XalqXəbər.Az

XalqXeber.Az » İqtisadiyyat » İnam Kərimov fermerləri qonşuya ümidli qoyub – ARAŞDIRMA

İnam Kərimov fermerləri qonşuya ümidli qoyub – ARAŞDIRMA

İnam Kərimov fermerləri qonşuya ümidli qoyub – ARAŞDIRMA
6-04-2021, 13:45

2018-ci ildə keçirilən prezident seçkilərindən sonra hakimiyyət komandasında aparılan dəyişiklikləri Azərbaycan ictimaiyyəti yüksək qiymətləndirdi. Xüsusilə uzun illər boyu korrupsiya mənbəyinə çevrilmiş sahələrdə köhnə qurdların yeni və gənc kadrlarla əvəzlənməsini ictimaiyyət həmin sahələrdəki böyük dəyişikliklərin başlanğıcı kimi qiymətləndirdi.
Təyinatlar arasında şəffaflığı ilə ad çıxaran ASAN Xidmətin rəhbəri İnam Kərimovun Kənd Təsərrüfatı Nazirliyinə rəhbər gətirilməsi daha çox müzakirələrə səbəb olmuşdu: aqrar subsidiyaların az qala kütləvi şəkildə mənimsənildiyi bir strukturda onun böyük təmizləmə aparacağına ümidlər də böyük idi. Lakin bir çox ekspertlər İ.Kərimovun kənd təsərrüfatından tamamilə uzaq olduğunu əsas gətirməklə onun rəhbərliyində aqrar sektorun ciddi inkişafını gözləmədiklərini bildirirdilər.
İnsaf naminə qeyd edək ki, ilkin mərhələdə İ.Kərimov KTN sistemindəki korrupsiyalaşmanın qarşısını almaq üçün kifayət qədər ciddi islahatlar həyata keçirə bildi: “Aqroservis” ASC kimi korrupsiya mənbəyi demək olar ki, oyundan tamamilə kənarlaşdırıldı, subsidiyaların verilməsi elektronlaşdı, aqrar istehsalçılara texnika, mal-qara, gübrə satışında xeyli liberallaşdırma baş verdi. Gözlənilən o idi ki, bu proses davam edəcək, aqrar istehsalçılar KTN-in timsalında əsl dost qazanacaqlar. Lakin təəssüflər olsun ki, İ.Kərimov ASAN Xidmətdə əldə etdiyi nailiyyətlərə KTN-də çata bilmədi. Bu günlərdə açıqlanan Hesablama Palatasının 2020-ci ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, KTN strukturlarında xüsusilə dövlət vəsaitlərinin xərclənməsi sahəsində mühüm problemlər qalmaqdadır.
Nazirliyin “aparatlı” mağazaları
Milli Məclisə daxil olan hesabatda qeyd edilir ki, Hesablama Palatası ötən il Kənd Təsərrüfatı Nazirliyində və nazirliyə aid olan qurumlarda ümumilikdə 79 nöqsan aşkarlayıb. Belə ki, nazirlikdə mineral gübrələrin, biohumusun və pestisidlərin dəyərinin güzəşt olunan hissəsində büdcə qanunvericiliyinin tələblərinin icra edilməsi bölməsində 7 nöqsan aşkarlanıb.
Qeyd edək ki, son aylarda gübrələrin, biohumus və pestisidlərin alınmasında fermerlərin böyük problemlərlə üzləşdiyinə dair bir neçə dəfə məlumatlar almışdıq. Fermerlər bu məhsulları istədikləri, daha doğrusu, onlara sərf edən satıcılardan deyil, KTN-in siyahısında olan satıcılardan almağa məcbur edildiklərini bildirirlər. Məlumat üçün bildirək ki, gübrələrin, biohumus və pestisidləri fermerlər dövlətin onlara verdiyi aqrar subsidiyanın nağdlaşdırılması mümkün olmayan 75 faizi ilə almalıdılar. Bunun üçün KTN-in siyahısında olan satış mağazalarında xüsusi aparatlar qoyulub, subsidiya kartları yalnız həmin aparatlar vasitəsilə oxunur. Nəticədə fermerlər bu məhsulları bir çox hallarda daha ucuz satandan deyil, nazirliyin tələb etdiyi bahalı mağazalardan almalı olurlar. Və redaksiyamıza daxil olan məlumata görə, “aparatlı” mağazalarda satılan gübrə və pestisidlər heç də keyfiyyət tələblərinə cavab vermirlər.
