SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Premium Bank"ın rəhbərliyi ilə tanınmış iş adamı arasında qalmaqal: 5 milyonluq kredit müqaviləsi saxtadır?

"Premium Bank"ın rəhbərliyi ilə tanınmış iş adamı arasında qalmaqal: 5 milyonluq kredit müqaviləsi saxtadır?

Tarix:

22-04-2020, 16:51

/ 1 228 dəfə oxundu.
"Premium Bank"ın rəhbərliyi ilə tanınmış iş adamı arasında qalmaqal: 5 milyonluq kredit müqaviləsi saxtadır?

"Premium bank"ın (keçmiş "SW Bank") rəhbərliyinin adı böyük biznes qalmaqalda hallanır. AFN xəbər verir ki, ölkənin ən böyük kosmetika mağazaları şəbəkəsi olan "İdeal Kompani MMC"-nin qurucusu və keçmiş sahibi İlqar İsmayılov, biznesinin onun əlindən məcburən alındığını bəyan edərək, bu işdə "Premium" bankın rəhbərliyini ittiham edib.


İ.İsmayılov bildirir ki, adıçəkilən bankın rəhbərliyi tərəfindən ona qarşı törədilmiş saxtakarlıq edilib: "03 fevral 2017-ci il tarixdə əvvəllər müştərisi olduğum Bank tərəfindən mənim adıma saxta kredit müqaviləsi tərtib edilmiş və eyni tarixli xəzinə məxaric orderində mənim imzam saxtalaşdırılaraq 5 000 000 manat məbləğində pul vəsaiti Bankın yüksək vəzifəli şəxsləri tərəfindən məxaric edilib.
Qeyd etməliyəm ki, həmin tarixə kimi tərəfimdən müvafiq məbləğdə kreditin götürülməsi üçün Banka heç bir müraciət edilməyib, kredit müqaviləsi və ya digər bank sənədləri imzalanmayıb və ən əsası Bank tərəfindən mənə belə bir vəsait real olaraq verilməyib. Kredit müqaviləsinin mənim imzamın olduğu sonuncu səhifəsi əvvəllər Bankla aramızda bağlanıb və kredit öhdəliyimin tam şəkildə icra edildiyi digər kredit müqaviləsindən götürülüb və bu saxta kredit müqaviləsinə sonradan əlavə olunub. Həmin kredit müqaviləsinin ilk 3 səhifəsinin imzasız olması da saxta kredit müqaviləsinin tərtib edildiyini bir daha sübut edir. Məxaric orderində də ilk baxışdan imzamın açıq şəkildə saxtalaşdırıldığı və mənim tərəfimdən imzalanmadığı aydın şəkildə görünür".
İş adamı deyir ki, bununla əlaqədar olaraq saxta məxaric orderi həm Rusiya Federasiyasında, həm də Türkiyədə ekspertizaya təqdim edilib və hər iki ekspertiza nəticəsinə əsasən məxaric sənədində edilmiş imzanın mənə məxsus olmadığı və imzamın saxtalaşdırıldığı müəyyən olunub. Bu saxta kredit müqaviləsinin mövcudluğu Mərkəzləşdirilmiş Kredit Reyestrindən əldə etdiyim 07.02.2017-ci il tarixli 19-5/678 nömrəli çıxarışda kredit müqaviləsinin bağlandığı gündən çıxarışın verildiyi tarixə kimi heç bir kredit öhdəliyimin olmaması faktı ilə də bir daha öz təsdiqini tapır.
Belə ki, "Mərkəzləşdirilmiş Kredit Reyestri haqqında” Qaydaların 2.5-ci bəndinə əsasən yeni verilmiş kreditlər haqda məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində Kredit Reyestrinə göndərilməli idi. Mənim barəmdə saxta sənədlərin tərtib edilməsi ilə yanaşı, həmin saxta kredit müqaviləsi sonradan mənim əleyhimə təzyiq və hədə-qorxu vasitəsi kimi istifadə edilmiş və bu kimi silsilə şəkildə aparılan qanunsuz əməllər nəticəsində sahibkarlıq fəaliyyətimi təşkil edən bütün əmlakım Bankın faktiki rəhbərliyini həyata keçirən şəxslər tərəfindən əlimdən alınmışdır. Bank tərəfindən hüquqlarımın pozulması ilə bağlı banklara nəzarət