çoxşaxəli bir anlayışa çevrilib. Burda çox zaman artıq parlamentlərarası münasibətlər, vətəndaş cəmiyyəti arasında olan diplomatiya da nəzərdə tutulur. Azərbaycan tərəfi hökumətlərarası səviyyədə strateji müttəfiqliklərdə diplomatik uğur qazana bilsə də, parlament öz partnyorları ilə normal fəaliyyət göstərə bilmirlər. Məsələn, uzun müddət Azərbaycanı tənqid edən qurumlardan biri Avropa Parlamentidir. Və yaxud ABŞ-la hökumətlərarası, icra strukturları arasında mükəmməl münasibət olsa da, ABŞ Konqresində və Senatda baş verən proseslərdə görürük ki, çatışmazlıqlar var. O cümlədən vətəndaş cəmiyyətləri arasında olan diplomatiyada da çatışmazlıqlar mövcuddur. Odur ki, Azərbaycanda diplomatiya anlayışı daha da genişləndirilməlidir. Təkcə icra strukturları arasında olan inkişafdan əlavə, parlamentlərarası və vətəndaş cəmiyyətləri arası münasibətlər də diplomatiyanın uğurları sırasına daxil olmalıdır. O zaman aydın olacaq ki, həm Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü layihəsi çərçivəsində, həm də digər qurumlarda diplomatik səyləri artırmaq lazımdır. Xüsusilə də Azərbaycanın daxilində hökumət, vətəndaş cəmiyyəti, parlament arasında olan diplomatiya ilə bağlı ümumi yanaşmanın formalaşmasına ciddi ehtiyac var. Ən azından bir çox ümummili məsələnin həllində bu çox kömək edə bilər.

- Sizcə, ölkənin xarici siyasətini yaxşılaşdırmaq üçün hansı işlər görülməlidir və Ceyhun Bayramov hardan başlamalıdır?

-Əminəm ki, C.Bayramovun qəfil təyinatı bu sualı onun qarşısında da qoyub. Bu istiqamətdə gedən yolda uğur qazanmaq üçün o ilk növbədə ətrafına professionalları toplamalıdır. C.Bayramov qurumdan kənar bir şəxsdir. Köhnə komanda adlandırılan şəxslərlə onun fəaliyyətinin qurulması üçün mütləq yaxın ətrafında güclü komandanın formalaşdırmasına ciddi ehtiyac var. Ona özünün inana, etibar edə biləcəyi çox güclü, professionallardan ibarət effektiv komanda lazımdır. Bu ilk addımdır. Daha sonra isə komanda ilə təkliflər və gəldiyi nəticələr arasında Bayramov öz fəaliyyətini təşkil edə bilər. Amma hazırda hamını maraqlandıran və narahat edən sual ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu masası ətrafında Azərbaycan tərəfini kim təmsil edəcək. Standart olaraq qəbul edirik ki, danışıqlar masasında mütləq xarici işlər naziri oturmalıdır. Format bundan ibarətdir. Amma E. Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı özündə institusional yaddaş daşıyan şəxs idi. 2003-cü ildən bəri danışıqlar masası ətrafında oturmuşdu. Onun təcrübəsini çox az diplomatın təcrübəsi ilə müqayisə etmək olar. Bunu yalnız Anjey Kasprşikin təcrübəsi ilə müqayisə edə bilərik. Digər diplomatlar içərisində bu qədər uzunmüddətli danışıqlar masası ətrafında oturmuş şəxs yoxdur. Ona görə də bu sual hamını düşündürür. C. Bayramov özü müəyyən etməlidir ki, o bu istiqamətdə şəxsən özü fəaliyyət göstərməlidir, yoxsa bu vaxta qədər bu istiqamət üzrə XİN tərkibində fəaliyyət göstərən ayrı-ayrı şəxslərə dövr etməlidir. Indiki şəraitdə Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərini cəzalandırmaq və ya bu formata olan marağını aşağı göstərmək üçün danışıqlar masası ətrafına Xarici Işlər Nazirini deyil, onun müavini və ya digər statuslu şəxslərin oturmasında maraqlı ola bilər. O baxımdan C. Bayramovun qarşısında dayanan vacib suallar var. (Turan İA)

Şərhlər

XƏBƏR LENTİ