XalqXəbər.Az

www.XALQXEBER.az » Müsahibə » “İcra başçısının göndərdiyi eşşək südünü içmək dövlət maraqlarından vacib imiş?” – YAP tənqid edildi

“İcra başçısının göndərdiyi eşşək südünü içmək dövlət maraqlarından vacib imiş?” – YAP tənqid edildi

“İcra başçısının göndərdiyi eşşək südünü içmək dövlət maraqlarından vacib imiş?” – YAP tənqid edildi
5-06-2020, 17:55

91-lər” Hərəkatının üzvü Ariz Abduləliyevin müsahibəsi:

- Ariz müəllim, YAP-ın bugünkü vitrininə nəzər salanda orada partiya qurucularından heç kim gözə dəymir. YAP-ı yaradan adamlar haradadır, niyə partiyanın idarəçiliyində iştirak etmirlər?

- Demək olmaz ki, heç kim gözə dəymir. Belə deyil. Az da olsa, hər halda var. Bilirsiniz, bəzi amilləri nəzərə almaq lazımdır. Zaman durmadan irəliləyir, vaxt sürətlə gedir, hər dəfə yeni dövr, yeni nəsillər, yeni baxışlar yaranır, siyasi mədəniyyət durmadan inkişaf edir, meydana yeni siyasətçilər, siyasi şərhçilər, partiyalar daxil olur, siyasi mühitdə korrektələr baş verir... Artıq o tarixi hadisədən - partiyanın yaranmasından görün neçə illər ötüb. Partiya qurucularının əksəriyyəti ya yaşlaşıblar, təqaüddədirlər, ya da dünyasını dəyişiblər. Bəziləri isə müəyyən sahələrdə lazımınca işləyir, öz sahələrində ad-san qazanırlar. Siz dediyiniz o qurucular, partiyanın siyasi-təşkilati əsasında dayanan şəxsiyyətlər indi sayca az qalıblar. Naxçıvanda, bölgələrdə, Bakıda... Qalanlardan bəzilərinə az da olsa, etimad göstərilib. Bəziləri mövcud nöqsanlar barədə düz danışdıqları üçün partiyadaxili ədalətsiz, ambisiyalı qrupların qərəzinə tuş gəliblər. Düz danışdığına görə, nöqsanları açıq tənqid etdiyinə görə vaxtilə Sirus Təbrizliyə qarşı da partiya prinsiplərinə zidd olan ədalətsiz kampaniya aparılırdı. Hər halda partiyanı qurucuları olmuş sədaqətli YAP yaradıcıları sayca artıq azdırlar. O ki qaldı partiya idarəçiliyində iştirak məsələsinə, bilirsinizmi, hər bir partiyada varislik əlaqəsi, quruculara və stajlılara qarşı hörmət və etimad mühiti mütləq yaradılmalı və sağlam zəmin əsasında yaradılan bu vacib mühit mütləq qorunmalıdır. Bu, partiyanı qoruyan və yaşadan mənəvi meyardır. Bu meyar, bu dəyər yoxdursa, o partiya daxilində siyasi-mənəvi dayaqlar da, ideoloji dayaqlar da mütləq laxlayır və istər-istəməz yalan, saxtakarlıq, ambisiozluq, təkəbbür, karyerabazlıq, qohumbazlıq, tanışbazlıq, "görüm-baxım" mühiti ayaq açır. Partiyanın sarsılmazlığı bütün yaşdan və təbəqədən olan üzvlərin qaşılıqlı hörmət və etimadı üzərində də qurulmalıdır. Bu çox vacib şərtdir. O insanlar ki, YAP qurucuları olublar, partiyanın hər bir bölgədə təşkilatlanması yolunda zəhmətləri, əziyyətləri və inkaredilməz rolları olub, açıq desək, onlar zamanında qiymətləndirilməli, irəli çəkilməli idilər. Təəssüf ki, xalqımız bunun tam baş verdiyini, ədalətli həllini görmədi. Elə cəmiyyətimizdə sağlam və səmimi etimad mühiti də, siyasi ədalət də buradan sarsılmağa başladı. Bəziləri irəli çəkilsələr də, öz ətrafına layiqli, bacarıqlı partiyadaşlarını deyil, əks keyfiyyətli insanları topladılar. Bəli, o qurucuların, partiya cəfakeşlərinin, əqidə və mövqe uğrunda fədakar insanların Əliyevlər hakimiyyətində etimada tam mənəvi haqları çatırdı. Onlar dövlətə, xalqa xidmət göstərməyə, vəzifələrə və deputatlığa layiq insanlar idi. Amma əksəriyyəti onlara çatacaq halal münasibətləri görmədilər. Regionçuluq, ambisiozluq, ədalətsizlik, mənəm-mənəmlik baş alıb getdi.... Bilirsiniz, hər şeyin öz zamanı var. O şey ki, zamanında ədalətli həllini tapmır, o insan ki zamanında haqqını ala bilmir, sonra gec olur, hər şey, meyarlar da əks istiqamətdə dəyişə bilir, nəticədə dövlət də, cəmiyyət də itirir. Necə ki, bu, baş verdi. O ki qaldı, kimlərinsə görünməməsinə, idarə heyətində və siyasi şurada qurucu qvardiya da, onlara maneə yaradan stajlı və qoca məmur partiyaçılar da var... Az da olsa, hər halda var.

