SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Kiçik və orta sahibkarlığın məhrum olduğu dövlət satınalmaları: - şəffaf və obyektiv tenderlər niyə yoxdur?

Kiçik və orta sahibkarlığın məhrum olduğu dövlət satınalmaları: - şəffaf və obyektiv tenderlər niyə yoxdur?

Tarix:

30-06-2021, 09:59

/ 1 293 dəfə oxundu.
Kiçik və orta sahibkarlığın məhrum olduğu dövlət satınalmaları: - şəffaf və obyektiv tenderlər niyə yoxdur?

Məlum olduğu kimi, dövlət satınalmaları hazırda Azərbaycanda büdcə vəsaitlərinin mənimsənilməsində ən böyük “yeyinti” mexanizmidir. Alınan mal və məhsulların qiymətinin maya dəyərindən 10 dəfə artıq qiymətə rəsmiləşdirilməsi bir yana, keçirilən tenderlərdə məhz həmin qurumların rəhbərlərinə və ya yaxınlarına məxsus şirkətlərin qalib olması , nəticədə kiçik və orta sahibkarların bu satınalmalardan bəhrələnə bilməməsinə, müvafiq bazar tapa bilmədən, məhsulunu reallaşdırmadan sıradan çıxmasına səbəb olur.

Xarici ölkələrin təcrübəsinə nəzər salsaq, dövlət satınalmaları kiçik və orta sahibkarlığı ayaqda saxlayan bir mexanizmdir. Azərbaycanda isə bunun əksinin şahidi oluruq. Son illər bu istiqamətdə xeyli işlər görülməsinə və prosesin elektron xidmətlərə keçirilməsinə baxmayaraq, yenə də çatışmazlıqlar qalmaqdadır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı alim, deputat Vüqar Bayramov bildirdi ki, dövlət satınalmalarının təkmilləşdirilməsi, rəqabətin gücləndirilməsi, eləcə də şəffaflığın artırılması mövcud islahatların əsas prioritetlərindədir: “Nəzərə alsaq ki, bu istiqamətdə xüsusən son illər sistemli şəkildə fəaliyyətlərin intensivləşdirilməsi müşahidə olunur. Bununla belə, proses komleks yanaşma və yeni mexanizmlərin tətbiqini tələb edir. Nəzərə alaq ki, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı artıq işlər görülür. Xüsusən də dövlət satınalmalarında rəqabətin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində qanunvericiliyə dəyişikliklər yenə müzakirə olundu. Eyni zamanda artıq real mexanizmlərin də təkmilləşdirilməsi istiqamətində praktik olaraq işlər görülür. Kiçik və orta sahibkarların tenderlərdə, dövlət satınalmalarında daha yaxından iştirakı olduqca vacibdir”.

Deputat onu da qeyd etdi ki, mövcud qanunvericiliyə əsasən kiçik və orta sahibkarlar üçün bir sıra tenderlərdə iştirak üçün xüsusi üstünlüklər var: “Tenderlərin keçirilməsində kiçik və orta sahibkarlara üstünlük verilməsi daha məqsədəuyğun olardı. Kiçik və orta sahibkarlar həm innovasiyanın təmin edilməsi, həm yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsi, rəqabətin yaranması baxımından kifayət qədər müsbət təsirlərə malikdir. Bu mənada daha məqsədəuyğun olardı ki, dövlət satınalmalarında kiçik və orta sahibkarların iştirakı, onların təkliflərinin dəyərləndirilməsi prioritet olsun. Kiçik və orta sahibkarlar, xüsusən də bu gün aktiv şəkildə iqtisadi fəaliyyəti olan sahibkarlar dövlət satınalmalarında daha yaxından iştirak etməklə həm rəqabətin gücləndirilməsinə, həm şəffaflığın artırılmasına, həm də dövlət vəsaitlərinin daha səmərəli şəkildə istifadə olunmasına töhfə verə bilərlər”.

İqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, böhran dövrlərində dövlət satınalmaları iqtisadiyyatı hərəkətə gətirən əsas mexanizm kimi istifadə olunur: “Biz tarixə ekskursiya etsək, XX əsrin ən böyük iqtisadi böhranı hesab olunan böyük depressiya zamanı, yəni 1929-cu ildən 1932-ci ilə qədər iqtisadi böhrandan çıxış üçün ən uğurlu alət kimi məhz dövlət satınalmaları və dövlət sifarişlərinin kiçik və orta sahibkarlar arasında bölüşdürülməsinin effektiv mexanizm olduğu sübuta yetirildi. O zaman Amerikada böyük infrastruktur layihələrinə start verildi. Təqribən 3 minə yaxın kiçik və orta sahibkarlıqla məşğul olan insanlar dövlət satınalmalarının iştirakçısına çevrildilər. Bu da yeni iş yerlərinin yaranmasına və iqtisadi canlanmaya təkan verən əsas amilə çevrildi. Bu təcrübədən bütün dünyada zaman-zaman istifadə olundu”.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda da böyük neft pulları gələn zaman iri layihələrə start verildi, ancaq bu böyük layihələrin dövlət satınalmalarının, tenderlərin keçirilməsi ilə bağlı şəffaflığın təmin olunmaması, həmin layihələrin çox az sayda insanlara məxsus şirkətlərə verildiyinin şahidi olduq: “Bu həm də rəqabəti zəiflətdi, həm işin keyfiyyətini aşağı saldı, həm də iqtisadiyyatda ciddi bir təkanın, müsbət dalğaların yaranmasına səbəb olmadı. İndi də yeni yanaşma davam edir. Dövlət satınalmaları, tenderlərlə bağlı xəbərlərdən də görünür ki, müxtəlif nazirliklərdə eyni şirkətlər qalib olur və ya yeni yaradılan şirkətlərin tenderlərdə qalib olduğunu görürük. Şirkətlərin adları fərqli olsa da, çox zaman eyni məmurlara bağlı olan şirkətlər olur. Bu da iqtisadiyyatın canlanmasına, kiçik və orta sahibkarlığın inkişafına mane olan əsas faktorlardan birinə çevrilir. Əslində dünyanın keçdiyi vahid yol var, tenderlər şəffaflaşmasa, vətəndaş nəzarəti, media nəzarəti olmasa, dövlət satınalmalarının korrupsiyadan kənarda qalması mümkünsüz olacaq”.