Hesablama Palatası nazirlikdə yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, pambığa, süni mayalanma yolu ilə alınmış buzovlara görə subsidiya üzrə büdcə qanunvericiliyi bölməsi üzrə 18 nöqsan, investisiya xərcləri üzrə hissəsində büdcə qanunvericiliyi bölməsində 3 nöqsan, əsaslı qoyuluşlar bölməsində 14 nöqsan, dövlət satınalmaları bölməsində 1 nöqsan, ümumlikdə isə 18 nöqsan aşkarlayıb.
Prokurorluqda araşdırma gedir
Palata həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin(AKİA) vəsaitlərinin formalaşması və istifadəsinə dair audit üzrə – ayrılmış kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi faktları da aşkarlayıb. Qurumun Hesabatında qeyd edilib ki, həmin faktlarla bağlı “ParaBOKT” ASC üzrə ümumilikdə 210,6 min manat məbləğində vəsaiti əhatə edən 5 halda cinayət tərkibinin əlamətlərinin olması ehtimalını nəzərə alaraq materiallar Baş Prokurorluğa təqdim edilib.
Hesablama Palatasına daxil olmuş məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı olan “Para” BOKT ASC tərəfindən verilmiş kreditlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı Baş Prokurorluğa təqdim edilmiş materiallar cinayət işinə əlavə edilərək istintaq aparılır.
Fermerlər narazıdırlar
AKİA-nın müvəkkil bankları vasitəsilə fermerlərə güzəştli kreditlərin verilməsi də təəssüflər olsun ki, son vaxtlar ciddi narazılıqlarla müşayiət olunur. Fermerlər bütün sənədləri, təsərrüfatları qaydasında olduğu halda öz rayonlarında müvəkkil kredit təşkilatlarından güzəştli kredit əldə edə bilməmələrindən şikayətçidilər. Bir çox hallarda fermerlər öz rayonlarındakı deyil, qonşu rayonlardakı kredit təşkilatlarına üz tutmalı olurlar. Müvəkkil banklar arasında Accses Bank, Respublikabank və sairdən şikayətlər daha çoxdur. Hesablama Palatasının aşkarladığı faktlar göstərir ki, bir sıra kredit təşkilatları dövlətin fermer üçün ayırdığı güzəştli vəsaitlərin təyinatından yayındırılmasında daha çox maraqlıdılar, nəinki aqrar istehsalçıya çatmasında.
Nəhayət, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində də ciddi nöqsanlar aşkarlayıb. Belə ki, agentlik üzrə büdcə qanunvericiliyi bölməsində 12 nöqsan, dövlət satınalmalarında 12 nöqsan, vergi və gömrük qanunverciliyində 5 nöqsan, ümumilikdə 29 nöqsan aşkarlayıb.
AXA-nın satınalmalarına nəzar yetirdikdə görürük ki, bu sahədə ənənəvi problemlər olduğu kimi qalmaqdadır. Məsələn, “UTAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin iyununda yaradılıb. Cəmi 10 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Mətanət Mahmudova adlı xanımdır. AXA 2019-cu ilin dekabrında bu MMC-dən 58800 manatlıq “Nəqliyyat vasitələri və onların qoşquları üçün dövlət qeydiyyat nişanları” alıb. 2020-ci ildə eyni satınalma üçün MMC-yə 40 min manatlıq sifariş verilib.
Yaxud 2020-ci ildə “Sinam” MMC-dən Agentlik həm 19 234 manata Agentliyin Aparatı, tabeliyində və idarəçiliyində olan mərkəzlər üçün mühasibat proqramı, həm 39224.14 manata Aparat üçün müxtəlif növ kommunikasiya işlərini görüb, həm də 237944.64 manata müxtəlif növ maşın və avadanlıqlar satın alıb. Bir MMC-nin həm mühasibat proqramı, kommunikasiya işləri, həm də maşın və avadanlıqlar tədarük etməsi kimi absurd təcrübədən dövlət qurumlarımızın hələ də yararlanmaları satınalmalarda çox ciddi problemlərin indiyədək qaldığını göstərir.