funksiyalarını 2016-2019-cu illər ərzində həyata keçirmiş Maliyyə Bazarlarına Nəzarət Palatasına ("Palata”) dəfələrlə müraciət etsəm də, hər dəfə mücərrəd və qeyri-müəyyən cavablarla müvafiq qanunsuz hərəkətlərin araşdırılmasının Palatanın səlahiyyəti xaricində olduğu qeyd edilmişdi. Halbuki banklara nəzarət orqanının funksiyası yalnız bankların maliyyə vəziyyətini yoxlamaq deyil, həmçinin bankların hüquqa və Azərbaycan Respublikasının qanunlarına uyğun şəkildə fəaliyyətinin təşkilini təmin etməkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən bank nəzarəti səlahiyyətlərinin Mərkəzi Banka həvalə edilməsi də bir daha Palatanın bankların fəaliyyətinə düzgün və lazımi qaydada nəzarət edə bilməməsini əyani şəkildə sübut edir. Bildiyiniz kimi, "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. İndiki halda mənim adıma saxta kredit müqaviləsi rəsmiləşdirildiyindən mənimlə Bank arasında hər hansı bir hüquq (müqavilə) münasibətləri, eləcə də həmin kredit əməliyyatına dair iradə ifadəm mövcud olmamışdır. Bank tərəfindən edilmiş bu qanunsuz və saxta kredit əməliyyatı mənim məcburiyyət altında digər müqavilələri imzalamağım məqsədi daşımışdır. Bununla yanaşı həmin vəsaitin hansı məqsədlərlə məxaric edildiyi və cinayət məqsədləri üçün istifadə edilib-edilməməsi məlum deyil. Qeyd olunanlara əsasən hesab edirəm ki, banklara nəzarət orqanı olan Mərkəzi Bank tərəfindən 03 fevral 2017-ci il tarixli saxta kredit müqaviləsi və xəzinə məxaric orderi ilə əlaqədar araşdırılma aparılmalı və bu qanunsuz əməllərə tərəfinizdən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası "Prezident İlham Əliyevin hər zaman qeyd etdiyi kimi bütün dövlət orqanları sahibkarların hüquq və azadlıqlarını təmin etməli, qanuni mənafelərini qorumalıdır. Məhz sahibkarlığın inkişafı nəticəsində ölkəmizin iqtisadiyyatı daha da inkişaf edə, çoxlu iş yerləri açıla, əhalinin rifah səviyyəsi daha da yüksələ bilər. Buna görə də digər nəzarət orqanları kimi, banklara nəzarət qurumu olan Mərkəzi Bank da müvafiq sektorda fəaliyyət göstərən subyektlər tərəfindən sahibkarların vəziyyətini ağırlaşdıran və ya onun hüquqlarını kobud şəkildə pozan hərəkətlərin qarşısını dərhal almalı və onlar barəsində sərt tədbirlər görməlidir. İndiki halda mənə qarşı edilmiş qanunsuz əməllərin "Premium Bank"ın iştirakı ilə edilməsi bilavasitə Mərkəzi Bankın araşdırma predmeti olmalıdır".
Hüquqlarını bu müstəvidə bərpa edə bilməyəcəyi halda isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə qeyd olunan məsələni nəzarətinə götürməsi üçün bir sahibkar kimi müraciət etmək, eləcə də ictimaiyyətə özünə qarşı edilmiş hüquq pozuntuları barəsində açıqlama vermək məcburiyyətində olacağını deyən iş adamı qeyd olunanlara əsasən "Premium Bank” ASC tərəfindən 03 fevral 2017-ci il tarixdə tərtib edilmiş kredit sənədlərinin araşdırılmasına və Bank barədə zəruri hüquqi tədbirlər görülməsinə dair göstəriş verilməsini E.Rüstəmovdan xahiş edir.
"PremiumBank" bütün ittihamları rədd edib. Bankdan mediaya bildirilib ki, İ.İsmayılovun adına kredit müqaviləsi olub, indiyədək iş adamının şikayət etdiyi bütün qurumlara bu müqavilə təqdim edilib.

Şərhlər

XƏBƏR LENTİ