XalqXəbər.Az

www.XALQXEBER.az » Müsahibə » "Əli Nağıyev istədiyinin 10 faizini hələ həyata keçirə bilməyib, çünki..."

"Əli Nağıyev istədiyinin 10 faizini hələ həyata keçirə bilməyib, çünki..."

"Əli Nağıyev istədiyinin 10 faizini hələ həyata keçirə bilməyib, çünki..."
6-06-2020, 19:38

"...o, istədiyi adamların hamısını götürsə, icra başçılarının 70%-i, nazirlərin də, heç olmazsa, 50%-i içəridə olmalıdır"

“Palanı döyəcləməklə iş bitmir, o adamları Prezidentə təqdim edənləri həbs etmək lazımdır”

Tanınmış politoloq Cümşüd Nuriyevlə müsahibəni təqdim edirik:

- Cümşüd müəllim, bir müddətdir görünmürdünüz, “Facebook” hesabınızı da işlətmirsiniz. Nə baş verir?

- Sosial şəbəkələr üzərində əleyhimə kampaniyalar aparmağa başladılar, guya mən dövlətə qarşı çıxıram. Həmçinin “Facebook” hesabımı ələ keçirməyə, müəyyən kompramatlar həyata keçirməyə çalışdılar. Ona görə də sosial şəbəkələrdən uzaq durmağı qərara aldım. Hazırda “Facebook” işlətmirəm, ancaq mediaya açığam, istənilən sualınızı cavablandıra bilərəm.

- O zaman ilk sualım Dövlət Təhlükəsizik Xidmətinin (DTX) son dövrdə həyata keçirdiyi əməliyyatlarla bağlı olacaq. Necə dəyərləndirirsiniz bu işləri?

- DTX-nın rəisi Əli Nağıyev çox peşəkardır, ümumiyyətlə, bu sahədə peşəkarlarımız çoxdur. Vaxtilə mən gömrükdə işləyəndə onların peşəkarlığına əyani şəkildə şahid olmuşam. Əli Nağıyev istədiyinin, təxminən, 10 faizini hələ həyata keçirə bilməyib. Çünki o, istədiyi adamların hamısını götürsə, icra başçılarının 70%-i, nazirlərin də, heç olmazsa, 50%-i içəridə olmalıdır. Bu məmurların varidatları artıq milyardlarla ölçülür. Demək olar ki, ölkə talan olunub və indi bunlar da talan olunmuş xarabazarlıqda nələrisə yenidən bərpa etməyə çalışırlar. Əli Nağıyev bu işləri yüksək səviyyədə həyata keçirməyə çalışır. DTX-nın Dövlət Sərhəd Xidmətinə girməsi, həmçini hələ cəmiyyətin bilmədiyi digər konfidensial tədbirlər buna əyani nümunədir.
Əli Nağıyevin əməliyyatları icra başçılarını əməllicə təşvişə saldığından indi ayrı üsullara əl atıblar, evlərindən “imtina edirlər”, köhnə maşınlarda otururlar, həmçinin rüşvəti hamamda, hətta ayaqyolunda alırlar. Elə fikirləşirlər ki, çox ağıllıdılar, halbuki çox səviyyəsiz olduqlarını başa düşmürlər.

- Sizcə, əməliyyatların davamı olacaqmı?

