Lənkəranda 20 yaşlı 16 həftəlik hamilə qadın vəfat edib.
Bunu Oxu.Az-a açıqlamasında Lənkəran rayon Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün səhər Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü İbrahimova Günay Ümüd qızı ağır vəziyyətdə xəstəxanaya gətirilib:
“Xəstə dərhal reanimasiyaya yerləşdirilib. İlkin məlumata əsasən, o, ya həkimlərin, ya da qonşuların məsləhəti ilə hamiləliyi pozmaq üçün dərman qəbul edib. Qadında qanaxma baş verib. Əvvəl əhəmiyyət verilməyib, vəziyyəti ağırlaşandan sonra xəstəxanaya gətiriblər”.
Baş həkimin müavini qeyd edib ki, xəstəni xilas etmək mümkün olmayıb:
“Göstərilən bütün reanimasion tədbirlərə baxmayaraq, qadın dünyasını dəyişib”.
Faktla bağlı araşdırma aparılır.