- PA-nın bəzi keçmiş məmurlarının YAP qurucularına və 91-lərə ədalətsiz münasibəti olubmu?

- Bilirəm, kimləri nəzərdə tutursunuz. Çünki bu mövzu partiya yaranandan bəri gündəmdən düşmür. Əslində, onlar Prezident Administrasiyasında hakim partiyanı, partiyanın fəaliyyətini kurasiya edən məmurlar idi. Əlbəttə, partiya daxilində arzuolunmaz mühit, qeyri-ədalətli idarəçilik metodu, üzvlərə ayrı-seçkilik, pullu və vəzifəli üzvlərə hər cür imkanların təşkili, yerlərdə layiq olmayan pullu kəslərin təşkilatlara sədr qoyulması, 91-lər ilə Heydər Əliyev və İlham Əliyev arasında münasibətlərin kəsilməsi, yaşlı və gənc nəsil arasında körpülərin sökülməsi - bunların hamısı həmin o iki-üç PA məmurunun əməlləridir. Partiyada icra strukturunun yaradılması və icra katibliyinə təyinatlar da elə həmin baş kuratorların sayəsində reallaşmışdı. İndi məlum olur ki, partiyada açıqfikirliliyə, demokratiya və aşkarlığa qarşı qərəzli kampaniyaları kimlər təşkil edirmiş, 91-ləri PA-da kim sevmirmiş... İndi bilinir ki, bu kuratorların partiya idarəçiliyində illərlə əlaltıları kimlər imiş... Ən acınacaqlısı isə budur ki, həmin kuratorlar və onların əlaltıları, "kron"ları idarə heyətində, siyasi şurada, təşkilatlarda əvəzolunmaz personallar kimi möhkəm oturublar, hələ də üzvlər qarşısında özlərini sanki "dövlət qurmuş tarixi qəhrəman" kimi aparırlar, partiyanın ali orqanlarını təmsil edirlər, partiya idarəçiyində, qərar və bəyanatlarda səsvermə hüququna malikdirlər. Anlamırlar ki, ictimai rəy onları qəbul etmir. Cəmiyyət onların bəzilərini hətta rüşvətxorluqda, dövlət büdcəsini talamaqda, saxtakarlıqda, vətəndaşların hüquqlarını pozmaqda, partiyadaşlara təkəbbür, saymazlıq göstərməkdə, ədalətsiz mövqelərdə günahlandırır. Yaxşı, tutaq ki, nə vaxtsa partiya quruculuğunda bir az rolu olub. Amma hələ o vaxtlar da belələrinin dövləti işlərə irəli çəkilməsi, partiyada status almaları üzvlər tərəfindən birmənalı qarşılanmırdı. Vaxtilə Heydər Əliyevə yazılan müraciəti imzalamaqdan açıq şəkildə boyun qaçıranlara sonradan bu hakimiyyət tərəfindən böyük "ənamlar" - vəzifələr verildi. Onlar da partiya qurucuları və partiyadakı layiqli kadrlar üçün bilərəkdən maneələr yaratdılar, qərəzli və qısqanc olduqlarını gizlətmədilər. Beləcə ədalət, nizam tərəzisi pozuldu.

- YAP bir vaxtlar ziyalılar partiyası adlanırdı, bəs indi necə?

