XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Bakıda mənzillər həqiqətən bahalaşır, yoxsa bu da bir “oyun”dur?

Bakıda mənzillər həqiqətən bahalaşır, yoxsa bu da bir “oyun”dur?

Bakıda mənzillər həqiqətən bahalaşır, yoxsa bu da bir “oyun”dur?
25-11-2019, 14:03

Mətbuatda tez-tez rastlaşdığımız manşet başlıqlarından “Bakıda mənzillər bahalaşdı”, “Bakıda mənzillər ucuzlaşdı” məlumatlarını araşdıranda əslində heç bir əsasının olmadığını görürsən. Sanki hansısa tikinti şirkətləri daha çox alıcı cəlb etmək, alıcıların “nəbz”ini yoxlamaq üçün mətbuat vasitəsilə cəmiyyətə impuls ötürürlər.

“Alıcı kimi hər zaman ehtiyatlı olmaq lazımdır”

Ekspert Rəşad Əliyev Modern.az-a bildirib ki, əksər sahələrdə monopoliyanın müşahidə edildiyi bir zamanda daşınmaz əmlak bazarı daha çox rəqabətlidir:

“Burada istənilən informasiya tullantısı qısamüddətli şəkildə effektli ola bilir. Ona görə də əgər hətta belə bir hal olsa da, bu, bazarda qısa müddət ərzində müşahidə edilir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlakın alınması həm alıcı, həm də onu satan üçün uzun proseslərdəndir. Alıcı daşınmaz əmlak alanda axtarır, araşdırır və s. Yəni bu proseslər çərçivəsində onun bazardakı qiymətlər barədə ümumi təsəvvürü yaranır. Onun araşdırması nəticəsində isə “mənzillər bahalaşır”, yaxud “mənzillər ucuzlaşır” kimi dezinformasiyalar ölməyə başlayır. İstənilən halda bazar olduqca cəlbedicidir. Burada milyonlarla pul dövr edir və təbii olaraq, hər bir tərəfin öz maraqları var. Bunun üçün də belə informasiyaları normal qarşılamaq və alıcı kimi hər zaman ehtiyatlı olmaq lazımdır”.

Alıcı azlığı və qiymətlər...

R.Əliyevin sözlərinə görə, hazırda daşınmaz əmlak bazarında alıcı azlığı var:

“Yəni təklif tələbi üstələyib. Amma təəssüflər olsun ki, bu, özünü qiymətlərin enməsində göstərmir. Məntiqlə qiymətlər düşməlidir, amma tikinti şirkətləri mənzilləri daha ucuz satmaqdansa gözləmə mövqeyini seçməyi üstün tuturlar.

Ümumilikdə baxanda əgər ölkədə iqtisadiyyat inkişaf edir, gəlirlər artır, müxtəlif sahələrdə qiymətlər bahalaşırsa, daşınmaz əmlak bazarında da qiymətlərin qalxması normaldır. Hətta fundamental faktorlar olmasa da, qiymətlərdə heç olmasa inflyasiya səviyyəsində olan qiymət artımını normal qarşılamaq lazımdır. Yəni hər şey bahalaşırsa, mənzillərin qiyməti niyə bahalaşmasın?”

Köhnə “oyunçular” bazara qayıdır

Ekspert bildirib ki, son vaxtlar bazarı tərk edən “oyunçular”ın bazara qayıdışı müşahidə edilir:

“Hazırda demək olmaz ki, tikinti şirkətlərinin işi əla gedir, amma buna baxmayaraq satışlar həyata keçirilir. Məsələn, son zamanlar bazara əvvəlki “oyunçular” yenidən qayıdıb. 2013-cü ildə tikinti bumu vaxtı katlavandan mənzil alırdılar və bina tikildikdən sonra satmağa başlayırdılar. Son zamanlar bazarda həmin oyunçular yenidən görünməyə başlayıb. Məsələn, katlavan vaxtı, yəni binaların tikintisi başa çatmamış mənzilləri alırlar. Həmin vaxt qiymətlər nisbətən ucuz olur. Bina hazır olduqca satış qiymətləri artmağa başlayır.

Ümumilikdə daşınmaz əmlak iqtisadiyyatın güzgüsüdür. Bu sahədə vəziyyət çox pisdirsə, bu o deməkdir ki, ümumi iqtisadiyyatda vəziyyət pisdir. Bir sıra hallarda daşınmaz əmlak bazarındakı vəziyyət dramatikləşdirilir. Yəni deyirlər ki, heç kimin pulu yoxdur, alıcı yoxdur. Amma faktiki olaraq alıcılar var. Alıcı olmasa, tələbat olmasa, şirkətlər bu boyda binaları tikməzlər. Amma doğrudur ki, bəzi hallarda mətbuat vasitəsilə cəmiyyətə “bahalaşma”, yaxud “ucuzlaşma” məlumatları ötürülür”.

Bazar üçün yeni drayverlər

Onun fikrincə, daşınmaz əmlak bazarı üçün yeni drayverlər lazımdır.

“Alışlar və satışlar var, amma 2013-cü ildəki səviyyə ilə müqayisə olunmaz səviyyədədir. Artıq bazar üçün yeni drayverlər lazımdır ki, mənzil tikintisi inkişaf etsin, həm də satışların həcmi artsın. Bu da yəqin ki, növbəti illərdə ipoteka kreditlərinin fazilərinə yenidən baxılması, əhatə dairəsinin genişlənməsi yolu ilə canlanacaq. Çünki əksi mümkün deyil. Bir çox hallarda bizdəki daşınmaz əmlak bazarını xariclə müqayisə edirlər. Amma nəzərə almaq lazımdır ki, xaricdə satışların əksəriyyətində aşağı faizli ipoteka kreditləşməsindən istifadə olunur. Ona görə də onlardakı əmlak bazarında inkişaf gedir, tikinti sektoru canlanır. Amma bizdə bu drayver çox məhduddur. Genişlənməni müşahidə etsək, bazarda canlanmanın şahidi olacağıq”, - deyə Rəşad Əliyev bildirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.