SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » "Abel Məhərrəmovdan sonra islahatçı rektor təyinatı BDU-nu daha tez böhrandan çıxara bilər"

"Abel Məhərrəmovdan sonra islahatçı rektor təyinatı BDU-nu daha tez böhrandan çıxara bilər"

Tarix:

19-11-2018, 10:06

/ 1 728 dəfə oxundu.
"Abel Məhərrəmovdan sonra islahatçı rektor təyinatı BDU-nu daha tez böhrandan çıxara bilər"

Bakı Dövlət Universitetinin keçmiş rektoru Abel Məhərrəmov bəlli səbəblərdən yola saldığımız həftənin ən populyar personası oldu. Hətta bəzi əldəqayırma münəccimlər BDU-ya rektor təyinatı da edərək özlərini növbəti dəfə zavallı duruma saldılar. Bunlar anlamadılar ki, rektor təyinatı Prezidentin səlahiyyətinə aiddir və yalnız onun sərəncamından sonra biz kimin Abel Məhərrəmovu əvəz etdiyini görəcəyik.

Amma təbii ki, potensial namizədlər məsələsində fikir yürütmək və ya ekspert mövqeyini öyrənmək heç də öncəgörənlik kimi qınanıla bilməız. Biz də elə bu məntiqlə mövzu ətrafında tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin fikirlərini öyrənmişik:

- BDU - ya ən layiq adam kimi və ya kimləri hesab edirsiniz?

- Əlbəttə ki, BDU-ya rektor təyinatı ölkə başçısının müstəsna səlahiyyətinə daxildir. Ölkə prezidentinin təhsilə qayğısı hamıya bəllidir. Son dövrün rektor təyinatları bunu bir daha göstərdi. Universitetləri böhrandan çıxaran bir neçə rektorun adını çəkməyə ehtiyac duymuram. Cəmiyyət onları çox yaxşı tanıyır. Bakı Dövlət Universitetində 17 fakültə, 127 kafedra, 2 Elmi-Tədqiqat İnstitutu, 3 Elmi-Tədqiqat Mərkəzi, 1 Elmi-Tədqiqat Hissəsi və 24 Elmi Tədqiqat Laboratoriyalarında 3041 nəfər əməkdaş çalışır. 22 mindən çox tələbə təhsil alır bu universitetdə. Açığı, mən hamımızın qürur duyduğu bu ali məktəbə islahatçı rektorların birinin təyinatının tərəfindəyəm. Gördük ki, bu rektorlar artıq universitet işini bilirlər. Universitet təkcə hansısa proqramlar üzrə ali təhsilli mütəxəssislər hazırlamaqla kifayətlənməməlidir. Dünyanın aparıcı ali məktəbləri Tədqiqat Universiteti kimi bir-biriləri ilə rəqabət aparırlar. İslahatçı rektorlar bunu da bacara bildilər. Abel Məhərrəmovdan sonra islahatçı rektor təyinatı olarsa universitet daha tez böhrandan çıxa bilər.

- Ümumiyyətlə, rektorların "balaca padşahlar" olmaması üçün onların seçilməsi doğru deyilmi?

- Universitet rektorlarının indiki formada təyinatı daha məqbuldur. Biz son rektor təyinatlarından sonra Universitelərdəki vəziyyəti izləyirik. Hətta təhsil ekspertləri və QHT rəhbərləri kimi “İctimai İştirakçılıq haqqında” qanundan bəhrələnərək bir neçə Universitetdə yaradılmış İctimai Nəzarət Şurasında təmsil olunuruq. Biz İctimai Nəzarət Şurasının üzvləri kimi ali məktəblərdə keçirilən semestr imtahanlarını izləyir və Elmi Şuralarda iştirak edirik. Qısa bir vaxtda aparılan islahatların effektini görürük. Neqativ halların kökü kəsilib, cəmiyyətin universitetin həyatında iştirakına geniş imkanlar yaradılıb. Yeni Universitet modeli qurulub. Bütün bunlar onu göstərir ki, son rektor təyinatları uğurludur və artıq universitetlər nüfuzlu reytinq cədvəllərində qabaqcıl yerlər tuturlar. Dünyanın aparıcı universitetləri ilə sıx əlaqələr qurulur.

- Amma Abel Məhərrəmov 19 ildə BDU-nu heç cür dünyaca məşhur universitetlərinin siyahsısına düşməsinə nail ola bilmədi, amma adını tarixə qara hərflərlə yazdırmağı bacardı, nəticədə BDU-nun imicinə çox ciddi zərbə dəydi.

- Bakı Dövlət Universitetinə Cəfər Xəndan, Yusif Məmmədəliyev, Şəfayət Mehdiyev, Mehdi Əliyev, Abdulla Qarayev, Yəhya Məmmədov, Murtuz Ələsgərov kimi görkəmli şəxsiyyətlər rəhbərlik edib. Onlar hansı yükün altına girdiklərini çox yaxşı dərk edən alimlər olublar. Bu cür ali məkəbə rəhbərlik etmək böyük alim olmaqla yanaşı, həm də böyük məsuliyyət tələb edir. İndi siz təsəvvür edin bizdə rektorluq müddəti 10 il müəyyənləşdirilsəydi, rektorlarda məsuliyyət hissi artardı. Ucu bucağı görünməyən rektorluq institutunun belə fəsadları olur. Yusif Məmmədəliyev bu universitetə 4 il, Yəhya Məmmədov isə 2 il rəhbərlik edib. Sizə bir fakt deyim: Abel Məhərrəmovun Biblioqrafiyasına ön sözü Vasim Məmmədəliyev yazıb. Hamımız bilirik ki, Vasim müəllim kimyaçı deyil. Ancaq Abel müəllim deyib, o da yazıb. Vəssalam...

- BDU-ya dəyən bu zərbəni ən qısa zamanda unutdurmaq üçün hansı radikal addımlar təklif edirisniz?

- Universitetlərin klassik missiyası var : o mədəniyyəti nəql etməli, peşələri öyrətməli, elmi tədqiqatlar aparmalı və yeni tədqiqatçılar hazırlamalıdır. Bunların hansının BDU-da olmasını geniş oxucu kütləsinin ixtiyarına buraxıram. Universitetə yeni rektor təyin olunacaq şəxs ilk növbədə mədəni mühiti bərpa etməlidir. Şaquli idarəetmədən əl çəkməlidir. İndiyə qədər Bakı Dövlət Universiteti Tədqiqat Universitetinə çevrilməli idi. Lakin gecikmənin zamanı çox böyükdür. Universitet itirdiyi kadrları axtarmalıdır. Elmi tədqiqatlarla məşğul olan gəncləri daxili vəsaitləri hesabına stimullaşdırmalıdır. Laboratoriyalar yenilənməlidir. Mən Nazarbayev Universitetinin fəaliyyətini izləyirəm. Qısa bir vaxtda dünya səviyyəli universitet qurdular. Çünki buna istək də var idi. Bu cür univeritetə haqqı olan yalnız Bakı Dövlət Universitetidir.

moderator.az

Şərhlər

XƏBƏR LENTİ