XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » "Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət

"Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət

"Evimi saxta məhkəmə qərarı ilə əlimdən alıblar" – Vətəndaşdan Prezidentə və hüquq-mühafizə orqanlarına müraciət
Dünən, 13:05

Vətəndaş Amil Zeynalov Anarxeber.info.az-a müraciət edərək, uzun illərdir mülkiyyət hüququnun pozulduğunu və bununla bağlı aidiyyəti qurumlardan kömək gözlədiyini bildirib.

Şikayətçinin sözlərinə görə, 1992-ci ildən Ağdərə rayonunun Sırxavənd kənd sakini Əliyev Saleh Vəli oğlu və ailə üzvləri onun Bərdə şəhəri, Bakı küçəsi 52 ünvanında yerləşən dördotaqlı yaşayış evində qanunsuz məskunlaşıblar.
Amil Zeynalov bildirir ki, 1996-cı ildə Bərdə Rayon Məhkəməsinə müraciət edib və məhkəmə həmin şəxslərin evdən çıxarılması barədə qətnamə qəbul edib.

Onun sözlərinə görə, illərlə məhkəmə qərarının icrası istiqamətində cəhdlər göstərilsə də, nəticə əldə olunmayıb.

Şikayətçi iddia edir ki, hətta Saleh Əliyev və bacısı icra məmurlarına göstərdikləri təzyiqlərə görə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Buna baxmayaraq, evin boşaldılması təmin olunmayıb.

Onun sözlərinə görə, bu illər ərzində Prezidentə, Ədliyyə Nazirliyinə və Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinə yüzlərlə ərizə və teleqram göndərsə də, hər dəfə ona məcburi köçkünlərin öz yurdlarına qayıtmayana qədər çıxarıla bilməyəcəyi bildirilib.

Amil Zeynalov qeyd edir ki, 2025-ci ilin sonlarında yenidən Bərdə Rayon İcra şöbəsinə müraciət edib və məcburi köçkünlərin artıq doğma yurdlarına qayıtmağa başladığını əsas gətirərək məhkəmə qərarının icrasını tələb edib. Onun sözlərinə görə, icra şöbəsinin rəisi Rusif müəllim ona icra sənədinin tapılmadığını deyib.

Şikagətçi nundan sonra yenidən məhkəməyə müraciət edib və qətnamənin icraya yönəldilməsi barədə qərardad alıb.

Saytımıza müraciət edən şikayətçinin sözlərinə görə, bir ay sonra icra şöbəsində ona 2013-cü ilə aid başqa bir məhkəmə qərarı təqdim olunub.

Amil Zeynalovun sözlərinə görə, həmin qərarda göstərilib ki, guya onun "Azəriqazbank" ASC qarşısında 2007-ci ildən qalan 17 min 500 ABŞ dolları məbləğində borcunu Saleh Əliyev onunla şifahi razılıq əsasında ödəyib və buna görə də ev Saleh Əliyevin adına rəsmiləşdirilməlidir.

Şikayətçi isə bunun tamamilə saxta olduğunu iddia edir:

"Mən o bankdan heç vaxt kredit götürməmişəm. Evimi də girov qoymamışam. Evin bütün sənədləri bu gün də özümdədir. Mən 2013-cü ildə həbsdə olmuşam. Amma məhkəmə qərarında yazılıb ki, guya mən Salehlə çayxanada oturub şifahi razılaşmışam.

Biz heç vaxt belə söhbət etməmişik. Mənim 80 min manatlıq evimi hansı məntiqlə 17 min 500 dollarlıq guya banka olan borca görə başqa adamın adına keçirirlər? Əgər belə bir satış olsaydı, heç olmasa etibarnamə olardı. Bunların hamısı saxta sənədlər əsasında edilib".


Amil Zeynalov bildirir ki, bu hadisədən yalnız 2025-ci ilin sonlarında xəbər tutub. Bundan sonra Bərdə Rayon Məhkəməsinə, Bərdə Rayon Prokurorluğuna müraciət edib, həmçinin Baş prokuror Kamran Əliyevin qəbulunda olduğunu və məsələ ilə bağlı cinayət işinin obyektiv araşdırılmasını xahiş etdiyini deyir.

Sonda şikayətçi ölkə başçısına və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək yazır:

"Cənab Prezident, Sizdən və bütün hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm ki, bu cinayət işinin şəffaf araşdırılmasına, cinayəti törətmiş şəxslərin ciddi cəzalandırılmasına və mənim pozulmuş hüquqlarımın bərpasına köməklik göstərəsiniz".

Anarxeber.info.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.