SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Batan dollar özü ilə manatı da aparacaq? - GƏLİŞMƏ

Batan dollar özü ilə manatı da aparacaq? - GƏLİŞMƏ

Tarix:

17-06-2020, 09:17

/ 1 344 dəfə oxundu.
Batan dollar özü ilə manatı da aparacaq? - GƏLİŞMƏ

Koronavirus pandemiyası ABŞ iqtisadiyyatına ciddi zərbə vurub. Bu ölkənin pandemiyanın səbəb olduğu iqtisadi böhrandan çıxmaq üçün atdığı addımlar dövlət borcunun rekord həcmə - 26 trilyon dollara çatmasına səbəb olub.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ümumilikdə, Donald Tramp prezident olandan sonra dövlət borcu 6 trilyon ABŞ dolları, bu ilin 5 may tarixindən sonra isə daha 1 trilyon ABŞ dolları artıb.

Mart ayının sonunda prezident D.Tramp koronavirus pandemiyasının doğurduğu iqtisadi böhran şəraitində iqtisadiyyata 2 trilyon dollardan artıq dəstək tədbirlərini nəzərdə tutan qanunu imzalayıb. Bu il aprelin 21-də isə Senat 500 milyard ABŞ dolları həcmində daha bir tədbirlər zərfini təsdiqləyib.

ABŞ Federal Ehtiyat Sistemi (FED) 2020-ci ildə ölkənin Ümumi Daxili Məhsulunun 6,5 faiz azalacağını gözləyir. FED-in bir neçə gün əvvəl açıqladığı proqnozlara görə, 2021-ci ildə ölkə iqtisadiyyatı 5 faiz, 2022-ci ildə isə 3,5 faiz böyüyəcək.

FED hesab edir ki, bu il ABŞ-da illik 0,8 faiz, 2021-ci ildə 1,6 faiz, 2022-ci ildə isə 1,7 faiz inflyasiya olacaq. İşsizlik səviyyəsi isə cari ildə 9,3 faiz, 2021-ci ildə 6,5 faiz, 2022-ci ildə isə 5,5 faiz təşkil edəcək.

ABŞ-ın iki əsas siyasi qüvvəsindən biri olan Demokratlar Partiyası ölkə iqtisadiyyatının tənəzzüldən çıxması üçün daha bir yardım paketinə ehtiyac olduğu qənaətindədir. Demokratların çoxluqda olduğu Nümayəndələr Palatası may ayında müvafiq dəstəyi nəzərdə tutan qanun qəbul etsə də, respublikaçıların çoxluq təşkil etdiyi Senat onun müzakirəsindən imtina edib. Respublikaçılar və Tramp administrasiyası hesab edir ki, iqtisadiyyat böhranın təsirlərindən sürətlə çıxmaqdadır, əlavə dəstəyə ehtiyac yoxdur. Hətta administrasiya işsizlərə ödənilən həftəlik 600 dollar müavinətin avqustdan dayandırılmasına hazırlaşır.

Tramp administrasiyası noyabrda keçiriləcək seçkilərədək iqtisadiyyatda daha böyük canlanmaya nail olmağa çalışır. Bunun üçün administrasiya infrastruktura 1 trilyon dollara yaxın vəsait ayırmaq niyyətindədir.

ABŞ-da bu müzakirələr gedərkən dünyanın müxtəlif analitik mərkəzlərində bu ölkədə iqtisadi tənəzzülün davamlı olacağına dair proqnozlar verməkdədirlər. Bu proqnozlar özünü doğruldarsa, bunun dünya iqtisadiyyatına, Azərbaycana hansı təsirləri ola bilər?

İqtisadçı-ekspert Rövşən Ağayevin “Yeni Müsavat”a dediyinə görə, ABŞ-ın dövlət borcunun həcminin ölkə iqtisadiyyatı üçün təhlükəli həddə çatması məsələsi son illərdə ciddi müzakirələrə səbəb olub: “Nəinki ABŞ, ümumilikdə dünyada dövlət borcunun həddi qlobal iqtisadiyyat üçün əsas təhdidlərdən biri hesab olunur. Amma borcun böyüklüyü deyil, ona xidmət imkanları əsas götürülməlidir. Yəni elə bir ölkə ola bilər ki, borcu az olsun, amma ona xidmət edə bilməsin, defolta getsin. ABŞ dünya iqtisadiyyatının dörddə birinə malikdir, onun mühərrikidir. Əslində iqtisadiyyatın böyüklüyü də əsas deyil. Əsas iqtisadiyyatın texnoloji inkişafıdır, buraxılan texnoloji məhsulların çəkisidir. ABŞ-da iqtisadiyyatın texnoloji səviyyəsi çox yüksəkdir. Dünya Ümumi Daxili Məhsulunda ABŞ texnoloji məhsulların həcminə görə şəriksiz liderdir. Ondan sonra gələn ölkələr ABŞ-dan kəskin geridə qalırlar bu göstəriciyə görə”.

Bütün bunlara baxmayaraq, ekspert qeyd edir ki, iqtisadiyyat nə qədər böyük, borca xidmət imkanları nə qədər geniş olsa belə, istənilən halda yüksək borc maliyyə sistemi üçün böyük risklər formalaşdırır: “2008-2009-cu illər böhranından sonra dünya iqtisadiyyatı, xüsusilə də maliyyə sistemi hələ də özünə gələ bilməyib. Ənənəvi iqtisadi nəzəriyyələr əhəmiyyətli dərəcədə öz gücünü itirir, çünki ənənəvi iqtisadi nəzəriyyələrə qalsaydı, pul kütləsinin bu şəkildə artımına ABŞ iqtisadiyyatı dözməməliydi. Təsəvvür edin ki, 3 ay ərzində ABŞ-da dövriyyədə olan nağd pul kütləsi 2 dəfə artdı. Federal Ehtiyatlar Sisteminin balansında olan pul kütləsi 3,7 trilyon dollar idi, artıq 6,7 trilyona çatıb - az qala iki dəfə artıb. Mərkəzi banklar tərəfindən çap olunmuş nağd pulun həcmi 2008-ci il böhranına qədər ÜDM-in 3-4, maksimum 5 faizi qədər normal hesab olunurdu. Lakin iqtisadiyyatın pula ehtiyacı nə qədər artıbsa, ABŞ-da nağd pul kütləsinin həcmi az qala ÜDM-in 20 faizinə çatır”.

