XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Mərkəzi Bankın yumşaq pul siyasəti: İqtisadiyyata nə qazandıracaq? - TƏHLİL

Mərkəzi Bankın yumşaq pul siyasəti: İqtisadiyyata nə qazandıracaq? - TƏHLİL

Mərkəzi Bankın yumşaq pul siyasəti: İqtisadiyyata nə qazandıracaq? - TƏHLİL
29-01-2020, 09:40

Məlumdur ki, 2019-cu ilin yekunlarına dair keçirilən müşavirədə toxunulan məsələlərdən biri də Mərkəzi Bankın faiz dərəcəsinin aşağı salınması ilə bağlı olub.

Prezident İlham Əliyev faizlərin aşağı salınmasının vacibliyindən danışıb, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova son iki ildə aparılan siyasətin davam etməsi ilə bağlı tövsiyyələrini verib:

“Bu iqtisadiyyatın sağlamlaşdırılması deməkdir. Yəni əsas indikatorlardan biridir. Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır”.

Elman Rüstəmov isə bildirib ki, inflyasiya səviyyəsindən, inflyasiya proqnozunun yerinə yetirilməsindən asılı olaraq yumşaltma prosesi davam etdirilə bilər.

Qeyd edək ki, yanvarın 31-də Mərkəzi Bankının 2020-ci ildə pul siyasətinə həsr olunan ilk iclası keçiriləcək. İclasda faiz dəhlizinin parametrlərinə dair qərarlar veriləcək. Faiz qərarı həmin gün ictimaiyyətə açıqlanacaq. İclasda faiz dərəcəsinin azaldılması gözlənilir. Marja-nın xəbərinə görə, illik inflyasiya Mərkəzi Bankın hədəf diapazonunda (4±2%) qaldığından yanvarın 31-də də faiz endirəcəyi ehtimalı yüksəkdir. Əgər bu dəfə də 0,25 baza bəndi azaltma olarsa, uçot dərəcəsi 7.25%-ə düşəcəkdir. Mərkəzi Bank daha yüksək nisbətdə - 0,50 baza bəndi də faiz endiriminə gedə bilər. Qeyd edək ki, 2019-cu ildə Mərkəzi Bankının İdarə Heyətinin 8 dəfə iclası keçirilib və bütün iclaslarında faizlərin endirilməsi qərarı veilib. 2017-ci ildə Mərkəzi Bankın uçot dərəcəsi 15% səviyyəsində olub, 2018-ci ilin fevral ayında 13%-ə, apreldə 11%-ə, iyulda 10%-ə, oktyabrda 9,75%-ə endirilib. 2019-cu ilin fevral ayında uçot dərəcəsi 9,25%-ə, martda 9%-ə, apreldə 8,75%-ə, iyunda 8,5%-ə, iyulda 8,25%-ə, sentyabrda 8%-ə, oktyabrda 7,75%-ə, dekabr ayında isə 7,50%-ə salınıb.

Faiz dərəcələri aşağı salınacaqmı və bunun ölkə iqtisadiyyatına hansı təsirləri mümkündür?

İqtisadçı Rəşad Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Mərkəzi Bank nisbətən yumşaq pul-kredit siyasəti həyata keçirməyə başlayıb ki, bu başadüşüləndir:

“Bu manatın məzənnəsinin, inflyasiyanın müəyyən qədər sabitləşməsinə yol açır. Neftin qiyməti, tədiyyə balansında profisitin yaranması Mərkəzi Bankın pul siyasətində yumşaltma meyillərini gücləndirən amillərdən biridir. Bir il ərzində bazarda daha əvvəlki illə müqayisədə təxminən 2,5 milyard manata yaxın pul kütləsi artırılıb. Faktiki olaraq, Mərkəzi Bank bu alətlərdən - xüsusilə də uçot dərəcəsindən tam istifadə edə bilmir, çünki uçot dərəcəsinin özü Azərbaycanda nisbətən zəif istifadə oluna bilən alətlərdəndir. Belə ki, banklar arası bazarın zəif inkişaf etməsi, mərkəzləşdirilmiş kreditlərin həcminin aşağı olması, bu alətin geniş istifadəsini, bununla da faizlərin aşağı olması və kredit portfelinin böyüməsi imkanlarını məhdudlaşdırır. Amma zəif də olsa bu istiqamətdə müəyyən dəyişikliklər baş verir”.

İqtisadçı bunun nəticəsində bir il ərzində kredit portfelinin 2 milyarda yaxın böyüdüyünü bildirir:

“Təbii ki, burada başqa faktorların da rolu var. Amma nəzərə almaq lazımdır ki, banklar əvvəlki dövrlərdə daha çox Mərkəzi Bankın depozit hərraclarında öz vəsaitlərini yerləşdirməyə və izafi likvidliyi bununla kompensasiya etməyə çalışırdılar. Amma uçot dərəcəsi aşağı düşdükcə, depozit hərraclarında faizlər də aşağı düşür. Bu da artıq bankın depozitlərində vəsaitlərin yerləşdirilməsinin əhəmiyyətini azaldır. Buna görə də banklar yavaş-yavaş əlində olan izafi vəsaitləri müxtəlif məhsullar yaradaraq, dövriyyəyə buraxmağa çalışır. Bu da öz növbəsində istehlakın, iqtisadiyyata investisiya qoyuluşunun həcminin artmasına gətirib çıxarır. Yəni bu alət tam gücü ilə işləməsə də, müəyyən qədər öz təsirini göstərməkdədir”.

Rəşad Həsənov xatırladır ki, xüsusilə 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Mərkəzi Bankın yumşaq pul kredit siyasətini davam etdirməsi ilə bağlı ümumi yanaşma oraya qoyulub:

“Müşavirədən çıxarılmış nəticəyə uyğun olaraq, atılan addımlar onu deməyə əsas verir ki, 2020-ci ildə də uçot dərəcəsinin azaldılması tendensiyası davam edə bilər. Xatırladaq ki, devalvasiyadan əvvəl Azərbaycanda uçot dərəcəsi 3,5 faizə qədər azaldılmışdı. İlk toplantı olduğu və tam mənzərənin aydınlaşdırılması hələ çətin olduğu üçün ola bilər ki, ilk iclasda uçot dərəcəsinin azaldılması baş tutmasın. Amma ehtimallar yüsəkdir, böyük ehtimalla uçot dərəcəsi azaldılması ilə bağlı bu görüşdə olmasa belə, növbəti iclaslarda qərar veriləcək”.

İqtisadçı hesab edir ki, uçot dərəcəsi 0, 25 faiz endirilə bilər. Onun sözlərinə görə, Mərkəzi Bank daha kəskin endirimlərə getməyəcək.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.