- Bu prosesin davam etməsinin tərəfdarıyam, amma bütün hallarda Azərbaycanda icra hakimiyyəti strukturu dəyişilməlidir, dağıdılmalıdır, valilik sisteminə keçilməlidir. Cəmi 9-10 valilik olmalıdır. Bu zaman həm hakimiyyət strukturu, idarəetmə çox asan olacaq, həm də dövlət qulluğunda vəzifələr olmayacaq. Dünyanın hər yerində, məşhur ictimai seçim nəzəriyyəsinə əsasən, korrupsiyanın qarşısını almaq üçün ixtisar məsələsi gündəmə gəlir, bizdə ixtisarlar olunsa da, yenə də həddindən artıqdır. 10 milyonluq əhali üçün bu qədər nazirlik, komitə çoxdur. Hər nazirliyə, komitəyə bir padşah nəyə lazımdır ki, indi də bəziləri padşahlıqdan Allahlığa keçib. Nəmrudlaşıblar, pul bunları elə harınlaşdırıb, qudurdub ki, özlərindən başqa heç kimi saymırlar.
Bu əməliyyatlar mütləq davam etməlidir, çünki pandemiya iqtisadi inkişafı dayandırıb, neftin qiyməti düşüb, bu adamların hər birinin İngiltərədə yüz milyonları var. Vəzifədən uzaqlaşdırılmış nazirlər də daxil olmaqla, həmin milyarderlərin ölkədən çıxardığı milyonlar geri qaytarılmalıdır. Bizim başıyoxlar bütün sərvətlərini aparıb Londona yığıb, ABŞ ərəb ölkələrinin rəhbərlərinin milyonlarını mənimsədiyi kimi, onların əmlakları da orada batıb gedəcək. Heç kimə sirr deyil ki, London xaricilərin, ən çox da müsəlmanların hesabına öz varidatını artırır, müəyyən müddətdən sonra da həmin milyonçuları bitirirlər. Onları İngiltərə bitirənə qədər, bu işi Azərbaycan özü görməlidir. Onlara aministiya elan olunaraq sərmayələri ölkəyə gətirilməlidir, onsuz da ölkədəki bütün obyektlər onlara məxsusdur, Azərbaycanın bütün varidatı çox az sayda ailələrin əlindədir.

- Yeni təyin olunan kadrları necə qiymətləndirirsiz, özlərini doğrulda bilirlərmi?

- Yenilər özünü doğrultmur. Rayonlara yeni təyin olunanlarla maraqlanmışam, əvvəlkilər rüşvəti də yüksək məbləğdə alırdılar, ancaq bunlar o qədər ucuzlaşıblar ki, əhalinin 50-100 manatına göz dikiblər. Əgər səhvim varsa, DTX araşdıra bilər. İkincisi, rayonlara getsələr də, kənd təsərrüfatından anlayışları yoxdur. ASAN xidmətdə çox gözəl işlər görmüş İnam Kərimovu gətirdilər Kənd Təsərrüfatı Nazirliyinə, ancaq onun kənd təsərrüfatından xəbəri yoxdur. Nazirin özü diplomat, bir müavini riyaziyyatçı, biri də texnardı, kənd təsərrüfatı işçisi hanı bəs? Halbuki kənd təsərrüfatı hazırda Azərbaycanın ən aparıcı nazirliyi olmalıdır. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bərbad işləyir. Provayderlər istədiyi qiyməti qoyur, internet çox pis işləyir. Guya bu vəziyyətlə yeni texnologiyaya açılırıq, hamısı yalandır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi. Yeni nazir gələndən sonra nə iş gördü, nə yaratdı, mənə də başa salın. Əksinə, olan-qalan da dağıldı. Düzdür, demirəm ki, əvvəl orada hər şey gül idi, amma nazir yeni heç bir şey gətirə bilmədi. O biri gənclər də elə. Kimsə bunu deməlidir axı, deyən kimi də hər tərəfdən hücum edirlər adama, trollara adamı söydürürlər. Reallıq onu göstərir ki, bunlar Prezidentə kömək etmək istəmirlər, əməlli-başlı tayfabazlıq formalaşıb, ancaq öz qohumlarını yığıblar başlarına, çox pis gündəyik.

- Çox pis gündə olmağımızın səbəbi nələrdir və ya kimlərdir?

