SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə » Misir Mərdanovla Mikayıl Cabbarovun əsas fərqi... - Ekspert danışır

Misir Mərdanovla Mikayıl Cabbarovun əsas fərqi... - Ekspert danışır

Tarix:

8-11-2017, 10:15

/ 65 552 dəfə oxundu.
Misir Mərdanovla Mikayıl Cabbarovun əsas fərqi... - Ekspert danışır

Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev təhsil məsələləri ilə bağlı Modern.az saytına müsahibə verib.

- Etibar müəllim, son vaxtlar Azərbaycanda ən çox tənqid olunan sahə təhsildir. Güman ki, bu, hamımızın evində təhsilin olmasından irəli gəlir. Bəs əvvəllər Azərbaycanda təhsilə münasibət necə idi? Bu sahə indiki qədər tənqid olunurdumu?

- Təhsil bütün cəmiyyətlər, dövlətlər üçün əsas prioritet sahə olub və bundan sonra da belə olacaq. Artıq təhsil iqtisadi göstəricələr kimi ölkələri biri–birindən fərqləndirən dəyərə çevrilib. Bu baxımdan yerli səviyyədə də təhsil sahəsində tənqid və görülən işlərin təqdir olunması gözləniləndir. Məsələn, orta məktəblərdən 2000-dən çox saxta diplomlu müəllimin işdən kənarlaşdırılmasına görə Təhsil Nazirliyini tənqid edənlər oldu. Bunu necə obyektiv tənqid adlandırmaq olar? Kiməsə saxta diplom verib, onu məktəbə müəllim götürənlər bu xalqın düşmənidir. Yaxud modul tipli məktəblərin yaradılması, müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi və s. kimi işləri necə təqdir etməmək olar? Bu gün ölkə təhsilinin yaxşılaşdırılması üçün təkliflə çıxış edənlərin sayı tənqidçilərdən qat-qat azdır. Əvvəllər təhsil sahəsi indikindən də çox tənqid olunurdu. Fərq tənqidə münasibətdədir. Təhsilə indi rəhbərlik edənlər tənqiddən nəticə çıxarmağa çalışırlar, əvvəllər isə tənqid edənləri məhkəmələrə verir, yaxud hədələyirdilər. Məncə ölkə ziyalılarının hər biri təhsilə istər təklif, istərsə də obyektiv tənqid vasitəsilə öz töhfələrini verməlidirlər.

- Sosial şəbəkələrdə orta məktəb dərslikləri ilə bağlı mütəmadi olaraq tənqidi fikirlər yer alır. Qalmaqallı xəritə məsələsi həftələrlə tənqid olundu. Hətta, məsuliyyət daşıyan qurumlar günahı öz boynundan kənara atdı. Halbuki, məsələn, AMEA-nın Tarix İnstitutu da məsələdən xəbərdar idi.

- Dərslik məsələsində ən böyük məsuliyyət müəlliflərin və nəşriyyatların üzərinə düşür. Dərslik yazmaq istəyən müəllif fənnini dərindən bilməklə yanaşı, həm də geniş mütaliyəyə malik olmalıdır. Maraqlı bir nümunə deyim. XX əsrin böyük riyaziyyatçılarından biri olan Andrey Kolmoqorov 7-ci siniflər üçün həndəsə dərsliyi yazmışdı. Lakin 3-4 ildən sonra o, şagirdlərdən, müəllimlərdən və valideynlərdən üzr istəyərək dərsliyi qəliz yazdığını etiraf etmişdi. Bizdə isə akademik etiraflara rast gəlmək mümkün deyil. Hər kəs öz dərsliyinin üstünlüyündən danışır. Dərslik işində nəşriyyatların, müəlliflərin, nazirliyin müvafiq strukturlarının işi biri-birini tamamlamalıdır. Nəşriyyatları yaxşı tanıdığımdan, onların peşəkarlığına bələdəm. Nəşriyyatlarda peşəkarlıq aşağı səviyyədədir. Sosial tənqid deyilən bir anlayış var. Dərsliklərin ictimai müzakirəsində bu institutun funksionallığındakı qüsurları gördük. Xəritə məsələsinə gəldikdə AMEA-nın Tarix İnstitutu bu məsələdə yaxasını kənara çəkməməli idi. Dərsliyə 28 səhifə rəy verən institut nədənsə xəritəni görməmişdi. Və üstəlik siyasi bəyanatla çıxış etdilər. Tarix İnstitutunun bəyannatı o qədər yersiz və qərəzli idi ki, AMEA-nın Rəyasət Heyəti bunu özlərinin mövqeyi hesab etmədi.