- Partiyanın ilk siyasi, tarixi qurucusu, ilk sədri, ilk ideya rəhbəri Ulu Öndər bu ifadəni tez-tez işlədirdi. Sanki bununla partiyaya yeni və müasir missiya verir, ona cəmiyyət qarşısında məsuliyyətini xatırladırdı. Bu qiymət partiyanın böyük ziyalı korpusuna malik olduğunu görə verilirdi. Azərbaycan cəmiyyətində ziyalı şəxsiyyətinin, ziyalı sözünün və mövqeyinin həmişə xüsusi çəkisi olub və bu gün də var. YAP bu sarıdan əmindir. Amma ziyalı kimdir? Bu suala bəzən birmənalı cavab verilmir, çünki kriteriyalar üzərində fikir ayrılığı var, gerçəklik isə öz sözünü diqtə edir. Məgər hər məmur, hər elmi dərəcəsi olan, hər təhsil, elm və mədəniyyət işçisi ziyalı səviyyəsinə yüksələ bilirmi? Bu məsələdə müəyyən göstəricilərlə yanaşı ictimai rəy, insanın əməlləri və şəxsi keyfiyyətləri, niyyəti və məramı, nə dərəcədə bacarıqlı və mədəniyyətli olması, əqli və əməli qabiliyyətləri, təvazökarlığı, səmimiliyi, xeyirxahlığı və təmənnasızlığı, əyri əməllərdən uzaq olması, millətsevərliyi də vacib şərtdir. Azərbaycanın əsl ziyalılarının mütləq əksəriyyəti partiyamızın üzvü olublar, indi də partiya öz nüfuzlu ziyalı korpusu ilə fəxr edir. Cəmiyyətimizdə, beynəlxalq çapda nə qədər hörmətli, nüfuzlu ziyalı şəxsiyyətlərimiz var, böyük əksəriyyəti partiyada təmsil olunur və onun fəaliyyətində yaxından iştirak edir. Əslində, elə partiyanın bünövrəsində də ziyalı təşəbbüsü dayanır. Mən 91-lər ziyalı hərəkatını, ictimai-siyasi hərəkatını nəzərdə tuturam. O qədər dəyərli ziyalılarımız var ki, YAP üzvü olmasalar da, Heydər Əliyevin, ölkə prezidentinin siyasi fəaliyyətini, xidmətlərini dəstəkləyirlər. Ziyalı hər partiya üçün böyük qüvvədir. Ziyalı potensialı siyasi demokratiya, saflıq, ideya və əqidə, xidmət, fəallıq, uğur, mədəniyət potensialıdır. Ziyalı cəmiyyətin də, təşkilatın da düşünən beynidir, mənəviyyat, humanistlik, fəaliyyət və əxlaq meyarıdır. Bu potensial partiyamızda bu gün də var. Deməli, qarşıda yeni islahatlar, uğurlar, sarsılmayan nüfuz və etimad da var.

- Yeri gəlmişkən, məşhur YAP-çılardan olan Əli Əlirzayev, Musa Musayev hakim partiyada islahatların aparılmasının vacibliyini bildiriblər . Sizcə, YAP-da nə və kim dəyişməlidir?

- Bu sualı əvvəlki cavabımla davam etdirim. Bu iki şəxs partiyada çox təmiz, vicdanlı, əqidəli insanlardır, ictimai rəy onları bu cür tanıyır və qiymətləndirir. Belə ziyalı insanlar partiyada çoxdur. Onları həmişə qorumaq, dəyərləndirmək, dinləmək, söz vermək lazımdır. Belə təmiz, təcrübəli ziyalıların əməli, xidməti, nüfuzu gənc nəslə, gənc partiyadaşlara ən gözəl nümunədir. Belə ziyalıların həyatı, düşüncəsi, təcrübəsi uğur, saflıq, vicdan, ədalət formuludur. Onlar rüşvət alıb-verməyi, saxtakarlığı, yalanı, riyanı, mənsəbpərəstliyi, xəyanəti, dostu və əqidəni tapdalamağı bacarmırlar. Heydər Əliyev Azərbaycanı sovet dönəmində yenidən quranda Musa Musayevə yüksək dövlət vəzifələri etibar edibsə, müstəqilliyin ilk illərində onun məmur təcrübəsindən yararlanıbsa, ona qarşı heç kimin sözü ola bilməz. Ona görün hansı dahi şəxsiyyət qiymət verib: Heydər Əliyev! Yaxud Əli Əlirzayev. O, partiyanı quran, ona sədaqətli olan, əsl ziyalı keyfiyyətləri daşıyan canlı nümunədir. Hansı partiya olsaydı, belə böyük mütəxəssisin köməyi ilə dövlətə yeni iqtsadi layihələr və konsepsiyalar təqdim edərdi. Belə ziyalılardan imtina etmək, onları partiyanın tədbirlərinə dəvət etməmək, onlara söz verməmək, onları qəbul etməmək, dinləməmək, uca tutmamaq ilk növbədə YAP-ın ideya prinsiplərinə, YAP-ın etik-əxlaqi normalarına, partiya proqram və nizamnaməsinə ziddir, partiyanın siyasi keçmişinə və siyasi gələcəyinə xəyanətdir, Heydər Əliyevin dövlətçilik və partiya quruculuğu prinsiplərinə əməl etməməkdir. Həm də mədəniyyətsizlik və tərbiyəsizlikdir.