- Çox uğursuz kadr siyasəti aparılırdı, Yeni Azərbaycan Partiyasından (YAP) da həm deputatlığa göndərilənlər, həm də vəzifəyə təyin edilənlər ancaq bir nəfərin adamları və ya qohum-əqrəbaları idi. YAP-ın 700 min üzvü olmasına baxmayaraq, ancaq eyni adamlar deputat seçilirdi. Ağıllı adamları da camaata söydürürdülər, camaat elə düşünürdü ki, ziyalılar ağzına su alıb oturub. Halbuki ziyalının sözünün heç bir hökmü yox idi, həqiqəti deyənlərə qarşı provakasiyalar aparılırdı, ziyalı da utandığından çəkilib yerində otururdu. Bu işlərin başında duran şəxslər də ermənidən dönmüşlər idi, Hayqanuşun uşaqları ölkədə ağalıq edirdi, monopoliya formalaşmışdı. Prezident də, DTX da çalışır ki, bunları dağıtsın, amma bu iş həddindən artıq çətindir, çünki bu illər ərzində bunlar Prezident Aparatıdan üzü aşağı hər yeri tutublar. İcra başçılarını Prezident Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsi tapıb bəh-bəhlə ölkə başçısına təqdim edilib, Prezident nə tanıyır ki, onlar kimdir. Palanı döyəcləməklə iş bitmir, o adamları Prezidentə təqdim edənləri həbs etmək lazımdır.
Azərbaycanda normal kadrlara qarşı kütləvi soyqırımı həyata keçirildi. Bunu tam məsuliyyəti ilə deyirəm. Saxta diplom alanlar, sonradan görənlər, cahil adamların hamısı vəzifəyə gətirildi, onlar da oturduqları budağı kəsdilər. Vəzifədə olanların əksəriyyəti öz müstəqilliklərini, şəxsi maraqlarını dövlətin müstəqilliyindən, maraqlarından üstün tutdular.

- Həm dövlət xətti ilə, həm də fərdi şəkildə xaricdə təhsil almış kifayət qədər savadlı kardlarımız var ki, bu gün ölkədən kənardadırlar. Onları ölkəyə dəvət edib, idarəçiliyə cəlb etməklə nələrisə yaxşı mənada dəyişmək olarmı?

- Xaricdə oxuyanlardan da cəlb edirlər, təxminən, 30%-ə qədəri idarəçilikdə təmsil olunur. Amma əksər savadlısı ya kənarda qalıb, ya da öz yerində deyil. Məsələn, İnam Kərimovdan çox gözəl diplomat olar, çox istedadlıdır, çox bacarıqlıdır, ancaq aparıb Kənd Təsərrüfatı Nazirliyinə qoymaqla məhv edirlər. Halbuki İnam Kərimovdan çox gözəl Xarici İşlər naziri olar, onu bu postda böyük məmnuniyyətlə dəstəkləyərəm.

- O zaman belə anlaşılır ki, problem kadr çatışmazlığında yox, təyinatdadır...

- Təbii ki. Bu gün səfirlərin çoxu kiminsə qohumudu. Halbuki potensiallı, peşəkar gənclərimiz var. Elə biri Bəxtiyar Hacıyev, adam o qədər savadlıdır, məntiqlidir ki, şəxsi tanımasam da, dəstəkləyirəm. Belə gənclərimizdən çox az hissəsini bəzi rəhbərlər dəvət edib öz işlərini gördürür. Xaricdə oxuyanlar dar çərçivədə çox şeyləri bilirlər, amma onları gətirib başı çıxmayan sahəyə qoyanda, çaş-baş qalırlar. Ramin Quluzadəni Rabitə və Yüksək Texnologiyalar naziri qoyublar, amma heç nədən başı çıxmır. Yaxşı kadr ola bilər, amma o sahənin adamı deyil. Bizim ən böyük bəlamız, Məmməd Araz demiş, yerimizin səhv düşməsidir.

- Əvvəldə YAP-la bağlı fikir səsləndirdiniz. Yeri düşmüşkən, belə bir ehtimal var ki, yeni iqtidar partiyası yaradıla bilər, çünki YAP artıq tənəzzülə uğrayır. Siz necə düşünürsünüz bu barədə?

