SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Keçmiş nazirin bankı üç filialını bağladı - Palata AtaBanka yoxlama göndərdi

Keçmiş nazirin bankı üç filialını bağladı - Palata AtaBanka yoxlama göndərdi

Tarix:

18-11-2019, 14:02

/ 1 099 dəfə oxundu.
Keçmiş nazirin bankı üç filialını bağladı - Palata AtaBanka yoxlama göndərdi

Məlum olduğu kimi sabiq Vergilər Naziri Fazil Məmmədov iki ilə yaxındır ki, işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilməsinə baxmayaraq, onun barəsində problem dolu məsələlər səngimək bilmir, əksinə daha da geniş vüsət almaqdadır. Azərbaycan Prezidentinin yanında keçirilmiş son iqtisadi müşavirədə ölkə başçısı tərəfindən Fazil Məmmədovun fəaliyyətinin “biyabırçı” adlandırılması bir daha onu göstərir ki, eks nazir tərəfindən buraxılmış nöqsanların miqyası olduqca böyükdür və o, hələ də bağışlanılmamışdır.

Verilən məlumatlara əsasən, Fazil Məmmədov fəaliyyəti dövründə vergi ödəyicilərindən vergi ödənişi adı ilə bir neçə illər üçün qabaqcadan aldığı məbləğlərə görə sahibkarlarla, eləcə də batırdığı bəzi biznes fəaliyyətinə görə keçmiş tərəfdaşları ilə qalmaqallı borc mübahisələrindədir. Fazil Məmmədovun ən böyük qalmaqallı fəaliyyəti dəfələrlə bildirildiyi kimi sahibi olduğu AtaBankla bağlıdır.

Mediada geniş müzakirə olduğu kimi bu bankın fəaliyyəti reallıqda iflic vəziyyətdədir. Bankın heç bir bankomatında vəsait yoxdur. Bankın likvidliyi tamamilə aşağı səviyyədədir. Əmanətçilər öz vəsaitini bankdan geri ala bilmirlər. Sahibkarların bu bank vasitəsilə apardığı əməliyyatlar vaxtında həyata keçirilmir, nəticədə isə sahibkarların fəaliyyətində AtaBanka görə ciddi problemlər yaranmışdır.

Bankın getdikcə daha böyük zərərə uğraması fonunda, yaranmış vəziyyətdən çıxış üçün addımın atılması müşahidə olunmur. Müşahidə olunan isə ondan ibarətdir ki, Fazil Məmmədovun manevr məqsədilə bir neçə ay bundan öncə banka yerləşdirdiyi təcrübəsiz qohum-tanışları bankı qısa bir müddətdən sonra tərk ediblər. Belə səmərəsiz təyinatların hansı səbəbdən aparıldığı anlaşılan deyildir və bu təyinatlar bankın vəziyyətinə heç bir müsbət təsir göstərmir. Hər hansı maliyyə dəstəyinin göstərilmədiyinin aşkar görülməsinə baxmayaraq, bankın real vəziyyətinin nəzarət orqanına və ictimaiyyətə düzgün açıqlanmaması vəziyyəti daha da ciddiləşdirir.

Bank ciddi əməliyyat zərərinə uğrayaraq, demək olar ki, faiz gəlirlərindən də məhrumdur. Kredit portfelinin əksər hissəsi F.Məmmədovun öz şirkətlərindədir və bu kreditlər üzrə heç bir ödəniş aparılmır. Həmçinin, son zamanlar ölkə mediasında AtaBankın mövcud kredit portfelinin nəinki 90 faizinin qeyri-işlək olması, hətta bir hissəsinin etibarsız olması barədə də faktlar yayıldı.
Belə ki, bankın Şahin Co firmasına verdiyi 22,5 milyon dollar kreditin, eləcə də digər bir hüquqi şəxsə verdiyi 40 milyon dollar kredit müqaviləsinin etibarsız hesab olunduğu, bu məsələ üzrə məhkəmə mübahisəsinin davam etdiyi bildirilmişdir (mənbə haqqın.az saytı).
100 milyon manatdan çox vəsaitin bank tərəfindən hansı şəraitdə rəsmiləşdirildiyi və sonradan onun etibarsız hesab olunması məsələsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ciddi araşdırıldığı bildirilir. Bu məqsədlə bankın İdarə Heyətinin sədri, F.Məmmədovun bacısı oğlu Dəyanət Quliyevin bir neçə dəfə sorğu-sual edildiyi bildirilir.

Ehtimal olunur ki, qeyd olunan kreditlər pul şəklində verilmədiyi halda sənəd üzərində rəsmiləşdirilmiş, yəni F.Məmmədovun göstərişi ilə kimlərinsə “yüklənməsi” həyata keçirilmişdir. Bir müddət sonra isə, daha doğrusu F.Məmmədov nazir vəzifəsindən azad olunduqdan sonra müqavilələr zərərçəkmişlərin iddiası əsasında məhkəmə tərəfindən ləğv edilmişdir. Baxmayaraq ki, ləğv edilmiş bu kreditlər bankın yaydığı real olmayan maliyyə hesabatında hələ də kredit portfelində yer almaqdadır. Qeyd olunan məsələnin təhlili fakt üzrə bankın vəzifəli şəxslərinə qarşı cinayət işinin başlanmasına da səbəb ola biləcəyini istisna etmir.

Hazırki durumda müştəriləri təmin edə bilməyən bankın filialları onları bankın baş ofisinə yönəldirlər. Hər gün bankın baş ofisində əmanətini geri ala bilməyən müştərilər, əməliyyatlarını vaxtında keçirə bilməyən sahibkarların izdihamı yaranmaqdadır.

Bankın fəaliyyətindən ziyan çəkən insanlar Maliyyə Bazarlarına Nəzarət Palatasına çoxsaylı müraciətlər etməkdədirlər.

Verilən məlumata əsasən, hazırda banka Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən auditlər göndərilmiş, məsələnin ətraflı təhlili üçün geniş araşdırma aparılmaqdadır. Yoxlamanın nəticəsindən asılı olaraq bankın müqəddəratı barədə qərar veriləcəyi gözlənilir.
Ağır iqtisadi şərait səbəbindən qısa müddətdə bankın Heydər Əliyev prospektində yerləşən “Xəzər” filialı, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov” filialı və Gənclik metrosunun yaxınlığında yerləşən “Gənclik” filialı bağlanmışdır. Artıq həmin ünvanlarda filialların fəaliyyəti tam dayandırılıb. Bu tendensiya bankın ağır maliyyə durumuna görə digər filiallarının da bağlanacağına bir işarədir.
Məlumata görə bankın bu addımından sonra müştərilər daha çox narahatlıq hissi keçiriblər ki, bu da müştərilərdə bankın bağlanacağı barədə ehtimalları daha da artırmış oldu. Ekspertlər hesab edir ki, geniş əhali kütləsinin marağını və haqlı narazılığını nəzərə alaraq, bu bank barəsində mövcud vəziyyət düzgün olaraq ictimaiyyətə açıqlanmalı və əhalinin əlavə zərər görməməmsi üçün ciddi tədbirlər görülməlidir.

Hörmətlə : Namiq Zeynalov

Xalqxeber.Az

Şərhlər

XƏBƏR LENTİ