- İslahatlar?!

- O ki qaldı islahatlara, bəli, YAP-da islahatlar qaçılmazdır. Dövrün, inkişafın tələbidir. Vaxtilə belə real formul deyilirdi: yuxarılar yeni üsulla idarə edə bilmir, aşağılar köhnə üsulla idarə olunmaq istəmir. Belə situasiyada idarəetmədə ağıllı və zəruri islahatlar tələb olunur. Əks halda ziddiyyətli qarşıdurmalar başlaya bilir. Şəxsən mən Yeni Azərbaycan Partiyasında konstruktiv islahatların tam tərəfdarıyam. İnanıram ki, partiyada proqram və nizamnamə tələblərinə sadiq olan, siyasi və intellektual mədəniyyəti olan, təkcə partiyaya deyil, ölkəyə, xalqa fayda verə bilən on minlərlə üzv var ki, onlar da islahatların tərəfdarıdır... Bu baxımdan, partiyada bütün istiqamətlərdə islahatlara bu gün çox böyük ehtiyac var. Bir şərtlə ki, islahatlara partiyanın idarəçiliyindən başlanılsın. Həm idarəetmə quruluşunu, həm də idarə edən subyektləri nəzərdə tuturam. İdarəetmə islahatları aşağılardan yuxarı pillələrə qədər hamısını, yəni özək təşkilatlarından, rayon təşkilatlarından başlamış mərkəzi aparata qədər hər pilləni, hər strukturu əhatə etməlidir. Metodlar, subyektlər, kadrlar, baxışlar, mövqelər də partiyanın nizamnamə və proqram tələblərinə uyğun şəkildə, YAP-ın ideya prinsiplərini qorumaq şərtilə yenilənməlidir, dəyişməlidir. Digər tərəfdən, mənim fikrimcə, ən doğru islahat yolu Heydər Əliyevin qurduğu saf, təmiz əqidəli partiyanı ideya, amal və əməl olaraq işlək şəklə qaytarmaqdır, o mühiti bərpa etməkdir. Bilirsiniz ki, Heydər Əliyev 91-lərə tarixi cavabında partiyanın əsas vəzifələrini, partiya quruculuğunun yollarını konkret şəkildə açıqlamışdır. Bu cavab əslində, müstəqilliyin ilk illərində dövlət qurmağın strateji planı, yolları idi. Belə də oldu. Sonra ambisiyalı insanlar partiya idarəçiliyini ələ aldılar. Şəxsi maraqlar, karyera hərisliyi, üzvlərə və kadrlara qeyri-obyektiv yanaşma, mənəm-mənəmlik partiya maraqlarını, partiya nüfuzunu üstələdi, administrativ status və hökm nizamnamə, proqram müddəalarından, bərabərhüquqluluq, ideologiya, qarşılıqlı hörmət kimi mühim prinsiplərdən üstün tutuldu. Ən pisi budur ki, şəxsi maraqları üstün tutanları yerli rayon təşkilatlarına sədr gətirdilər, onlara himayədarlıq olundu. Partiyanı yerlərdə quranlar, onun proqramına və nizamnaməsinə cani-dildən sədaqətli olan və təmənnasız xidmət edən yüzlərlə YAP fəalı yerlərdə idarəçilikdən uzaqlaşdırıldı. Bunu kimlərin etdiyi hamıya məlumdur. Nəticə göz qabağındadır. Bölgələrdə, yerlərdə əhali arasında hörməti olmayan, rüşvətxor, saxtakar, yalançı, oğru kimi mənfi imicə malik olanlar yerlərdə YAP təşkilatlarına rəhbər gətirildilər. Onlar da bu imkandan bir vasitə kimi istifadə edərək YAP başçılarının dəstəyi ilə bizneslərini genişləndirdilər, ya da növbəti mərhələdə dövlət məmuru oldular. Daha çox isə İH başçısı, yaxud onun birinci müavini postlarını tutdular, deputat, bələdiyyə sədri seçildilər. Bütün bunların son nəticələri artıq xalqımıza məlumdur. Acınacaqlısı budur ki, belə insanları dəstəkləməklə, onları təşkilatlara rəhbər gətirməklə, onları kadr kimi irəli sürməklə partiya sədrini də aldatmış olublar.