AXA-nın satınalma təcrübəsində daha bir problemli məsələ qapalı satınalma metoduna üstünlük verilməsidir. Agentliyin satınalma planından aydın olur ki, 2020-ci ildə həyata keçirməli olduğu 31 satınalmanın 17-ni kotirovka sorğusu yolu ilə reallaşdırmağı planlaşdırmışdı. Agentliyin builki satınalma planında 19 satınalmanın həyata keçirilməsi nəzərdə tutulur. Bu satınalmaların 10-u kotirovka sorğusu, 9-u isə açıq tender yolu ilə reallaşdırılmalıdır. Göründüyü kimi, Agentlik satınalmalarında qapalı metod olan kotirovka sorğusuna üstünlük verir ki, bu halı Hesablama Palatası daim tənqid edir.
Çaylaqda fındıq bağı
Onu da qeyd edək ki, son vaxtlar KTN sistemindəki ciddi problemlər sosial şəbəkələrdə də ciddi müzakirələrə səbəb olmaqdadır. Bu baxımdan dünən İqtisadçı-alim Qubad İbadoğlunun sosial hesabından paylaşdığı bir rəy diqqəti cəlb edir. O, Şəki rayonunun Bideyz kəndində yerləşən qurumuş çay yatağında fındıq bağının salınması faktına diqqət çəkib: “Dünən kənd təsərrüfatı naziri İnam Kərimov bu daşlıqda salınmış intensiv fındıq bağının açılışını edib. Şəkildən də göründüyü kimi, burada torpaq deyilən bir şey yoxdur, yalnız irili-xırdalı daşlardır. Şəkildəki çay yatağında bir yox, min damcılı suvarma sistemi qur, faydası olmaz, orda olsa-olsa kol-kos bitər.
Bəs, o zaman belə bir yerdə bağ salmağın hansı üstünlükləri var?
Üstünlüklərini yox, ancaq bu bağı salan məmurların dövlət büdcəsindən nə qədər əvəzsiz vəsait (subsidiya) alacağını deyə bilərik. Heç kimə sirr deyil ki, belə böyük təsərrüfatlar yüksək çinli məmurlara məxsusdur. Adi fermerin belə təsərrüfat yaratmağa nə maddi imkanı, nə də o torpaqları ələ keçirməyə “müstəsna hüququ” var.
Azərbaycanda subsidiyalarla bağlı qərarları (subsidiyanın növləri, hansı məhsullara subsidiya verilməsi, hər hektara görə müəyyənləşdirilən subsidiya əmsalları, birdəfəlik subsidiyaların məbləği, ayrı-ayrı susbsidiya növlərinin əhatə etdiyi rayonların siyahısı və sair) İnam Kərimovun sədri olduğu Subsidiya Şurası verir. Meyvə bağlarına onsuz da hektara görə subsidiya verilirdi, 2021-ci ildən isə 6 növ meyvə bitkisi (o cümlədən, fındıq) üzrə yeni intensiv bağların salınması üçün xərcləri kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası da veriləcək.
Bir gün öncə kənd təsərrüfatı nazirinin iştirakı ilə Şəkinin Bideyz kəndində 320 hektar ərazidə salınan fındıq bağına dövlət büdcəsi hesabına veriləcək subsidiyanın məbləğini hesablayaq:
1. Bağın salındığı ildən ilk 4 il ərzində hər hektara 730 manat – 320 ha X 730 manat = 233 600 manat;
2. 4 ildən sonrakı illər üzrə hər hektara 250 manat – 320 ha X 250 manat = 80 000 manat
3. İntensiv fındıq bağlarının salınması üçün birdəfəlik ödəmə hər hektara 4 400 manat – 320 X 4 400 manat = 1 408 000 manat

Gördüyünüz kimi, kimi fındıq bağının salınmasına görə həmin iri təsərrüfatın sahibi olan məmur dövlət büdcəsindən birinci il 1 milyon 641 min 600 manat (1 408 000 + 233 600) subsidiya alacaq.
İndi bildiniz, daşlıqda fındıq bağı salmaqda nə kəramət, nə sirri-İnam varmış?!”
Q.İbadoğlunun bu statusu çox ciddi müzakirələrə səbəb olub. Və müzakirələr zamanı xeyli sayda insan meyvə bağına görə subsidiya hesablanması zamanı problemlərlə üzləşdiklərini bildiriblər.