- YAP-dakıların bəziləri özlərini çox xərcləyib, bəziləri də “I əməliyyatı” filmindəki kimi hər yerə çıxır, hər şeydən danışır. Belə çıxır ki, YAP-ın potensialı ancaq 5-6 nəfərdən ibarətdir. Hansı telekanala baxırsan, onlar danışır, ortalıqda da yeni bir şey yoxdur, sanki onlar YAP-ı monopoliyada saxlayırlar. Ona görə də bəli, YAP çox sürətlə hörmətini itirir, partiyanın bir üzvü kimi bunu mən də görürəm. YAP-ın 10 il əvvəlki hörməti ilə bugünki nüfuzu arasında yerlə göy qədər fərq var. Bunun sürətlə davam etməsi yeni bir partiyanın doğuşunu tələb edir. Bu, iqtidar partiyası olmalıdır, təbii ki, parlamentdə olan iqtidar partiyalardan söhbət getmir, onların heç biri iqtidar partiyası deyil. Yeni potensialı üzə çıxarmaq üçün onsuz da Azərbaycanda bu baş tutacaq. Azərbaycanda hazırda ən ideal partiyanı Mehriban xanım Əliyeva yarada bilər. Onun yaradacığı partiya, nəinki qoşa qanad olacaq, eyni zamanda YAP-ı iflasdan qurtaracaq. Əksər ölkələrdə bir neçə iqtidar partiyası olur, biri uduzanda digəri qalsın.

- Milli Məclisin yeni tərkibindən necə, razısınızmı?

- Azərbaycanda ictimai seçimi məhv ediblər, ancaq dövlət resursları ilə deputat seçirlər, daha doğrusu təyin edirlər, onların içərisində, təxminən, 10 nəfəri xalq dəstəkləyir. Seçilən 121 nəfərin içərisində 110-u işə yaramır. Bir neçə deputat var ki, əvvəldən ordaydılar, onları tanıyırdıq, parlamentdə olmaları da vacib idi. Kimin necə münasibt bəsləməsindən asılı olmayaraq, Vahid Əhmədov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Əli Hüseynli kimi 15 nəfər var ki, həm Parlamentə şərəf gətirirlər, həm deputat adını şərəfləndirirlər. Ancaq eləsi var ki, beş il ayaq döyür, heç birimiz tanımırıq və növbəti seçkidə yenə Parlamentdə yer zəbt edir. Bu qədər iylənmiş deputatın olması ayıbdır, nə özlərinə hörmət qoyurlar, nə xalqa, deputatlıq çox ucuzlaşdırılıb. Bunlar ancaq öz toxunulmazlıqlarından istifadə edirlər, dövlətə badalaq vurmaqla məşğuldurlar. Elə axmaq qanunlar işləyib hazırlayırlar ki, içərsində mütləq rüşvət olsun. Heç bir ölkədə Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi bu qədər dəyişdirilməyib. Əmək pensiyaları haqqında qanuna baxın, dəhşətə gələcəksiniz, qanun qəbul olunub və 7 il ərzində 169 dəyişiklik olunub. Bu faciədir. Dəyişikliklər də biri digərini təkzib edir, bu barədə araşdırma aparıram, hazır olanda mətbuata çıxaracam. Bütün bunlar Milli Məclisdə peşəkarların çox olmasının nəticəsində baş verir, qanunvericilikdən xəbərləri yoxdur.

- Məqam düşmüşkən, bir məsələdən də danışaq. 2016-cı il fevralın 23-ü Tehranda Azərbaycan və İran hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq sazişi imzalanıb. Milli Məclis də həmin sazişi 2016-cı il iyunun 16-da yekdilliklə təsdiqləyib. Ancaq nədənsə, məsələ gizli qalıb...

- Görün həmin vaxt parlamentdəki deputatlar nə qədər bədbəxt olublar ki, gizli qərar qəbul ediblər. Halbuki bu məsələ gizli olmamalıydı. Üstü açılanda da, bir normal deputat tapılmadı ki, məsələni normal şərh etsin. Düzdür, mən bunu dəstəkləmirəm, amma reallıq bu idi ki, İran Cəbrayılı Azərbaycan torpağı kimi qəbul edib. Görün, bunlar nə qədər savadsızdırlar ki, həmin müqavilədə Azərbaycanın maraqlarının İran tərəfindən qorunduğunu dərk etmədilər. İzah edə bilmədilər ki, ayrılan vəsait də Azərbaycan torpağı üçün ayrılıb, erməni ondan müvəqqəti istifadə edir. Bir sözlə, həmin deputatlar dövlət maraqlarını qorumaq ağlında belə deyillər. Bu milləti sevən nazirlərin az olduğu kimi, millət vəkilləri də barmaqla sayılacaq qədərdir. Əksəriyyəti oliqarxdı, öz biznes maraqları var, monopoliya formalaşıb.