İqtisadçı qeyd etdi ki, dünyanın bir çox ölkələrində kiçik satınalmalardan böyük tenderlərə qədər çox zaman proseslər canlı yayımda verilir, tenderlər o qədər açıq və şəffaf olur ki, televiziyalarda canlı yayımda verildiyinin şahidi oluruq: “Qardaş Türkiyədə tenderlərin dövlət televiziyalarında yayımlandığının şahidi olmuşuq. Azərbaycanda bununla bağlı kifayət qədər problemlər var, həm şəffaflığın zəif olması, həm də şirkətlər haqqında məlumatın az olması problemi var. Artıq bu məlumatların əldə edilməsi mümkün deyil, böyük bir sirrə çevrilib. Hətta qanunvericiliyə dəyişiklik də edildi, kommersiya sirri adı altında bir çox şirkətlərin məlumatları gizlədildi, onların dövriyyəsi, ödədikləri verginin həcmi - bütün bunlar dövlət sirri kimi qorunur. Bu isə jurnalist araşdırmalarının aparılmasına, vətəndaşların bilgiləndirilməsinə maneə törədir. Bizdə də şəffaflıq artırılmasa, kiçik və orta sahibkarlığa üstünlük verilməsə, son 15-20 ildə dövlət satınalmalarına yönələn milyardlarla vəsait səmərəsiz xərcləndiyi kimi, yenə də dövlət vəsaitləri bu şəkildə xərclənməkdə davam edəcək. Bu, həm işin effektivliyini, keyfiyyəti aşağı salır, həm də iqtisadiyyatda yeni təkanların yaranmasının qarşısını alır. Artıq dünya bu prosesi keçib, Azərbaycanda da dünya təcrübəsindəki pozitiv örnəklərin tətbiqinin şahidi olmalıyıq”.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda dövlət satınalmaları ilə bağlı proses elektronlaşıb. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2002-ci il 29 yanvar tarixli 668 nömrəli Fərmanında, 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”də dəyişiklik edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Rəşad Hüseynovun sözlərinə görə isə qanunvericilikdə edilmiş dəyişikliklər əsasən podratçıların ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi, elektron satınalma, satınalma metodlarının razılaşdırılması, tender komissiyası, tenderdə iştirak haqqı, təkliflərin açılışı, təklifin kənarlaşdırılması, təkliflərin qiymətləndirilməsi, icazələrin (razılıqların) alınması və işə başlama bildirişi, müqavilənin yuxarı orqan tərəfindən təsdiq edilməsi, satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının müddəti, təhvil-təslim aktlarının qəbulu, təkliflər sorğusu, elektron satınalma elanı (dəvəti), müqavilənin şərtlərinin dəyişdirilməsi istiqamətlərində aparılıb: “Ümumilikdə qəbul edilən dəyişikliklər satınalmalar zamanı dövlət vəsaitindən daha səmərəli və qənaətlə istifadə edilməyə gətirib çıxaracaqdır. Eyni zamanda bu dəyişikliklər dövlət satınalmalarında şəffaflığı artıracaq və bütün podratçılara bərabər rəqabət mühiti yaradılmasına gətirib çıxaracaqdır. Daha səmərəli dövlət satınalmaları sistemi isə davamlı iqtisadi inkişaf hədəflərinə çatmaq üçün vacib faktorlardan biridir.

Dövlət satınalmaları ilə bağlı ötən dövrün statistik məlumatlarına nəzər yetirsək görərik ki, 2020-ci ildə dövlət təşkilatları tərəfindən tenderlər və kotirovka sorğusu əsasında həyata keçirilən dövlət satınalmalarının həcmi 2019-cu illə müqayisədə 14,8 faiz artaraq 6,6 milyard manat olub. Bu müddət ərzində satınalma prosedurlarının sayı isə 2254 vahid və ya 19,7 faiz azalıb. Satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 90 faizdən çox təşkil edib.

Qəbul edilmiş dəyişikliklər aparılan kompleks biznes islahatlarının tərkib hissəsi olmaqla ölkənin beynəlxalq reytinq qiymətləndirmələrində, xüsusilə “Doing Business” hesabatında, mövqeyinin irəliləməsinə də gətirib çıxaracağı gözlənilir ki, bu da öz növbəsində birbaşa xarici investisiyaların ölkəyə gəlməsinə müsbət təsir göstərə bilər.

Ötən il elektron satınalmalar (E-satınalma portalı üzərindən) 930 milyon manat təşkil edib ki, bu da ümumi satınalmaların 14 faizinə bərabər olub. Yeni dəyişikliklər vahid internet portal vasitəsilə həyata keçirilən dövlət satınalmalarının payını artıracaq".

Şərhlər

XƏBƏR LENTİ