2008-ci ildən sonra ABŞ və digər dövlətlər tərəfindən iqtisadiyyata nəhəng həcmdə pul inyeksiyası həyata keçirilib. R.Ağayevə görə, bu şəraitdə qlobal iqtisadiyyatın hələ də özünə gələ bilməməsi onu göstərir ki, dünyada iqtisadi sistemlərin formatlanması, yeni sistemin formalaşması prosesi gedir: “Yeni sistem hələ də oturuşa bilmir. Bununla bağlı ziddiyyətli fikirlər var. Bəziləri deyirlər, 80-ci illərdən başlayan qloballaşma başa çatır, bundan sonra dünya iqtisadiyyatı proteksionizm əsasında inkişaf edəcək, ölkələr daha çox özünə qapanacaq. Bu, real görünmür, çünki qloballaşma o qədər irəliləyib ki, ölkələrin özünə qapanması, qlobal iqtisadiyyatdan qopması mümkün deyil. Tədarük zənciri hədsiz genişlənib: məsələn, ABŞ-da bir məhsulun istehsalı üçün 5 ölkədən mal gətirilir. Yaxınmüddətli dövrdə bütün istehsal zəncirlərinin bir ölkədə qurulması qeyri-mümkündür. Buna görə də mən proteksionizmin qloballaşma üzərində qələbə çalacağını gözləmirəm - dünya iqtisadiyyatı buna hazır deyil. Ola bilər ki, qloballaşmada müəyyən məhdudiyyətlər olsun, tədarük zəncirindən Çinin timsalında bəzi ölkələr sıxışdırılıb çıxarılsın. Artıq heç kimə sirr deyil ki, son 20 ildə ən çox iqtisadi artım nümayiş etdirən Çin dünyada ABŞ-dan sonra ikinci yerə çıxıb. Hətta ABŞ-dan da irəli çıxılması ehtimalı böyükdür. Dünyanın digər güc mərkəzləri Çinin qüvvə sahibinə çevrilməsinin qarşısını almağa çalışırlar. Burada iqtisadi alətlərdən istifadə olunur. Hətta Çin böyüməyə davam etsə belə, ABŞ-ın dünya iqtisadiyyatının mühərriki rolunu itirməsi real görünmür. Hər halda, yaxın 10 ildə mən bunu real görmürəm, bəlkə də 30 ildən sonra mümkün olacaq. Çünki söhbət təkcə iqtisadiyyatın böyüklüyündən getmir, texnoloji gücdən gedir. ABŞ-ın bu texnoloji gücünü əvəz edəcək ölkə yoxdur. ABŞ bu gücünü saxladıqca, orada baş verən proseslərin dünya iqtisadiyyatına təsiri də qaçılmaz olacaq”.

Müsahibimiz bildirir ki, dünyada bir neçə iqtisadi mərkəz var: ABŞ, Avropa Birliyi, Yaponiya və Çin: “Dünya iqtisadiyyatının canı bu mərkəzlərdədir. Bu ölkələr həm dünya istehsalının, həm də istehlakının yüzdə 70-dən yuxarısına malikdirlər. Və bir-biri ilə sıx bağlıdılar. Bunların birində baş verən hadisə dərhal digərlərinə və bütövlükdə dünya iqtisadiyyatına təsir edir. Çünki dünyanın elə bir ölkəsi yoxdur ki, bu mərkəzlərə mal satıb, mal almasın.

Azərbaycan dünya iqtisadiyyatına əsasən neftlə bağlıdır. ABŞ-da tənəzzül dərinləşib uzunmüddətli xarakter alarsa, bu, ilk növbədə neft bazarında qiymət ucuzlaşmasına gətirib çıxarar - neftə tələb kəskin azalar. Hətta pandemiya olmayıb, qlobal iqtisadi böhran baş versəydi belə, dünyada neftə tələbatı azaltmaqla qiymətlərin kəskin düşməsinə səbəb olacaqdı. Bəlkə də 10-14 dollara deyil, 30-35 dollara qədər ucuzlaşma olacaqdı, amma mütləq mənfi təsir baş verəcəkdi.

Bu gün Çinin pandemiyanın təsirlərindən xeyli dərəcədə çıxdığı görünür. Amma ABŞ-da tənəzzül yaşanacaqsa, Çin iqtisadiyyatı hamıdan çox təsirlənəcək, orada da böhran yaranacaq. Çünki Çin ABŞ-dan mal alan, ona mal satan ən böyük ölkədir. Eynilə Avropa Birliyi, Yaponiyada böhran meydana gələcək. Yəni ABŞ-da ressesiya dərinləşəcəksə, bütün dünya iqtisadiyyatını da arxasınca çəkəcək. ABŞ valyutası olan dolların məzənnəsində volatillik artacaqsa, bu, bütün ölkələrdə milli valyutaların volatilliyinə səbəb olacaq. Bu baxımdan, nə biz, nə də başqa bir ölkə dünya iqtisadi mərkəzlərində baş verən iqtisadi böhranın təsirindən kənarda qala bilməyəcəyik".

Şərhlər

XƏBƏR LENTİ