XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Daha bir NONSENS: Güzəştli mənzil “möcüzələri” davam edir - “Cəmi 10 saniyəyə mənzillərin siyahısına çatsam da, sistemdə bir dənə olsun, mənzil qalmamışdı”

Daha bir NONSENS: Güzəştli mənzil “möcüzələri” davam edir - “Cəmi 10 saniyəyə mənzillərin siyahısına çatsam da, sistemdə bir dənə olsun, mənzil qalmamışdı”

Daha bir NONSENS: Güzəştli mənzil “möcüzələri” davam edir - “Cəmi 10 saniyəyə mənzillərin siyahısına çatsam da, sistemdə bir dənə olsun, mənzil qalmamışdı”
26-12-2019, 16:42

"Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) dünən sayca 6-ci (2 dəfə sistem çökməsini nəzərə alsaq, sayca 8-ci) satışını həyata keçirdi. Tövsiyyə olunduğu kimi, satış vaxtından bir neçə saat əvvəl, sahib olduğum “ASAN imza” vasitəsilə "Güzəştli mənzil" sisteminə daxil oldum və satışın başlamasını gözlədim. Amma hər dəfə olduğu kimi bu dəfə də hansısa oyunlar getdi. 10-15 saniyə ərzində mənzillərin siyahısına çatsam da, sistemdə bir dənə də olsun, mənzil qalmamışdı. Üstəlik də satış başlayan an sistemin qısa müddətə donması, gecikməsi əsaslı şübhələr yaradır”.

Bu barədə AYNA-ya, MİDA-nın mənzillərinə namizəd olan və prosesdə iştirak edən vətəndaş Elyar İslamoğlu məlumat verib. Şikayətçinin sözlərinə görə, seçim etdiyi ofis MİDA-ya yaxın olduğu üçün dərhal MİDA-nın baş ofisinə yaxınlaşıb: “Problemin nədən ibarət olduğunu və bir neçə saniyəyə mənzillərin necə satıldığını öyrənmək istəyirdim. Qarşımıza özünü təqdim etməyən iki şəxs çıxaraq (biri saqqallı, əlində elektron siqaret, digəri keçəl) bizimlə çox aqressiv danışdı, “gedin hara istəyirsiniz, şikayət edin, heç kim bizə heç nə deyə bilməz”, - deyərək, bizdən başqa bir ağsaqqal kişiyə də çox kobud münasibət göstərdilər. Ağsaqqal kobud cavabdan əsəbləşdi, halı pisləşdi, təcili yardım çağırıldı. Sonra MİDA rəhbərliyindən birinci mərtəbəyə düşdülər və həmin iki şəxsin onların işçisi olmadığını, RİSK şirkətinin işçiləri olduğunu dedilər. “Bəs RİSK şirkətinin əməkdaşları niyə MİDA-nın səlahiyyətli şəxsləri kimi şikayətçilərin qarşısına çıxır, onlarla aqressiv davranırlar?” - deyə soruşduqda, MİDA işçiləri “onlar bizim işçilərimiz deyil”, - deməklə kifayətləndilər”.

“Düşünürəm ki, belə hal yolverilməzdir, həmin anda bərk əsəbləşən, stress keçirən insanı sakitləşdirmək, problemi ilə maraqlanmaq lazımdır. MİDA-nın satışına güclü nəzarət olmalıdır. Ölkə başçısı bu problemi də nəzarətinə götürməsə, düşünürəm ki, evlər ehtiyaclı insanlara çatmayacaq. Çünki hazırda mənzilə sahib olan xeyli sayda insan var ki, mənzili kirayəyə verib. Bu da sübut edir ki, MİDA satışı düzgün həyata keçirə bilmir”, - İslamoğlu bildirib.

Göründüyü kimi, MİDA-nın internet vasitəsilə təşkil etdiyi satış cəmiyyətdə şəffaflıq, obyektivlik təəssüratı yaratmaq əvəzinə çoxsaylı şikayətlər, narazılıqlar yaratmaqda davam edir.

Satışda müşahidəçi qismində iştirak edən Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz də fikirlərini bildirib: “Monitordan göründü ki, ilkin seçim, təxminən 11-12 saniyə ərzində baş verib. Dünən reallaşan onlayn satışla bağlı xeyli sayda istifadəçi, sistem işə düşən anda bir neçə saniyəlik - 4-5 saniyəlik ləngimənin olduğunu iddia edirlər. Bildirirlər ki, əvvəllər belə hal olmayıb. Seçim prosesinin mahiyyəti elə qurulub ki, bir neçə saniyə, hətta bir saniyə də nəticəyə təsir edə bilir”.
“Bildiyim qədər, MİDA təhlükəsizlik və botların qarşısını almaq üçün bu dəfə əlavə də tədbirlər görüb, CAPTCHA-nı (xüsusi robot proqram) da dəyişibmiş. Düşünürəm ki, bu dəfə gerçəkləşən onlayn satışda əvvəlkindən fərqli situasiya olub. Bu yeni situasiyanın, sistemin ləngiməsinin səbəbləri araşdırılmalı və açıqlanmalıdır. Araşdırmadan sonra narazı və şikayətçi olan iddiaçıların, müstəqil İT mütəxəssislərin iştirakı ilə MİDA-da görüş keçirmək, birgə log fayllara baxmaq faydalı olardı”, - Gündüz deyib.

Ekspertin sözlərinə görə, MİDA bütün şikayət və narazılıqların diqqətlə araşdırılacağını bildirib: “Mən şəffaflığın təmin edilməsi üçün, insan iştirakının minimuma endirilməsi üçün İT-nin tətbiqini təqdir edirəm. Bununla belə, İT bacarıqları yetərli olmayanlar üçün əlavə seçim imkanları yaradılmasını vacib hesab edirəm və bununla bağlı təkliflər vermişik. Əgər növbəti onlayn satışlarda canlı yayım təşkil olunmayacaqsa, onda mən müşahidə prosesində iştirakıma yenidən baxacam”.

Qeyd edək ki, MİDA sonuncu dəfə Yasamal rayonunda 248 mənzil satışa çıxarmışdı. Mənzilə sahib olmaq üçün 3423 müştəri vardı. Onlayn satış prosesini əlaqəli dövlət və özəl sektorun, beynəlxalq qurumların təmsilçilərindən ibarət qərargah izləyir.

Bir qrup ekspert MİDA-nın satışına haker qrupların müdaxilə etdiyini və bu səbəbdən sistemdə problemlərin, narazılıqların yaşandığını iddia edir. Bu səbəbdən MİDA-nın təcili araşdırma aparması tələb olunur.

Narazılıq və iddialara aydınlıq gətirmək üçün AYNA əməkdaşının MİDA-dan münasibət öyrənmək cəhdləri nəticəsiz qaldı.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.