SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Oliqarxlar sahibkarın sığortaya yolunu kəsir - GƏLİŞMƏ

Oliqarxlar sahibkarın sığortaya yolunu kəsir - GƏLİŞMƏ

Tarix:

23-12-2019, 11:13

/ 770 dəfə oxundu.
Oliqarxlar sahibkarın sığortaya yolunu kəsir - GƏLİŞMƏ

Bir neçə gün öncə “EuroHome” ticarət mərkəzində baş vermiş yanğın zamanı yüzlərlə icarədarların mağazalardakı malları yandı.

İcarədarlar onlara dəymiş ziyanın dövlətin ödəməsi üçün media vasitəsilə ölkə başçısına müraciət etmişdi. Qeyd edək ki, yanğın zamanı icarədarlara dəymiş zərərə görə maddi yardımın olunması nümunəsi “Diqlas” Ticarət Mərkəzi yananda baş vermişdi. Dövlət tərəfindən maddi yardımın məbləği bu qaydada müəyyən edilmişdi: mağaza, anbar icarəyə götürmüş zərərçəkmiş sahibkara - 10000 manat; piştaxta və digər sahə icarəyə götürmüş zərərçəkmiş sahibkara - 2000 manat.

Dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilmiş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev icarədarların tələblərinə münasibət bildirib: "Hansısa biznesmenə, böyük mülklərə sahib olan varlı bir adama dövlət niyə kömək etməlidir? Qətiyyən elə şey ola bilməz və hər kəs nəticə çıxarsın. Bu il zəlzələ olmuşdur. Üstündən cəmi 10 ay keçib, bütün əsas tikinti işləri artıq başa çatıb. Minlərlə ev tikildi, təmir və bərpa edildi. Bəziləri deyir ki, indi vətəndaşlar gərək bu evləri özləri bərpa etsinlər, gərək sığortalasınlar. Əlbəttə, gərək sığortalasınlar. Mən də söz düşmüşkən bunu deməliyəm, o cümlədən ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin.

Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı, bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır.

Pul qazanırlar, dövlət şərait yaradıb, harada belə şərait var?

Ölkələr var ki, od içindədir. Bizim bölgəmizdə, Yaxın Şərqdə, Avropada, Asiyada, Latın Amerikasında müharibələr, münaqişələr, qanlı toqquşmalar, kütləvi etirazlar, polis zorakılığı, dağıntılar baş verir. Bizdə sabitlikdir, kim yaradıb bunu, biz, kim faydalanır, bütün vətəndaşlar, o cümlədən sahibkarlar. Rahat yaşayırlar, heç kim onlara dəymir, əksinə, Prezident həmişə onları dəstəkləyir. Getsinlər camaata, kasıba əl tutsunlar. Biz o insana kömək edirik ki, onun ehtiyacı var. Şamaxıda, Ağsuda, İsmayıllıda zəlzələ baş verdi. Biz necə biganə qala bilərdik, vətəndaşlar qışda donsunlar? Ona görə biz dərhal vəsait ayırdıq, bütün qurumları səfərbər etdik və 10 ay ərzində qış gələnə qədər onların evləri tikildi və təmir edildi. Bax, bu, bizim məsuliyyətimizdir, o insanlar ki, doğrudan da, ehtiyac içindədirlər, o evləri özləri bərpa edə bilməzlər. İndi o evləri sığortalamaq üçün maarifləndirmə işləri aparılmalıdır. Ancaq hansısa biznesmenə, böyük mülklərə sahib olan varlı bir adama dövlət niyə kömək etməlidir? Qətiyyən elə şey ola bilməz və hər kəs nəticə çıxarsın”.

Maraqlıdır, sahibkarlarda sosial məsuliyyət niyə azdır?