Qeyd edək ki, KTN İnformasiya şöbəsinin müdiri Vüqar Hüseynov Q.İbadoğluna xitabən “əlinizdə salınan bağın hansısa məmura məxsus olduğuna dair əsas, fakt-sübut var? Varsa, o məmurun adını çəkin, biz də bilək” yazıb. Daha sonra isə qeyd edib ki, adi sahələrdə intensiv fındıq bağlarının salınması hər hektara 15-16 min manata, bu cür daşlıq ərazilərdə bir hektar bağın salınması ən azı 18 min manata başa gəlir: “Bu 18000 manata ərazinin daşlardan təmizlənməsi, sahənin hazırlanması, tinglərin basdırılması, gübrə verilməsi, budamanın aparılması, işçilərin əmək haqqı, elektrik məsrəflərinin ödənilməsi, maaşların verilməsi və s. daxildir. Hesablamaq çətin deyil, daşlıq ərazidə, çay yatağında 320 hektar intensiv fındıq bağının salınmasına ən azı 5 milyon 760 min manat sərf olunub. Dövlət bu xərcin təxminən 25 faizini qarşılayırsa, bunun nəyi pisdir? O ərazilərin elə çatlaq yeri, daşlıq ərazi olaraq qalması yaxşıdır, yoxsa dövlətin də bir qism xərcləri kompensasiya etməsi ilə investisiya yatırılaraq fındıq bağı salınması?”
KTN rəsmisinin bu açıqlaması müzakirə iştirakçıları tərəfindən etirazla qarşılanıb. Onlardan bir çoxu bildirib ki, çay yatağında çoxillik əkmələrin – meyvə bağlarının salınması praktikasına dünyanın heç yerində rast gəlinmir – sadə bir səbəbdən ki, iqlim hadisələri daim təkrarlanandır və günlərin birində çay daşarsa, bağlar məhv olar. Digər tərəfdən, müzakirə iştirakçıları Türkiyə təcrübəsindən misallar gətirməklə, daşlı torpaqda salınan fındıq bağından bol məhsul əldə etməyin mümkün olmadığını bildiriblər.
730 manat verilsəydi nə vardı ki…
Nazar Mamedov adlı istifadəçi yazıb ki, meyvə bağları üçün subsidiya hesablanarkən dövlətin qoyduğu qaydalara əməl olunmur: “Bizdə keçən il birbaşa hər hektar üçün 240 manat hesablandı. 730 manat verilsəydi nə vardı ki… Hələ bu il ümumiyyətlə, subsidiya verilməyəcəyini deyirlər. 240 manatla hesablanan hər hektardan 490 manatı özlərinə qalıb”.
Turan Məmmədli adlı istifadəçi isə başqa bir problemdən bəhs edib: “Mən və atam Akif Məmmədli(AMEA üzvü) 2017-ci ildə Balakəndə meşə fonduna aid 3.5 ha-dan böyük olan yararsız ərazini müqavilə əsasında götürərək orda işlər gördürmüş, təmizləmiş (bunun əziyyətini sırf özümüz çəkmişik, hər-hansı muzdlu əməyindən istifadə olunmayıb) ən yaxşı fındıq sortuna aid 360-dan çox ağac əkdirmişdik (fındıq bağı saldırmışdıq). İndi bu ərazinin rəsmi olaraq biz tərəfindən işləndiyini sübut etmək üçün Əmlak Komitəsindən çıxarış almaq və subsidiya ilə bağlı müraciət edəndə deyildi ki, sən demə, qanunda subsidiya nəzərdə tutulsa da, İnam Kərimov bu ödənişin edilməsinə qadağa qoyubmuş. Subsidiyanı sırf İnam Kərimovun icazə verdiyi şəxslər (yəni bilavasitə qohumu və biznesinə aid olan şəxslər) ala bilər. Digər vətəndaşlara isə bu subsidiya aid deyilmiş, digər vətəndaşlar nökər olmalıymış. Hətta o da məlum olurmuş ki, bizə verilən müqavilə belə dövlət qarşısında heç bir hüquqi qüvvəyə malik deyilmiş. Və bununla da İnam Kərimov deyir ki, mən sizin şəxsi hesabınıza oranı təmizlətdim, indi hazır vəziyyətdədir, ancaq mənim şəxsi tanışlarıma aid olsaydı subsidiya ala bilərdi”.
Göründüyü kimi, KTN-dən narazılıqlar getdikcə artır. Qurum isə iri inhisarçı şirkətlərin nazı ilə oynamaqdadır. Halbuki İ.Kərimovdan gözləntilər bunun tam əksinəydi…
Həbibə ABDULLA, afn.az

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.