SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bahalaşma dayanmır: dövlət subsidiyalaşması effektsizdir? - GƏLİŞMƏ

Bahalaşma dayanmır: dövlət subsidiyalaşması effektsizdir? - GƏLİŞMƏ

Tarix:

5-03-2021, 10:43

/ 498 dəfə oxundu.
Bahalaşma dayanmır: dövlət subsidiyalaşması effektsizdir? - GƏLİŞMƏ

Son aylar ərzində yerli bazarda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri davamlı şəkildə artır. Bəzi ekspertlər bildirir ki, bu yolla varlanmağa rəvac vermiş işbazlar qiymət artımının yeni - daha “modern” bir formasını tapıblar. İstehlak mallarının və ilk növbədə ərzaq məhsullarının kəskin qiymət artımının cəmiyyətdə qıcıq yaradacağından qorxan bu işbazlar, mal və məhsulların qiymətlərini “az-az və tez-tez” prinsipinə söykənərək qaldırırlar. Qiymətlərin bu şəkildə artırılması ilk baxışda bir o qədər nəzərə çarpmasa da bir müddətdən sonra məhsulun qiymətində əhəmiyyətli artımın yaranmasına gətirib çıxarır. Təbii ki, qiymət artımları yalnız ticarət sferasında baş vermir. Həmin malları ölkə ərazisinə idxal edən iş adamları, daxildə bu məhsulları istehsal edən müəssisələr də bu qiymətləri “az-az və tez-tez” prinsipi ilə davamlı artırırlar. Nəticə etibarilə uduzan vətəndaş, qazanan isə bir qrup işbaz olur. Bəs qiymət artımının bu şəkildə baş verməsinin əsas səbəbləri nədir? Əsassız qiymət artımlarını aradan qaldırmağın hansı yolları var?

İqtisadiyyat Nazirliyi Antiihnhisar və İstehlak Bazarına Nəzarət Xidməti bazarda süni qiymət artımı hallarının olmadığını bəyan edir. Dünya ərzaq qiymətlərindəki davamlı artım tendensiyası ərzaq məhsulları üzrə bahalaşmada həqiqətən süni artımın olmadığını deməyə əsas verir. Belə ki, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksinin 2021-ci ilin yanvar ayına olan aylıq hesabatına əsasən, ərzaq məhsullarının beynəlxalq qiymətləri 2020-ci ilin dekabr ayı ilə müqayisədə 14,3 faiz artıb.

Hesabata əsasən, dünya ərzaq qiymətləri son 8 ayda yüksəlməklə bərabər 2014-cü ilin iyul ayından indiyədək ən yüksək aylıq artım səviyyəsinə çatıb: “Bununla yanaşı, dünya miqyasında taxıl ehtiyatlarında kəskin azalma müşahidə olunub. Qlobal olaraq 2020-2021-ci illərdə taxıl istehlakının əvvəlki mövsümə nisbətən 52 milyon ton artaraq 2 milyard 761 milyon ton səviyyəsində olacağı proqnozlaşdırılır. Buğda və düyünün dünya üzrə istehlakının il ərzində müvafiq olaraq 0,7 faiz və 1,8 faiz artacağı proqnozlaşdırılır. Həmçinin dənli bitkilərin qlobal ehtiyatlarının 2,2 faiz azalaraq 801 milyon tona enəcəyi gözlənilir, bu isə son beş ildəki ən aşağı göstəricidir.

FAO-nun məlumatına görə, cari ildə qlobal miqyasda buğdaya olan məcmu təklifin həcm göstəricisinin 2019-2020-ci məhsul ili ilə müqayisədə 27 milyon ton artaraq 1074 milyon ton olacağı təxmin edilir. Dünya buğda ticarətinin 2020-2021-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 4 milyon ton artaraq 195 milyon ton olacağı proqnozlaşdırılır.

2019/2020-ci məhsul ilinə nəzərən cari məhsul ilində əsas buğda ixracatçısı olan ölkələrdə ixrac edilə bilən buğdanın həcminin 0.89 faiz artaraq 226 milyon ton olması gözlənilir. Bu zaman dünyada buğda üzrə istehlakın 2.95 faiz artaraq 769 milyon ton olacağı proqnozlaşdırılır.

