SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Universitetlərdə qızılca ilə bağlı son durum: profilaktik tədbirlərə başlanılıb

Universitetlərdə qızılca ilə bağlı son durum: profilaktik tədbirlərə başlanılıb

Tarix:

6-12-2023, 16:21

/ 407 dəfə oxundu.
Universitetlərdə qızılca ilə bağlı son durum: profilaktik tədbirlərə başlanılıb

Azərbaycanda son günlər qızılca virusuna yoluxma halları yayılmaqda davam edir. Bu xəstəliyə yoluxma faktı daha çox azyaşlı və məktəblilərdə rast gəlinsə də, böyüklər arasında da qızılcaya yoluxanlar müşahidə olunur. Orta məktəblərdə isə virusun geniş yayılmasının qarşısının alınması istiqamətində profilaktik tədbirlərə başlanılıb. Artıq bir neçə gündür ki, təhsil müəssisələri dezinfeksiya olunur. Məhz qızılca virusunun aşkarlanmasına görə, paytaxtda yerləşən 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində əyani dərslər dayandırılıb və distant tədris tətbiq olunub. Bir müddət əvvəl isə bir neçə ali təhsil müəssisəsində də tələbələrin qızılcaya yoluxması faktı aşkarlanıb.

İqtisadiyyat.az ali məktəblərdə qızılca xəstəliyi ilə bağlı son durumu öyrənmək üçün sorğu keçirib.

Sorğu nəticəsində məlum olub ki, bəzi universitetlərdə tələbələr arasında qızılcaya yoluxanlar olsa da, digər ali təhsil müəssisələrində bu fakt qeydə alınmayıb.

İlk olaraq bir müddət əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialının üç tələbəsi arasında qızılcaya yoluxma aşkarlanıb. Sonradan onlar sağalaraq dərslərini davam etdirməyə başlayıblar. Bundan sonra isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir tələbəsinin qızılcaya yoluxduğu məlum olub.

AzMİU-dan bildirilib ki, həmin tələbənin də universitetdən kənarda bu xəstəliyə yoluxduğu müəyyənləşib: "Artıq o da sağalıb və dərslərini əyani davam etdirir. Amma ümumilikdə qızılca xəstəliyinin yayılması ilə əlaqədar qabaqlayıcı tədbirlər həyata keçirilir. Belə ki, fakültələr və ictimai təşkilatlar vasitəsilə tələbələr arasında müzakirələr aparılır. Xəstəliyin əlamətləri hiss olunan anda tələbənin evdə qalması tövsiyə olunur. Eyni zamanda həmkarlar təşkilatı tərəfindən bildirilib ki, xəstəliyə yoluxduğunu hiss edən tələbələr dərhal həkimə müraciət etməlidirlər".

ADPU, UNEC, Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Dillər Universitetindən (ADU) isə qeyd edilib ki, tələbələr, müəllim və işçi heyətləri arasında qızılcaya yoluxma faktı qeydə alınmayıb. Bildirilib ki, hər dörd ali məktəb öz fəaliyyətini ənənəvi qaydada davam etdirir.

ADPU-dan qeyd olunub ki, bütün hallarda universitetin binalarında tibb məntəqələri fəaliyyət göstərir: "Əməkdaşlar yalnız qızılca ilə bağlı deyil, il boyu davamlı olaraq tələbələrlə profilaktik işlər aparırlar". 

BSU-dən bildirilib ki, universitetdə yoluxma faktı olmasa da, tələbələr arasında maarrifləndirici işlər aparılır. Çünki koronavirus pandmesiyası da tamamilə bitməyib.

ADU-dan isə ümumiyyətlə yayılan xəstəliklə bağlı tələbələr tərəfindən hər hansısa şikayətin daxil olmadığı vurğulanıb. Həmçinin qeyd olunub ki, əgər narahatlıq olarsa, bu halda qabaqlayıcı tədbirlər həyata keçiriləcək.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) isə bildirilib ki, tələbələr arasında nəinki qızılca, hətta suçiçəyi xəstəliyinə də rast gəlinib. Qeyd edilib ki, indiyədək 3 qızılcaya, 2 tələbə isə suçiçəyinə yoluxub:

"Hər fakültədə tələbələr arasında maarifləndirici söhbətlər aparılır, lazımi tövsiyələr verilir. Rəhbərliyin qərarı ilə universitet dezinfeksiya edilib. Əgər gələcək günlərdə xəstəlik daha da yayılar və rəqəmlərdə artım müşahidə edilərsə, o zaman daha genişmiqyaslı tədbirlər görüləcək".

Şərhlər

XƏBƏR LENTİ