- İstərdim ki, ötən ay Şuşa ətrafında baş verənlərdən də danışaq. Siz necə qarşıladınız bu hadisələri?

- Açığı, mənə bir məsələ çatmır, inaqurasiya mərasimi Şuşada yox, Xankəndində keçirilsəydi, nə baş verəcəkdi? Guya Xankəndi bizim deyil? Sadəcə bununla ucuz təsəlli tapırıq. Adam sənə göstərir ki, “sən heç kimsən”. O mərasimin Cıdır düzündə keçirilməsiylə bizə növbəti dəfə meydan oxudular. Düşmənə qarşı hər hansı bir addım atılmadı, ona görə də harınladılar. Gülüstandan Şuşanı vurmaq çox asan iş idi, ora bircə qrad boşaltsaydılar, bəs edəcəkdi. Ancaq bunu etmək istəmirlər, çünki bu məsələdə Hayqanuş çox güclü işləyir. 15 il bundan qabaq da demişəm, qoy yenə deyim, başıma bəla gəlsin, nə qədər ki, ermənilərin tumanlı səfirlərinin uşaqları Azərbaycanda bu və ya digər şəkildə hakimiyyətdədir, Azərbaycan Qarabağı görməyəcək. Adamlar erməni dayılarının dediklərini həyata keçirirlər, ona görə də Qarabağ məsələsi ortalığa gələn kimi sosial şəbəkələrdə, onlayn mediada bir çaxnaşma salırlar. Bugünki sayt rəhbərlərinə baxın, görün əlləri kimin cibindədir, kim maliyyələşdirir, uzun illər kimlər bu işə rəhbərlik etdi? Nə olsun ki, həmin adam bu gün orda yoxdur, çıxarılıb, ancaq heç nə dəyişməyib. Parlamentə də yenə nənəsi ermənilər seçilib, iki nazirin nənəsi ermənidi. Onları əvəz edə bilməzdik? Sadəcə istəmirlər, çalışırlar ki, əsl türkləri məhv eləsinlər, Azərbaycandan qovsunlar. Ancaq mən zülüm də çəksəm, Azərbaycandan getməyəcəm, çünki mənə zülm edən türk deyil, Hayqanuşun uşaqlarıdır.

- Deputat Vahid Əhmədov dünən Müdafiə naziri Zakir Həsənovu və Baş Qərargah rəisi Nəcməddin Sadıqovu bəzi məsələlərdə ittiham etdi. Vahid müəllim nə qədər haqlıdır?

Vahid Əhmədov yalan demir axı. Vahid Əhmədov çox gözəl bilir ki, Azərbaycanı hansı faciələr gözləyir, ona görə də danışır. Vahid Əhmədova həmin fikirlərinə görə bu gün bəziləri hücum edir. Kənardan elə görünür ki, elə həmin şəxslər də Qarabağın ermənidə qalmasını arzulayır. Vahid Əhmədova hücum edənlər papağını qabağına qoyub düşünsünlər ki, övladları üçün gec ola da, nəvələri üçün bu dərd var. Hücum edənlərin içərisində qarabağlıların olması daha ağrılıdır.

- Zaman ayırdığınız üçün təşəkkür edirəm.

- Mən də təşəkkür edirəm, məni yenə danışdırdınız, yenə də üstümə hücum çəkəcəklər, vətən xaini çıxarmağa çalışacaqlar. Halbuki mən cənab İlham Əliyevin yanındayam, dövlətin marağı üçün həyata keçirəcəyi siyasətdə onu dəstəkləyirəm. Heç bir vəzifə də istəmirəm, bundan sonra mənə vəzifə lazım deyil.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.