- O zaman niyə yaxşı dərslik yazan müəlliflər yetişmir?

- Bir çox inkişaf etmiş ölkələrdə dərslik yazmaq prosesində varislik prinsipi mühüm rol oynayır. Sovetlər vaxtı təbiət və texniki fənnlər üzrə demək olar ki, yerli müəlliflərin dərslikləri yox idi. Müstəqillik əldə etdikdən sonra bu sahələr üzrə müəlliflərin çoxu hansı yükün altına girdiklərini dərk etmədilər. Qohumbazlıq, tanışlıq, əyri yollarla müəlliflər təyin olundular. Bu məsələlər yavaş-yavaş aradan qaldırılmağa başlayıb. Lakin monopoliyanı qırmaq o qədər də asan iş deyil. Ancaq Təhsil Nazirliyinin tətbiq etdiyi yeni mexanuzmlər normal dərsliklərin yazılmasına imkanlar yaradacaq. İndiki vəziyyətdə orta məktəblərdə tərcümə ədəbiyyatlarına üstünlük verilməməsi üçün dərslik müəllifləri, nəşriyyatlar, Təhsil Nazirliyi və ictimaiyyətin nümayəndələri birgə çalışmalıdır. Maraqlı bir analogiya gətirmək istəyirəm. Bütün qolf oynayanlar oyunlarını yaxşılaşdırmağa cəhd edirlər. Oyun zamanı hiss edirlər ki, işlər yaxşı getmir, lakin bu hisslərdən istifadə edib, səhvlərini korrektə etmək istəyirlər. Ancaq bu cəhdlər çox vaxt uğursuz olur, nəticələr daha da pisləşir. Səhvləri düzəltmək üçün onlar subyektiv təcrübələrinə aid olan sistemdən kənara çıxmalıdırlar. Buna görə də onlara daha çox müxtəlif nöqtələrdəki səhvlərinin videoyazısı və kənar məşqçilərin nəzərə alınmayan tövsiyyələri kimi obyektiv göstəricilər lazımdır. Mahiyyət ondan ibarət olmalıdır ki, sistemin funksionallaşmasını istəyiriksə, sistemə bütöv yanaşmalıyıq: kənardan içəriyə doğru hərəkət etməklə.

- Etibar müəllim, dərsliklərin dili də ağırdır. II və III sinifdə oxuyan şagirdlərin valideynləri narazılıq edirlər ki, uşaqların yerinə biz oxuyuruq. Yəni şagirdlər tapşırıqları sərbəst şəkildə edə bilmirlər.

- Bu məsələ də sırf dərslik müəlliflərli ilə bağlıdır. Bir çox ölkələrin dərslikləri ilə tanışlıqdan görünür ki, bizdə müəlliflərin çoxunun elmi-populyar ədəbiyyatlardan xəbəri yoxdur. Fənnlərin uşaqlar tərəfindən daha yaxşı mənimsənilməsi üçün populyar dildə yazılmış ədəbiyyatlar yox səviyyəsindədir. Yaxşı yadımdadır bizim orta məktəbdə oxuduğumuz illərdə “Əyləncəli riyaziyyat”, “Riyaziyyat hamı üçün”. “Fizika, bunu öyrənməyə nə var”, “Evimizdəki atom” və s. populyar ədəbiyyatlar fənni bizə sevdirirdi. Təəssüflər olsun ki, indi müəllimlər və alimlərin çoxu test tərtib etməkdən kənara çıxmaq istəmirlər. Əgər bunu yazmaq əzmində deyiliksə, hamının başa düşdüyü dünyaca məşhur əsərlər var ki, onları tərcümə etmək lazımdır. Məsələn Çində hesab edirlər ki, uşaqlarda erkən yaşlarda elmə həvəsi dərsliklər və populyar ədəbiyyatlar yaradır. Sizin dediyiniz 2-ci və 3-cü sinif uşaqları da artıq repetitor yanına gedirlər. Valideynlərin çoxu artıq elə hesab edir ki, uşaqları yalnız fərdi dərslər vasitəsilə mövzuları qavraya bilərlər.