Proqnozlar reallaşacağı təqdirdə qlobal buğda ehtiyatlarının həcminin 2019-2020-ci məhsul ili ilə müqayisədə 1.33 faiz artaraq 304 milyon ton olacağı gözlənilir. Ötən mövsümlə müqayisədə cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 65.9 milyon tona düşməsi, istehsal həcminin isə 2019-2020-ci məhsul ili ilə müqayisədə 2.8 milyon ton çox (408.1 milyon ton) olacağı gözlənilir. Bununla da əsas ixracat ölkələri üzrə ümumi təklif səviyyəsi 3.6 milyon ton az (474.0 milyon ton) olacaq.

Azərbaycanın əsas buğda aldığı Rusiyadan ixrac edilən buğdanın qiymətində son 1 il ərzində qeydə alınan qeyri-müəyyənlik 2020-ci ilin sentyabr ayından artımla əvəz olunub. 2021-ci ilin yanvar ayında 1 ton buğdanın ixrac qiyməti əvvəlki aya nisbətən 9.45 faiz artaraq 283.8 dollar səviyyəsində qərarlaşıb. Rusiyanın daxili bazarında buğdanın qiymətində də 2020-ci ilin sentyabr ayından etibarən qeydə alınan artım trendi 2021-ci ilin yanvar ayında azalma ilə əvəzlənib. 2021-ci ilin yanvar ayında 1 ton buğdanın qiyməti əvvəlki aya nisbətən 2.21 faiz azalaraq 221.4 dollar olub. Lakin ixraca tətbiq olunan kvota və əlavə rüsumlar xaricə satılan buğdanın qiymətində ucuzlaşmaya imkan vermir. Bu isə istehlak etdiyi buğdanın 90 faizdən çoxunu Rusiyadan alan Azərbaycanda hökumətin unun qiymətini stabil saxlamaq üçün atdığı addımların real effekt verməməsini şərtləndirir.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, bir sıra çörək növlərinin qiymətində artıq bahalaşma müşahidə olunur: “Normal bazar şəraitində ”süni qiymət artımı" adı ilə biznesə müdaxiləni həmişə qəbuledilməz saymışam. Bazarda eyni məhsulun çoxlu sayda istehsalçısının, eyni adda məhsulun fərqli çeşidlərlə istehlakçılar üçün əlçatan olduğu şəraitdə hökumətimizin leksikonuna aktiv şəkildə daxil olmuş “süni qiymət artımı” deyilən nədirsə, mümkün deyil. Bir sözlə, sağlam rəqabət və istehlakçı üçün alternativ seçimlər varsa, qiyməti bazar diqtə edəcək. Əgər bu şəraitdə qiymət artırsa, demək ki, bazar diqtə edir".

Ekspertə görə, əgər xərclərin artımını zəruri edən iqtisadi şərtlər varsa, buna müdaxilə qətiyyən doğru deyil: “Son zamanlar yanacağın bahalaşması zatən istehsal xərclərini artırırdı. Amma bu artıma unun bahalanmasının təsirini araşdırmaq çox vacbdir. Çünki hökumət una görə istehsalçılara subsidiya verəcək - səhv eləmirəmsə hər tona 35 manat. Əgər subsidiya çörəyin bahalanmasını dayandırmırsa, onda hökumətin subsidiya qərarı dayandırılmalıdır. Büdcə vəsaitini havaya sovurmağın, un istehsalçılarına gərəksiz dəstəyin faydası nə oldu istehlakçıya? Ümumiyyətlə, bazarda un istehsalının monopol vəziyyətinin araşdırılmasına ehtiyac var. Bazarın tələbatını neçə un istehsalçısı ödəyir, onların payı necədir? Niyə antiinhisar orqanı bu məlumatları istehlakçılarla paylaşmasın ki”?

