SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Elman Rüstəmov rəqabət mühitinin yaradılmasını əngəlləyir - FAKT BUDUR!

Elman Rüstəmov rəqabət mühitinin yaradılmasını əngəlləyir - FAKT BUDUR!

Tarix:

21-04-2021, 08:39

/ 495 dəfə oxundu.
Elman Rüstəmov rəqabət mühitinin yaradılmasını əngəlləyir - FAKT BUDUR!

Rəsmi statistikaya görə, Azərbaycanda 8,5 milyon ədəd debet kartı, 1,1 milyon ədəd kredit kartı var. POS-terminalların sayı isə 67 mindən çoxdur. Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödənişlərin tətbiqinə başlanılması və hazırda kart sistemi ilə işləyən nəqliyyat vasitələrinin sayının artırılması da qeyri-nağd ödənişlərin həcminin artmasına təsir göstərir.

Reyting.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Qadir İbrahimli elektron ödəniş sahəsindəki problemlərdən və bununla bağlı hazırlanmış qanun layihəsinin yubanmasına münasibətində bildirib.

Q. İbrahimli əlavə edib ki, ödənişlərin strukturunda əsasən Elektron Hökumət Portalı və “ASAN Ödəniş” sistemi üzərindən aparılan dövlət ödənişləridir - kommunal, sığorta, bank, təhsil, ipoteka, kredit, lizinq, cərimə, vergi və rüsumlar.

O, bunların məcburi ödənişlər olduğunu bildirib.

Q. İbrahimli qeyd edib ki, E-ödəniş sisteminin əhatə dairəsi genişdir, onun əsasını biznes, ticarət və xidmət, ev təsərrüfatları, vətəndaşların həyata keçirdiyi əməliyyatlar və digər sahələrdəki əməliyyatlar təşkil edir. O, həmin sahələrdə nağdsız ödəmələrin dinamkasının xeyli aşağı olduğunu bildirib.

Q. İbrahimli rəsmi statistikaya istinadla qeyd edir ki, hökumət portalı vasitəsilə gün ərzində 50 mindən çox ödəniş aparılır, halbuki hər gün ölkə üzrə ən azı 1 milyon əməliyyat həyata keçirilir: “Bu o deməkdir ki, nağdsız hesablaşmaların kütləvi xarakter daşıdığı bir çox sahələrdə əhəmiyyətli dəyişikliyə nail olunmayıb. Nağdsız ödənişlər üçün normal infrastruktur olsa da, E- ödəmələrin dövriyyəsi mövcud bazar potensialına adekvat deyil”.

Onun sözlərinə görə, bir neçə il əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə xidmətlərinin və elektron ödənişlərin inkişafını nəzərdə tutan qanun layihəsi hazırladığını bəyan etsə də, proses çox ləng gedir və hələ də başa çatdırılmayıb. İqtisadçı sənədin ləngiməsinin əsas səbəblərindən biri kimi Palata ilə ödəniş sisteminə nəzarət edən Mərkəzi Bank arasındakı çəkişmələri göstərir.

“Palata ləğv olundu və onun bütün funksiyaları Mərkəzi Banka verildi. Bu, hazırlanan qanun layihəsinin tezliklə başa çatdırılmasına şərait yaradırdı, lakin bu baş vermədi. Yəqin Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun başı 450 milyon manatlıq yeni inzibati bina tikintisinə qarışdığından son dərəcə vacib olan bu məsələyə vaxt ayıra bilmir”.

Xatırladaq ki, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuşdu ki, nağdsız ödənişlərin həcmi təqribən 17 milyard manatadək artırıla bilər. Amma iqtisadçı ötən il ölkədə nağdsız ödənişlər bazarının həcminin vur-tut 5 milyard manat, yəni proqnozdan 3,5 dəfə az olduğunu bildirir.

Onun sözlərinə görə, ölkədə nağdsız ödənişlərin həcmi ümumi ödənişlərin cəmi 10 faizinə bərabərdir, halbuki Avropa ölkələrində bu rəqəm ümumi dövriyyənin 80 faizindən yüksəkdir.

Q. İbrahimli hesab edir ki, elektron ödənişlər bazarında azad və rəqabətli mühitin təmin edilməsi əsas şərtlərdən biridir. Yəni Mərkəzi Bankın əsas rolunu saxlamaqla, banklarla yanaşı, digər bazar oyunçularının da iştirakı təmin olunmalıdır.

Onun “Toplum TV”-yə dediyinə görə, artıq vəziyyət tələb edir ki, rəqəmsal ödənişlər bazarında bütün tərəflərin iştirakı üçün əlverişli mühit yaradılmalı, bazara bank olmayan qurumların cəlb edilməsi ilə yanaşı, “FinTex”-lərin daxil olunmasına da geniş imkan verilməlidir.

İqtisadçı diqqətə çatdırıb ki, qonşu ölkələrin çoxunda nağdsız ödənişləri mobil telefon vasitəsilə təşviq edən təmassız ödəmə sistemi - NFC texnologiyası tətbiq olunduğu halda, Azərbaycanda Mərkəzi Bankın siyasətindəki bir sıra məqamlar bunun tətbiqinin qarşısını alır.

“E-ödənişlər bütün tərəflər arasında hesablaşmaların asan və rahat aparılmasını təmin etməklə yanaşı, qeyri-leqal gəlirlərin gizlədilməsinin, vergidən yayınmaların və korrupsiya hallarının qarşısının alınmasında, “kölgə” iqtisadiyyatının azaldılmasında və şəffaflığın artırılmasında ən səmərəli və təsirli vasitədir. Ancaq görünən budur ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu şəffaf yox, “kölgə” iqtisadiyyat daha çox cəlb edir və ona görə də özünə heç bir sosial-iqtisadi tutumu olmayan 450 milyon manatlıq inzibati bina (oxu: korrupsiya binası) tikməklə məşğuldur”.

İqtisadçı hesab edir ki, E-ödəniş sisteminin əhatə dairəsinin genişləndirilməsi həm də büdcə gəlirlərinin artımına stimul verər, ancaq bu, cənab Rüstəmovun vecinə deyil.

Q. İbrahimli qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası da gözləntiləri doğultmayıb, bank sistemini böhrandan çıxara bilməyib.

“Qurumun rəhbəri çox qısa müddətdə korrupsiyaya qurşandı. O, publik hüquqi şəxsin verdiyi imkanlardan gen-bol faydalanaraq özünə 65 min manat maaş təyin etmişdi. Elman Rüstəmovsa, təəssüf ki, bu məsələdə özünü tənzimləyici qurumun rəhbəri yox, maraqlı tərəf kimi aparır; E-ödəniş sisteminə yeni oyunçuların cəlb olunmasını və bu seqmentə normal rəqabət mühitinin yaradılmasını əngəlləyir. Yəni qeyri-bank təşkilatlarının bazara daxil olmasına imkan verən qanun layihəsini hazırlamaqdan de-fakto boyun qaçırır”.

Şərhlər

XƏBƏR LENTİ