- Dərsliklərdən danışdıqca, müstəqillikdən sonra yazılan dərsliklərin daha yaxşı olması yada düşür. 2000-ci illərə qədər o dərsliklər daha anlaşılan idi. Amma 2000-ci ildən sonra dərsliklərin dili mürəkkbələşdi. Müstəqillikdən sonra dərslik yazanları sonradan təhsilə niyə cəlb edə bilmədik?

-Maraqlı məsələyə toxundunuz. Məsələn, Sovet dövründə alimlərimiz dərslik yazmağın asan olmadığını etiraf edirdilər. Baxmayaraq ki, böyük alimlər var idi. Onları etirafı böyüklük əlaməti idi. Dərslik institutunu formalaşdırmaq bir o qədər asan məsələ deyil. Dərslik müəllifi kimi yetişmək, yaxud da, dərslik tərcüməçisi olmaq böyük savad və təcrübə tələb edir. Fürsətdən və boşluqdan istifadə edib 10-dan çox riyaziyyat dərsliyi yazan oldu. Əlbəttə ki, səlahiyətdən sui-istifadə etməklə. Bu, açıq-aşkar monopoliya idi. Nəticədə başqa riyaziyyatçıların əli bu işdən soyudu. Kim cəsarət edib alternativ riyaziyyat yaza bilərdi?!. Ona görə də qısa bir vaxtda ideal dərsliklər yazmaq mümkün deyildi. İndi normal dərsliklərin ortaya çıxarılması üçün müəyyən mexanizmlər hazırlanıb. Dərsliklərin ictimai müzakirəyə çıxarılması olduqca vacib məsələdir. Ancaq baxın, Nadir Qafarzadənin hər hansı mahnısını dinləyənlər çoxdur, yoxsa, hansısa dərsliyinin müzakirəsinə qoşulanlar?

- Dərsliklərlə bağlı dəyişikliklər də tez-tez baş verir. Bəzi ekspertlər düşünür ki, bunu etməklə uşaqların gələcəyi təhlükə altında qoyulur. Yəni standart bir meyar yoxdur ki, şagird bunu keçsin.

- Artıq yeni kurrikulumlar 9-cu siniflərə tətbiq olunub. Onun əsasında bu il buraxılış imtahanlarında müəyyən dəyişikliklər edildi. Hesab edirəm ki, həmin dəyişikliklər şagirdlər üçün əhəmiyyətli idi. Qədəm qoyduğumuz informasiya cəmiyyəti müəllimlər, şagirdlər, valideynlər qarşısında yeni tələblər qoyur. Açıq tipli testlərin sayını artırmaqla şagirdlərin riyazi bacarıqlarını ölçmək məqsədi qarşıya qoyuldu. Və müəyyən tablo çəkildi. Artıq şagirdlər iki ildən sonra 11-ci sinflər yeni kurrikulumla imtahan verəcəklər. Yeniliklərlə bağlı maarifçilik işlərini təkcə Dövlət İmtahan Mərkəzi aparmamalıdır. Müəllimlər yeni kurrikulumları əxz etməli və tədrisi bunun əsasında qurmalıdırlar. Bu ilin təcrübəsi onu göstərdi ki, baş verən dəyişikliklər istiqamətində məktəblər ciddi hazırlaşmamışdı. Valideynlərə təlqin olunur ki, şagirdlərin ali və orta ixtisas məktəblərinə daxil olması üçün orta məktəb bilikləri yetərli deyil. Bu təbliğatı müəllimlər aparır. İndi hansı orta məktəbin təbliğatı aparılır?! Abituriyentlərin uğurları kursların, repetitorların adına yazılır. Demirlər ki, 700 bal toplayan abituriyent filan məktəbin yetirməsidir. Bu, çox pis haldır. Bu, məktəb təhsilinə kölgə salmaqdır.

- Məktəb rəhbərliyinin rolunu qeyd etdiniz. Son vaxtlar şagirdlərə qarşı zorakılıq halları elə məktəb rəhbərləri tərəfindən həyata keçirilir. Məktəb direktorları azyaşlılara qarşı əxlaqsız hərəkətlər edirlər.