Sosioloq Ağasəlim Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, əvvəlki illərdə Azərbaycan sahibkarlarının sığorta şirkətlərinə inamı-etibarı aşağı səviyyədə olub:

“Ümumiyyətlə, Azərbaycan vətəndaşlarının ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinə ümidi son dönəmlər formalaşır. Bu da səbəbi sığorta şirkətləri müəyyən dövrlərdə üzərlərinə götürdüyü öhdəlikləri qanunun tələb etdiyi çərçivədə yerinə yetirməməsi ilə bağlıdır. Bu cür faktlar az olmayıb. Amma son zamanlar müxtəlif növ sığorta mexanizmlərinin işə düşməsi müşahidə olunur. Bu da fövqəladə hallar zamanı sahibkarlar üçün bir növ qarant rolunu oynayır. İnam-etibarın az olması uzun müddət sığorta sistemi normal çalışmasına maneə yaradıb. Sahibkarlar da bu sistemə çox güvənmədiyi üçün sığortalanmaya maraq göstərməyib. Azərbaycanda fəaliyyət göstərən ticarət mərkəzlərində baş verən yanğınlar zamanı sahibkarlara milyonlarla manat dəyərində zərər dəyir. Problem təkcə həmin ticarət mərkəzlərində çalışan sahibkarların sığorta məsələsində deyil, eyni zamanda onların hüquqlarının hansı səviyyədə qorunması da sual doğurur. Bütün bu məqamlar ortaya çıxanda sahibkarların sosial məsuliyyət hissinin nədən az olması məlum olur”.

“Bazar rəhbəri istədiyi vaxt istədiyi sahibkarın mağazasını əlindən ala bilər”

Ekspert sahibkarların ticarət mərkəzlərinin rəhbərlərinə güvəninin az olmasından da danışıb: “Faktiki olaraq bu gün “Binə” və “Sədərək” Ticarət Mərkəzlərində çalışan sahibkarlara mülklər (dükanlar) satılıb. Sual olunur, 70-80 min manatdan 250-300 min manata qədər satılan bu mağazaların qarşılığında sahibkara mülkiyyət müqaviləsi verilibmi. Təbii ki, xeyir. Mağaza satılıb, amma ortada alqı-satqı müqaviləsi yox, icarə müqaviləsi var. Bu gün adını çəkdiyim ticarət mərkəzlərində işləyən sahibkarların heç birinin mülkiyyət hüquqi sənədi yoxdur. İcarə müqaviləsi olduğu üçün bazar rəhbəri istədiyi vaxt istədiyi sahibkarın mağazasını əlində alıb bazardan çıxara bilər. Bu ticarət mərkəzlərində vergi ödəmələri ilə bağlı şəffaflıq yoxdur. Bazar rəhbərliyi Vergilər Nazirliyinin bir funksiyasını həyata keçirir və bu işdə ifrat dərəcədə maraqlıdır. Eləcə də elektrik enerjisinin ödənməsi, daşımaçılıqla bağlı kifayət qədər problemlər var ki, bunlar hamısı sahibkarın sosial məsuliyyət hissinin olmamasına gətirib çıxarır. Sahibkar inamsızdır, bilir ki, mövcud “sistem” onların hüquqlarının tapdanmasına yönəlmiş istiqamətdə fəaliyyət göstərir. Bu sahibkarda güvəni azaldır”.

Ağasəlim Həsənovun sözlərinə görə, ticarət mərkəzinin rəhbərliyi tərəfindən sahibkarların hüquqları mütəmadi pozulur: “Məgər ticarət mərkəzlərində qanunlar təkcə sığorta ilə bağlı işlək vəziyyətdə olmalıdır? Sahibkarların digər hüquqları yetərincə qorunmur. Ticarət mərkəzinin rəhbərliyi tərəfindən sahibkarların hüquqları mütəmadi pozulur. Belə bir şəraitdə fəaliyyət göstərən sahibkar öz mal-mülkünü sığortalamaqda nə qədər maraqlı olar? Sosial məsuliyyət hissinin az olmasının səbəbləri sadaladığımız faktlardan qaynaqlanır. Sosial məsuliyyət hissinin aşılanması üçün sığorta şirkətləri də öz fəaliyyətlərində ciddi olmalıdırlar. Bu fəaliyyətlə də konkret olaraq sahibkarların işində dəstək nümayiş etdirməlidir. Əgər sahibkar öz mal-mülkünü sığortalayırsa, yaranmış fövqəladə hadisədə sığorta şirkəti öz öhdəliyini yerinə yetirmirsə, əlbəttə, sahibkarlar o şirkətlərə önəm verməyəcək. Amma ədalət naminə demək lazımdır ki, son dönəmlər bu istiqamətdə müəyyən irəliləyişlər müşahidə olmaqdadır. Yəni sığorta şirkətləri illər öncə vətəndaşlara qarşı məsuliyyətsiz davranışlarından uzaqlaşıb”.

Şərhlər

XƏBƏR LENTİ