- Kimlərdir?

- Yerli təşkilatların rəhbərlərindən yerlərdə narazılıq və şikayətlər var. Başlıcası, bu narazılıq elə YAP-çıların özündən gəlir. Amma bu narazılıqlara nə siyasi şura, nə də icra katibliyi tərəfindən əhəmiyyət verilir. Odur ki, partiya idarəçiliyində artıq özünü doğrultmayan və maneəyə çevrilən icra modeli ləğv olunmalı, orada işləyənlər də dəyişməlidir. Artıq idarəetmə mənfi mənada monopoliyalaşıb və demokratik mexanizmlər işləmir. İş elə bir həddə çatıb ki, icra katibliyinin, Siyasi Şuranın və müavinlərin ünvanına yazılan ərizələrə aylarla, illərlə cavab verilmir. Elə mənim də 13 ildir yazdığım cavabsız ərizələr var... Təsəvvür edin, parlament seçkilərindən əvvəl YAP Neftçala rayon təşkilatından namizədin dəyişdirilməsi, onun rayon partiyadaşları tərəfindən dəstəklənmədiyi barədə mərkəzi aparata, Siyasi Şuraya, şəxsən Əli Əhmədova məktub ünvanlandı. Bu məktub saytlarda dərc olundu. Amma heç bir reaksiya, cavab verilmədi. Yəni mərkəzi qərargah üzvlərə patiyadan olan namizədi dəstəkləyən, yaxud onlarla razılaşdığını bildirən hər hansı cavabı vermədi. Prezident Aparatında da vətəndaşların şikayət və ərizələrinə münasibət eynidir. Mən Neftçala əhalisinin, iş adamlarının illərlə PA-ya göndərdiyi şikayət məktublarını saytlarda oxuyub dəhşətə gəlirəm. Gərək zamanında xalqın səsinə, ictimai rəyə hörmət ediləydi, şikayətlərə baxılaydı. Çünki vaxtında baxılsaydı, rayon əhalisi məmurlardan bu qədər əzab-əziyyət, bu qədər özbaşınalıq, vəzifə səlahiyyətlərini aşmaq, dövlətin və xalqın cibinə girmək, dövlət mənafeyini tapdalamaq görməzdi. Yəni Neftçala İH başçısının göndərdiyi eşşək südünü içmək dövlət maraqlarından, partiya qeyrətindən, dövlətçiliyə qulluqdan vacib imiş? Şəxsən bu fikirdəyəm ki, ötən illər ərzində əhalinin məmurlardan şikayətləri, iş adamlarının üzləşdiyi qanunsuzluqlar, vətəndaşların hüquqlarının pozulması, məmurların, oliqarxların, biznes monopoliyasının, rütbəli adamların sonsuz özbaşınalıqları barədə Prezidentə ünvanlanan şikayət məktubları bəlkə də bilərəkdən ünvanına çatdırılmayıb. Burada kimlərin hansı "işbirliyi", hansı maraqları olduğunu özləri hamıdan yaxşı bilir... Əgər icra katiblərinin işi, partiyada mühim məsələlərin taleyi, üzvlərin ərizə və şikayətlərinə baxılması, mərkəzi aparat binasına daxil olmaq üçün kimə icazə verilməsi onların köməkçilərinin ixtiyarına buraxılıbsa, o zaman durumu şərh etməyə lüzum yoxdur.Yenisaba

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.