- Yəqin ki, son hadisələri nəzərdə tutursunuz. Məncə, baş verən hansısa bir hadisəni bütün təhsil müəssisələri üçün ümumiləşdirmək doğru deyil. Təhsil Nazirliyində çalışdığım illərdə bu cür hadisələrin şahidi olurduq. Amma sosial şəbəkə anlayışı, hərənin əlində şəkiliş aparan telefon olmadığından məsələlər ört-basdır edilirdi. Nəzərə almaq lazımdır ki, o vaxtlar məktəb direktorlarının çoxu məqsədli şəkildə təyin olunurdular. Təhsil Nazirliyinin indiki direktor seçimi üçün təşkil etdiyi imtahanlar və müsabiqələr təqdirəlayiqdir. Bu addım həm də direktorların üzərinə xeyli məsuliyyət qoyur.

- İndi də məktəb direktorları haqqında eyni iddialar səslənir. Hansısa icra başçısı özünə yaxın bildiyi şəxsi məktəb direktoru təyin edir. Bu fikirlərlə razısınızmı?

- Direktorların imtahanda iştirakı, onların bioqrafiyalarının saf-çürük edilməsi məktəbin yaxşı idarə olunmasına xidmət edir. Direktorlar nazirlik tərəfindən seçilərək yerlərə göndərilir. Ancaq burda bir məqam bizi narahat edir. Rayonlarda həmin direktorları icra başçıları yola verəcəkmi? Bu, problem kimi qalır. Direktorlar məsələsində icra başçıları öz maraqlarını mütləq ortaya qoyur. İcra Hakimiyyəti strukturları məktəbin işinə yerli-yersiz müdaxilə etməməlidirlər. Məktəbin işinin pozulması cəmiyyətin nizamına ağır zərbə vurur. Məsələn buraxılış və qəbul imtahanlarının nəticələri müzakirə olunanda rayonlar üzrə təhsil mühiti, həmçinin rayon rəhbərliyinin təhsilə olan münasibəti də görünür. Fikrimcə, rayon İcra hakimiyyətlərinin orta təhsilə olan münasibəti yalnız keyfiyyətin yaxşılaşdırılmasına xidmətə yönəlməlidir.

- Bəs əxlaq məsələlərini necə edək?! Bəzi müəllimlər nəinki təhsil, hətta tərbiyə məsələsində də kasaddırlar.

- İndiki müəllimlər çox vaxt tərbiyə faktorunu üzərlərindən atırlar. Bizim orta məktəbdə oxuduğumuz illərdə müəllimlər, həm də bir tərbiyəçi funksiyasını yerinə yetirirdilər. Təhsil öyrətmə və tərbiyədən ibarətdir. Tərbiyə komponentini kənara atmaq olmaz. Axı, tərbiyə vasitəsilə şagirddə xarakter formalaşır.
Tərbiyə uşaqların davranışını korrektə edir. Uşaqların tərbiyədənkənar hərəkətlərinə çox vaxt müəllimlər göz yumurlar. Məktəbə ögey münasibət gələcə ögey münasibətlə eynidir. Yapon təhsil sistemində islahatlar dəstinə daxil olan meyarlardan bir uşaqları təhlükəli və qorxulu mühitdən qorumaqdır. Bir məsələni deyim. Mənim yaşadığım ərazidə məktəblərə gedən yolun üstündə 4 qəssabxana var. Uşaqların dərsə gedən vaxtı dana böyürtüsündən adamın qulaqları tutulur. Üstəlik uşaq canlının başının necə kəsildiyini görür. Bu, uşaqlarda aqressiya formalaşdırır. Lakin buna heç kəs əhəmiyyət vermir. Bu cür hallara qarşı həyacan təbili çalınmalıdr.
Hələ 18-ci əsrdə böyük Kant yazırdi: “Bizim məktəblərdə uşaqlarda alicənablığın inkişafına ən yüksək səviyyədə kömək edən hüquq katexizisi (sual-cavab kitabları) demək olar ki, yoxdur. O gündəlik həyatda baş verən, öz-özlüyündə bu və ya digər halda nəyin ədalətli olub-olmaması ilə bağlı sualların meydana gəlməsi hallarını ehtiva etməlidir”.

Şərhlər

XƏBƏR LENTİ