İqtisadçı-ekspert Pərviz Heydərov da hesab edir ki, istehlak bazarında qiymətlərin yüksəlməsi təbii qarşılanmalıdır: “Çünki bu, gözlənilən idi. Bahalaşmanın tədricən, yəni asta templə baş verməsi özü də buna təsdiq sayılır. Yəni demək istədiyim budur ki, hazırda ölkədə heç bir süni qiymət artımından söhbət gedə bilməz. Bunun bir neçə səbəbi vardır. Əvvəla, ən çox işlənilən yanacaq növü olan Aİ-92 benzini ilə dizel bu ilin yanvarında bahalaşdırıldı. Fevralın 1-dən isə suyun tarifi artırıldı. Bu, istehlak malları da daxil, xidmət sahəsində qiymətlərin artması ilə nəticələnməli idi. Lap hansı istiqamətdə subsidiyalaşdırma həyata keçirilir-keçirilsin - xeyri ola bilməz. Ümumiyyətlə, maya dəyərə oturan bir şeyin qiyməti yüksəlirsə, subsidiya əhəmiyyətsiz bir siyasətdir. Buna gərək yoxdur. Təsadüfi deyil ki, bu, özünü un məmulatlarının qiymətlərində də göstərir. Təkrar edirəm ki, əgər bir şey ki, idxaldan asılıdır və üstəlik dünya bazarlarında onun qiyməti qalxır, həmin məhsulun dəyərini sabit saxlamaq mümkün deyil. Ümumiyyətlə, subsidya yolu ilə bazarda sabitliyi qoruyub saxlamaq müvəqqəti xarakter daşıyır”.

Ekspert deyir ki, bahalaşma dünya üzrə də müşahidə edilir: “Demək olar, hər şeyin qiyməti yüksəlib. Bunu bir tərəfdən keçənilki pandemiya şəraitinin təsirləri şərtləndirir, yəni istehsala dəymiş zərbənin təsirləri, digər tərəfdən isə neftin bahalaşması, tələbin sürətlə bərpası və sair amillər... Bundan yan qaçmaq necə mümkün ola bilər ki? Məsələn, keçən il pandemiyanın təsiri, bu il isə əkilən sahələrdən az məhsul götürüləcəyinə dair proqnoz iri buğda ixracatçısı kimi tanınan ölkələri satışı məhdudlaşdırmağa sövq edib və edir. Belə bir fonda subsidyalaşdırma nə qədər effekt verə bilər? Sözsüz ki, heç cür”.

Qeyd edək ki, baş verən bahalaşmanın qaçılmaz olduğunu bildirən ekspertlər bu halda hökumətin əsas diqqəti aztəminatlı əhalinin sosial təminatının artırılmasına yönəltməli olduğunu deyirlər. P.Heydərov hesab edir ki, sosial təminatın gücləndirilməsi hökumətin daim həyata keçirməli olduğu siyasətdir: “Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin daha yaxşı təşkili və gücləndirilməsi tədbirləri və siyasəti bazara baxıb, həyata keçirilən məsələ deyil. Bu daimi xarakter daşımalıdır, ardıcıl və əsaslandırılmış şəkildə... 2019-cu ildə hökumət sözügedən istiqamətdə çox addımlar atdı. Və xatırladım ki, bazar buna demək olar, heç bir reaksiya vermədi. Bu gün isə bazar qaynamaq istəyir. Hesab edirəm ki, istehlak qiymətlərinin yüksəlişi yalnız ilin ortasına doğru səngiyəcək. Ona qədər isə hökumətin əsas diqqət yetirməli olduğu məsələ büdcə xərclərinə daha ciddi nəzarətdir. Bildiyiniz kimi, məlum səbəblərdən bu il dövlət və qeyri-dövlət vəsaitləri hesabına infrastruktur layihələri çərçivəsində xərcləmələrin həcmi artacaq. Bu isə infrastruktur layihələrinə ayrılan vəsaitlərin dolayısı ilə istehlak bazarına çatması, son nəticədə qiymətləri daha da artırmasına gətirib çıxara bilər. Bu baxımdan, dövlətin xərcləmələrlə bağlı optimal variant tapması vacibdir”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